İnsanlara hürriyət, millətlərə istiqlal!

Perinatal Mərkəzdəki faciəyə görə kim(lər) günahkardır?

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında  intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın həyatını itirməsinə görə cinayət işi başlanıb, hadisənin araşdırılması ölkə rəhbərliyinin nəzarətindədir; baş prokuror: “Ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin...”

Yanvarın 8-də Respublika Perinatal Mərkəzində baş vermiş yanğın faciəyə səbəb olub. Mərkəzin yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşaq həyatını itirib.  

Bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) birgə məlumat yayıb. 

Bildirilib ki,  Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində mərkəzdə olan şəxslər təxliyə olunub: “İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, vəziyyətləri stabildir.

Perinatal Mərkəzdə yanğın: 4 körpə öldü

Dərin təəssüf hissi ilə qeyd edirik ki, mərkəzin yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Bunu jurnalistlərə müsahibəsində baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq. Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər.

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. “Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”. Bunu “Qafqazinfo”ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib.

Prezidentin köməkçisi Anar Ələkbərov Respublika Perinatal Mərkəzində hadisə  yerinə və yanğın zamanı tüstüdən zəhərlənənlərə baş çəkib

Anar Ələkbərov

Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzi 2009-cu ilin dekabr ayında istifadəyə verilib.  Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsidir. Mərkəz daha 6 regional perinatal mərkəzə təşkilati-metodik rəhbərlik göstərməklə yanaşı, ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardım göstərən müəssisələrin fəaliyyətini əlaqələndirir. Eyni zamanda bu mərkəzdə yüksək risk qrupuna daxil olan hamilə qadınlara konsultativ-diaqnostik yardım göstəriləcək. Tibb müəssisəsində biokimyəvi və genetik analizlər aparmaq üçün ən müasir şərait yaradılıb.

Respublika Perinatal Mərkəzinə yeni direktor 2022-ci ilin dekabrında təyin olunub. Mərkəzin direktoru vəzifəsi tanınmış mama-ginekoloq Mehriban Abasquliyevaya həvalə olunub. Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib.

Anar Ələkbərov Perinatal Mərkəzdəki güclü yanğın barədə: “Günahkarlar ciddi  şəkildə cəzalandırılacaqlar” - FOTO - Avtosfer.az

2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.

Türkiyə, Rusiya, Portuqaliya, Danimarka, Yunanıstan, Pakistan, İndoneziya kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.

2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub.

Yanğından təxliyə olunan 16 körpə Yeni Klinikaya yerləşdirilib. Kliniki Tibbi Mərkəzə isə 11 körpə daxil olub. Yanğına görə Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır. Bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova deyib. Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən 3-ü süni tənəffüs aparatına qoşulub.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR