İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pensiya dəllalığı” qalmaqalı: Eks-nazir, müğənni və baş həkim cinayət dosyesində – milyonluq dələduzluq!

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Rauf İsfəndiyarov müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda, dövlətə 1 milyon 600 min manat dəyərində zərər vurmaqda təqsirləndirilir.

İttihama görə, Rauf İsfəndiyarov Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından 2017-ci ilin may ayınadək qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb. Bundan başqa, Bakıdakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışarkən, Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

İstintaqla müəyyən olunub ki, İsfəndiyarov qulluq mövqeyindən istifadə edərək 136 nəfərə saxta yollarla əlillik dərəcəsi təyin edilməsi, pensiya təminatı, sosial müavinət və qulluq ödənişi vədi ilə ümumilikdə 1 milyon 600 min manat mənimsəyib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə və informasiya resurslarına bilərəkdən yalan məlumatlar daxil etməklə təkrar vəzifə saxtakarlığı törədib.

Təqsirləndirilən şəxs kimi tanınan Rauf İsfəndiyarov özünü ittiham üzrə təqsirli bilməyib. Onun vəkili Mirzə Xankişiyev bildirib ki, istintaq dövründə 90 nəfər dindirilsə də, yalnız Dəniz Əsədova zərərçəkmiş kimi tanınıb. Vəkil qeyd edib ki, əslində Əsədova və İsfəndiyarov bu işdə əlbir olublar, pulları isə Dəniz Əsədova şəxsən alıb.

Dəniz Əsədova isə mətbuat konfransında bildirib ki, əsl zərərçəkən odur. Müğənni qeyd edib ki, bu işdə əsas günahkarlar Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Rauf İsfəndiyarov, 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının keçmiş sədri Şahin Verdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadır. O, əvvəllər tibb sahəsində çalışdığını və bu şəxslərlə həmin vaxt tanış olduğunu deyib.

Əsədova iddia edir ki, tanışlarına pensiya düzəltmək adı ilə pullar toplanıb, amma bu pullar guya qanuni şəkildə istifadə olunmaq əvəzinə, saxta sənədlərlə mənimsənilib. Onun sözlərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin edildikdən sonra bu sahədə araşdırmalara başlanılıb və xeyli sayda şəxsin əlillik dərəcəsi ləğv olunaraq pensiyası kəsilib. Bundan sonra zərərçəkənlər arasında şikayətlər artıb.

Əsədova bildirib ki, özünün bu işdə adının hallanmaması üçün bir çox vətəndaşın pulunu geri qaytarıb və bunun üçün əmlaklarını satmalı olub. Lakin buna baxmayaraq, məhkəmə proseslərində əsas fiqurant kimi onun adı çəkilir.

Qeyd edək ki, Dəniz Əsədova keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da cinayət işi üzrə dindirilmişdi. O, saxta əlillik düzəltmə işi üzrə istintaqda ifadə verib.

2025-ci ilin fevralında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədova barəsində axtarış elan edilib. Səbəb onun məhkəmədən yayınması olub. Bu, onun barəsində çıxarılmış ilk axtarış qərarı deyil. 2022-ci ildə bəstəkar-müğənni Cabbar Musayevin xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında məhkəmə Dəniz Əsədovanı Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148 (təhqir) maddələri ilə təqsirli bilərək 6 ay müddətinə islah işlərinə cəlb edib. Onun barəsində ümumilikdə 4 ayrı cinayət işi məhkəmə icraatındadır.

E. Məmmədəliyev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR