Onlayn ictimai-siyasi qəzet
“Bir çox ölkədə olduğu kimi, Çində də ABŞ Prezidenti Donald Trampın açıqlamalarını, qərarlarını analiz edir və buna uyğun addımlar atırlar. Çin mətbuatında ABŞ siyasəti ilə bağlı “biz bunu əvvəl də görmüşük”, “qorxmağa ehtiyac yoxdur”, “çağırışlara cavab verməyə hazırıq” kimi yazılar dərc olunur. Bununla Pekin Trampın Çin məhsullarına qarşı artırmaq istədiyi rüsumlarından qorxmadığını göstərməyə çalışır”.
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq qeyd edir ki, bununla belə Çinin Qərbin texnoloji üstünlüklərindən asılılığı azalmayıb:
“Çinin keyfiyyətli çip istehsalı ABŞ, Avropa və Yaponiyanın çip istehsalından geri qalır. Çin sanksiyalar və qadağalar səbəbindən Qərbin aparıcı texnologiyalarını əldə edə bilmir. Vaşinqton illərdir Çini ABŞ-ın texnologiyalarını oğurlamaqda ittiham edir. Bu isə iki dövlət arasında kibermüharibələrə səbəb olub. Kibermüharibələrin Trampın prezidentliyi dövvründə də davam edəcəyini proqnozlaşdırmaq olar.
Donald Tramp 2019-cu ildə də Çinlə ticarət müharibəsi aparıb. Çin həmin illərdə çox geri düşməyib. Çin sənayesi və bu ölkənin böyük bazarı müavimət göstərmək qabiliyyətindədir. Çin iqtisadiyyatı ildən-ilə böyüməkdə davam edir. Pekin hazırda Vaşinqtona boylanmadan siyasi, iqtisadi və hərbi gücünü artırır. Pekin Moskva ilə birlikdə çoxqütblü dünyanın formalaşmasına çalışır. Doğrudur, Tramp Rusiya-Çin ittifaqını zəiflətmək üçün Kremllə dialoqu genişləndirib”.
Elxan Şahinoğlunun fikrincə, Kreml Tramp administrasiyası ilə dialoqda maraq olsa da, Çinlə ittifaqdan imtina etməyəcək və Kreml hazırda yeni siyasi layihə üzərində işləyir. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında son çıxışı zamanı Avrasiya bölgəsində yeni birliyin yaradılması zərurətini vurğulayıb:
“Lavrovun sözlərinə görə, Rusiya üçün artıq Avrasiya İqtisadi Birliyi, Müstəqil Dövlət Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yetərli deyil. “Bu birliklər Avrasiyanın bütün ölkələrini əhatə etmir” deyən Lavrov daha böyük təşkilata ehtiyac olduğunu bildirib. Aydındır ki, Kreml yeni birlik vasitəsilə Avrasiyada çoxqütblü dünyanın yeni qütbünü yaratmaq istəyir və bu məsələdə onun əsas müttəfiqi Çin olacaq. Ancaq belə bir ittifaqın Avrasiya ölkələrinin tamamının, o cümlədən Azərbaycanın maraqlarına cavab verəcəyi sual altındadır”.
Xalidə Gəray
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ