İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəhrizin səbəb olduğu xəstəliklər: Metobalizmi zəiflədən qidalar hansılardır? - AÇIQLAMA

Boğazımızdan keçən hər qidanın orqanizmə bir xeyri varsa, bir də ziyanı var. Bu da baxır onun kalori miqdarına. Bəzən insanlar az-az və tez-tez yeməyin sağlam qidalanma növü olduğunu düşünür. Kalorili qidaları gün ərzində nə qədər də yesəniz nəticədə artıq çəki və bir sıra sağlamlıq problemlərinə zəmin yaratmış olursunuz.

Diyetoloqlar deyirlər ki, insanlar gündəlik əvəzinə yedikləri qidaları telefona yazsalar, həm qəbul edilən kalori miqdarına, həm də qidalanma saatlarına nəzarət etmiş olarlar.

Gün ərzində üç dəfə yemək həkimlərin əsas məsləhətidir. Hansısa yemək növbəsini ixtisara salıb ötürmək arıqlamaya ən böyük zərbədir. Bir illik araşdırma nəticəsində məlum olub ki, yediklərini yazanlar pəhriz saxlayan digər adamlarla müqayisədə üç kilo daha çox çəki itirib.

Lakin bəzən pəhriz saxlayan insanların çəki atdıqca üzə çıxan bir sıra xəstəlikləri olur. Bu barədə sosial şəbəkələrdə də paylaşımlara rast gəlinir. Artıq çəki orqanizmi sanki güclü saxlayır, arıqladıqca isə ciyər və ürəklə bağlı bir sıra problemlər üzə çıxmağa başlayır.

Mövsüm dəyişən ərəfələrdə, virus infeksiyaların oyandığı dönəmlərdə pəhriz saxlayan şəxslərin orqanizmində müşahidə edilən nisbi zəifləmələr az deyil.

Bəs onda pəhriz zamanı xüsusilə diqqət edilməli məqam hansıdır? İnsanlar hansı qidalardan istifadə etməlidir ki həm pəhriz, həm də metabolizm zəifləməsin?

Elə insanlar varmı ki, artıq çəki ilə paralel hansısa xəstəliklərdən əziyyət çəksinlər və onlara pəhriz qadağan olunsun?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını diyetoloq Leyla Nur cavablandırıb.

O bildirib ki, mövsüm dəyişən zamanlarda virus infeksiyalara yoluxur və müalicə prosesi uzun çəkirsə bu, həmin şəxslərin immun sisteminin zəif olmasından irəli gəlir:

“Bu məqamın pəhriz saxlayıb-saxlamamaq ilə əlaqəsi yoxdur. İmmun sistemi də birbaşa qida rasionumuzla əlaqəlidir. Amma pəhriz saxlasa da, saxlamasa da insan sağlam qidalanmır, sağlam həyat tərzi sürmürsə immunitet aşağı olacaq. Bu gün cəmiyyətdə pəhriz ilə bağlı insanların şüuruna yerləşdirilən yanlış informasiyalar çoxdur”.

Diyetoloq xüsusi ilə vurğulayıb ki, pəhrizin düzgün formada təşkili çox önəmli məsələdir:

“Hansı insanlar ki pəhriz saxlayan zaman düzgün bölgü aparmır və günlərlə ac qalır. Bu doğru deyil. Təbii ki, belə olanda səhhətinizdə problemlər olacaq. Yanlış məqamlardan biri də pəhriz zamanı qidaların rəngarəngliyinə diqqət etməkdir. Çox az qida qəbul etmək, eyni qidalardan istifadə etmək, lifli qidalar istifadə etməmək və s. doğru deyil. Hətta bəzən yağsız, duzsuz, ədviyyatsız qidaları pəhriz zənn edirlər. Bu sadalananlardan zəruri miqdarda istifadə etmədikdə insan orqanizmi pozulur, immunitet zəifləyir. Pəhriz uğurlu olmadığı üçün də çəki atmaq mümkün olmur.

Qidalanma balanslaşdırılmış və yetərli formada təşkil edilməlidir. Yəni, hər bir insanın qida və kalori tələbatı individualdır. Bunun az olması da, çox olması da problem yarada bilər. Bizim istehlak etdiyimiz qidaların tərkibində həm zülallar, həm yağlar, həm də karbohidratlar zəruri miqdarda olmalıdır. Qida rasionumuza ət, yağ, çərəz, meyvə, taxıl, tərəvəz və s. istehlak etməliyik və fikir verməliyik ki, orqanizmin tələbatı olan vitamin, mineralları qəbul edək”.

Leyla Nur qeyd edib ki, qəbul etdiyimiz qidaların paketlənmiş, zavod istehsalı olmamasına diqqət etsək daha çox effekt almış olarıq:

“Hər bir qidanı mümkün qədər təbiətdən gəldiyi formada, kimyəvi maddələrə çox az miqdarda məruz qalmış halda istehlak etmək yaxşıdır. Qidaların konservləşdirilməsi tərkibinin təbiiliyini itirməsinə səbəb olur.

Eləcə də hazırda atmosferin çirklənməsi səbəbindən günəşdən, torpaqdan kifayət qədər vitamin və minerallarla təmin oluna bilmirik. Qidalarımızı nə qədər seçsək də orqanizmin vitamin və mineral ehtiyacları zəruri miqdarda ödənmir. Buna görə də immunitetin güclü olması üçün vitamin qəbulu, xüsusilə də D vitamini önəmlidir. Bizim D vitamini almalı olduğumuz Günəşin U və B şüaları yer səthinə çatmır. Buna görə də insanlar arasında 99 faiz D vitamini çatışmazlığı var. Bu səbəbdən də mütəmadi D vitamini qəbulu tövsiyə edilir”.

“Piylənmə özü ayrı bir xəstəlikdir və müalicə tələb edir. O özü ilə bərabər paralel xəstəliklərə gətirib çıxarır ki, günümüzdə piylənmə ilə əlaqəsi olan ən geniş yayılan xəstəlik TİP-2 diabetdir. Burada qidalanma mütləq nizamlı olmalıdır. Bəzən deyirlər ki, TİP-2 diabet varsa, ömür boyu dərman içmək lazımdır. Xeyr, bu yanlış yanaşmadır. Əgər insan qidalanma vərdişlərini dəyişir, sağlam həyat tərzi prinsiplərinə riayət edirsə, paralel olaraq həkimin təyinatlarına düzgün riayət etməklə bundan sağala bilər”-, deyə diyetoloq qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR