Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın müdafiə naziri Pit Heqset Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmaq üçün danışıqlar masasına oturmağa necə məcbur ediləcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Pentaqon rəhbəri Brüsseldə Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun (Rammşteyn formatı) iclasında çıxışı zamanı bildirib ki, bunun əsas yolu Rusiyanın döyüş maşınını maliyyədən məhrum etməkdir.
Onun sözlərinə görə, hazırda Donald Tramp enerji qiymətlərini aşağı salmaq üçün Rusiyaya qarşı sanksiyaları artırmaq, həmçinin ABŞ-da yanacaq hasilatını artırmaq istiqamətində işləyir, digər ölkələri də buna təşviq edir: “Aşağı enerji qiymətləri enerji sanksiyalarından daha səmərəli istifadə ilə birlikdə Rusiyanı danışıqlar masasına oturtmağa kömək edəcək”.
Heqset həmçinin bildirib ki, Avropanın təhlükəsizliyini qorumaq NATO-nun Avropa üzvlərinin məsuliyyəti olmalıdır: "Bunun bir hissəsi olaraq, Avropa Ukraynaya əsas hərbi yardımların böyük əksəriyyətini təmin etməlidir. Bu təmas qrupunun üzvləri fürsətdən istifadə etməlidirlər".
Onun sözlərinə görə, bu, daha çox sursat və avadanlıqla təmin etmək, sənaye bazasını genişləndirmək və Avropanın üzləşdiyi təhlükənin səviyyəsini vətəndaşlara açıq şəkildə çatdırmaq deməkdir.
Pentaqonun rəhbərinin dediyinə görə, ÜDM-in yalnız 2 faizini müdafiəyə xərcləmək kifayət deyil, çünki prezident Tramp 5 faizini xərcləməyə çağırıb.
Pentaqonun rəhbəri vurğulayıb ki, gələcək sülh sazişi Rusiyanın Ukraynaya yeni hücumunu qeyri-mümkün etməlidir. Təhlükəsizlik zəmanətləri Ukrayna və Rusiya arasında Avropa və qeyri-Avropa qüvvələrinin yerləşdirilməsini əhatə etməlidir, lakin ABŞ qoşunları bunda iştirak etməyəcək. Həmçinin Ukraynanın NATO-ya üzvlük perspektivi danışıqlar prosesinin nəticəsi olmamalıdır.
Musavat.com
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ