İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəhləvinin oğlu ABŞ-dan İrandakı etirazçılara səsləndi - Güneyin seçimi nə olacaq?

İranda nümayişlər yüksələn xətt üzrə inkişaf edir, itkilərin sayı artır; soydaşlarımız arasında da həlak olanlar var; prezident Rəisi isə Təbrizdə...; təhlilçilərimizdən ilginc açıqlamalar

İran İslam Respublikası ikinci həftədir ki, küçə etirazları ilə çalxalanır. 22 yaşlı kürd qızı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı qətlə yetirilənlərin sayı artıq 55 nəfərə çatıb.

Bu barədə İranın dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besiç” əməkdaşları da daxil olmaqla? 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Bununla yanaşı, ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi də vurğulanıb. Bəllidir ki, etirazlar Güney Azərbaycanı da bürüyüb. Lakin hələ ki hərəkat kortəbii xarakter daşıyır, təşkilatçılıq yoxdur. Ümumən ölkə üzrə rejimə qarşı etirazlara rəhbərlik edəcək lider gözə dəymir ki, bu da suallar doğurur.

Qeyd edək ki, Cənubi Azərbaycanın şəhər və kəndləri də daxil olmaqla, çox ciddi qarşıdurmalar baş verir. İran prezidenti İbrahim Rəisi gənc qızın ölümünə səbəbkar olanların araşdırılacağını vəd etsə də, bu istiqamətdə nəinki addım atılmayıb, əksinə, qətlə yetirilənlərin sayı saatbasaat artır. Çox təəssüf ki, həlak olan dinc etirazçılar sırasında soydaşlarımız da var.

İran prezidenti Rəisi Təbrizdə müəmmalı şəkildə həlak olan Hüseyn Ocağı adlı yarım hərbi “Bəsic” qrupunun üzvünün dəfni ilə bağlı açıqlamasında təbrizliləri ələ almağa çalışıb. (Gunaz.TV) Təbrizlilərin “vilayəti fəqih”i dəstəklədiklərini iddia edən Rəisi etiraz aksiyasına qatılanları “iğtişaşçı və təxribatçı” adlandırıb. Azərbaycanın İranın istiqlal və ərazi bütövlüyünün qorunub saxlanılmasında əsas rol oynadığını deyən İran prezidenti Azərbaycanı “İran istiqlaliyyətinin təməl mərkəzi” adlandırıb. “Bu torpağın vilayəti dəstəkləyən xalqı, yüz minlərlə şəhidin qanı bahasına başa gələn inqilabı təşkilatlandırılan iğtişaşçı, provokator və islam cümhuriyyətinə düşmən qüvvələrin qarşısında müdafiəsiz qoymayacaqlar”, - deyə İbrahim Rəisi dar ayaqda azərbaycanlılar barədə bundan öncə də İran rəsmilərinin şablon fikirlərini təkrar edib.

Aşkar şəkildə görünür ki, rejim qətllərə bəraət qazandırmaq üçün süni “əsaslar” yaratmağa çalışır.

Baş verənlərə hətta deputatlar da etiraz etməkdədir. Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərindən İran parlamentinə göndərilən Qulmarza Nuri Qızılca əxlaq polisinin hərəkətlərini tənqid edib. O, İranda əxlaq polisinin məcburi hicab qaydaları ilə bağlı hərəkətlərini tənqid edib və bunun əks-effekt verdiyini deyib.

“Ölkədə kimlər hicab məsələsini bu yerə çatdırdı? Biz ona görə bu işin İslam və iffətə xeyir vermədiyini deyirik. Bu hərəkətlər cəmiyyətin hicablı kəsimini də bizdən uzqlaşdırır”, - deyə Ocan nümayəndəsi bildirib. O, əxlaq polisi tərəfindən həbs edilənlərin bundan məmnun qalmadığını və əks-reaksiya verdiyini söyləyib. “Qolçomaq və ya bir idmançının xalqın qızını götürüb əxlaq polisi maşınına atmasını bunlar peyğəmbərin hansı hərəkətləri və buyuruqlarında kəşf ediblər”, - deyə Qulamrza Nuri Qızılca qeyd edib.

Maraqlıdır ki, bu arada ABŞ-da mühacir həyatı yaşayan İran şahının oğlu, şahzadə Rza Pəhləvi televiziya müxbirlərinə müsahibəsində etirazların sərt şəkildə yatırılması fonunda İran hüquq-mühafizə orqanlarının nümayəndələrini seçim etməyə çağırıb: “Çünki sabah onlar öz əməllərinə görə cavabdehdirlər. İnsanlar (etirazçılar) deyirlər ki, biz qisas almayacağıq və sizi (güc strukturu adamlarını) qəbul edirik, bizə qoşulun və sistemi müdafiə etməyin. Bu gün seçimini etməlisən, çünki sabah öz əməllərinə görə cavabdeh olacaqsan”, - deyə o qeyd edib. Pəhləvi həmçinin bildirib ki, etirazçılara beynəlxalq dialoq üçün müxalifətin vahid siması təqdim edilməlidir. O, habelə siyasi qruplar arasında həmrəyliyə ehtiyac olduğunu vurğulayıb: “Sabah bizim İranda fərqli siyasi yanaşmalar ola bilər, lakin bu mərhələdə bizim ümumi məqsədimiz var - ölkəni xilas etmək”.

Bəs bu çağırışa xalqın reaksiyası necə olacaq, olacaqmı? Hərəkatın hansısa rəhbərinin meydana çıxması mümkünmü? Mövcud vəziyyətdə güneylilər üçün doğru seçim hansıdır? İranda budəfəki etirazların sonu necə görünür?

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rza Pəhləvi hakimiyyəti zorla ələ keçirmiş mütləqiyyətin nümayəndəsidir və müasir hüquqi anlayışlarla legitim hakimiyyətin varisi deyil: “Bu gün həm Səfəvilərin, həm də Qacarların nəslinin davamçıları var və bu baxımdan, onlar da özlərini şahzadə adlandıra və sülalə hakimiyyətlərinə rəhbərlik etmiş monarxların nümayəndələri kimi çıxış edə bilərlər. Rza Pəhləvi ABŞ, Fransa və Kanadanın gələcəkdə İranın parçalanmaması üçün qoruyub saxladıqları fiqurdur və İran daxilində ciddi dəstəyi olmayan bir şəxsdir. Bu baxımdan, onun fikirlərinin toplumsal olaraq, İranın ictimai rəyinə təsirindən söhbət belə gedə bilməz. İrandakı proseslərin inkişaf dinamikasına gəldikdə isə indiki mərhələdə ciddi siyasi kataklizmlərə və rejim dəyişikliklərinə gətirib çıxarmayacağını söyləyə bilərəm. Çünki hazırda proseslər kortəbii, xaotik formada cərəyan edir. Ölkənin xaricində yaşayan, müxtəlif xalqları, o cümlədən çoxluğu - Güney Azərbaycan türklərini təmsil edən şəxslərin də ciddi sosial dayaqlarının olmadığını düşünürəm. Baş verənlər, ola bilsin ki, rejimin müəyyən yumşalmalara və siyasi, mədəni azadlıqlara getməsinə imkan yaratsın. Şübhəsiz ki, bu ehtimaldır, olmaya da bilər”.

Amma E.Mirzəbəyli hesab edir ki, bütün hallarda İranın indiki rejiminin öz sosial dayaqlarından məhrum olduğu göz qabağındadır: “Rejimin reformasiyası isə mümkün deyil və bu baxımdan gec-tez İrandakı teokratik avtoritarizm çökəcək. Bunun üçün isə Güney Azərbaycan türkləri də daxil olmaqla, İranda yaşayan bütün xalqların ölkənin demokratikləşməsi uğrunda fəal mücadilə aparmaları vacib amildir. Güney Azərbaycan türkləri ölkə əhalisinin çoxluğunu təşkil edən bir toplum kimi prosesin lokomotivi rolunu oynamalıdır və bu ölkədə yaşayan bütün xalqların teokratik avtoritarizmin məngənəsindən xilas olması üçün birgə mübarizəni təşkil etməli, proseslərin ön cərgəsinə çıxmalıdır. Əks təqdirdə, hazırda müşayiət etdiyimiz aktivlik nümunələri nə Güney Azərbaycanın, nə də İranın digər türk xalqlarının maraqlarına uyğun deyil”.

Analitik qeyd etdi ki, Qərbin İranın demokratikləşməsi prosesində türklərə dəstək verməyəcəyi, nüfuz etdiyi digər ölkələrdə olduğu kimi, daha asan idarə edə biləcəyi etnik qruplara üstünlük verəcəyi şübhə doğurmur: “Biz "İran müxalifəti" adı altında Qərb dövlətlərində və beynəlxalq təşkilatlarda hansı etnik qruplara dəstək verildiyini indidən müşahidə edirik. Güney Azərbaycan türkləri dəfələrlə İranda öz milli, mədəni haqları uğrunda mücadiləyə qalxıblar, onlara qarşı ən amansız repressiyalar gerçəkləşdirilib, amma nə ABŞ, nə də digər Qərb dövlətləri, eləcə də onların himayəsi altında olan beynəlxalq təşkilatlar baş verənlərə heç bir reaksiya verməyiblər. Əgər İranda hicaba görə qətlə yetirilən qadın Güney Azərbaycan türklərinin təmsilçisi olsaydı, sizi əmin edirəm, beynəlxalq təşkilatlar və Qərb koalisiyası baş verənlərə indiki qədər ciddi reaksiya verməyəcəkdilər. Bu baxımdan, İran adlanan dövlətdə, öz tarixi torpaqlarında yaşayan türklər tarixi missiyalarını dərindən dərk etməli, güc olduqlarını başa düşməli, İranın demokratikləşməsinin aparıcı və istiqamətləndirici gücünə çevrilməlidirlər. Demokratik ölkədə isə çoxluğun öz milli haqlarına sahiblənməsi üçün ciddi maneələrin olmayacağı qənaətindəyəm".

Pandemiya sonrasında korrupsioner məmurlara qarşı mübarizənin növbəti  dalğası gözlənilir”-TURAL İSMAYILOV – EtikXəbər

Tural İsmayılov

Politoloq Tural İsmayılov xatırlatdı ki, İran hakimiyyəti uzun müddətdir ölkə daxilində islahatlar aparmır: “Danılmaz faktdır ki, ölkədə sosial-iqtisadi durum da ürəkaçan deyil. Uzun müddətdir bütün basqılara rəğmən, İranda həyat şəraitinin o qədər də yaxşı olmamağı haqqında müxtəlif rəyləri eşidirik. Həmçinin ölkədə demokratiya və insan haqlarından danışmaq, ümumiyyətlə, qeyri-mümkündür. İran hakimiyyəti daxildə islahatlar aparmaq yerinə, xarici düşmən obrazları uyduraraq cəmiyyətin beynini bulandırmağa çalışıb uzun illər. Reformalar yerinə, İrana bağlı media resurslarında daim Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparılıb. Nəticədə cəmiyyət sosial partlayış həddinə gəlib və bu gün baş verənlər kənardan böyük təəssüflə qeyd edilir”.

T.İsmayılov hesab edir ki, hazırda İrandakı aksiyalarda hansısa liderin olmaması da təbiidir: “Bunun əsas iki səbəbi var. Birincisi, İranda sistem əleyhinə olan bütün müxalif fəallar sıradan çıxarılıb. İran müxalifətində aksiyalara öncüllük edəcək adamlar ya həbsxanadadır, ya da ölkədən qaçıb. İkincisi, bu, ümumxalq dirənişi olduğu üçün burada kiminsə öndə olmağı elə də labüd deyil. Prosesi xalq aparır və burada siyasi qüvvələr aparıcı rol oynaya bilməz”. Ekspert qeyd etdi ki, ölkədə Pəhləviyə də o qədər inam yoxdur: “İran xalqı şahlıq rejiminin qalıqlarının da ölkəni dəyişəcəyinə inanmır, məncə. Bundan sonra hansısa şəxslərin aksiyalarda liderliyi mümkün ola bilər, amma siyasi simalar olacağını zənn etmirəm. İranda yaşayan azərbaycanlılar da digər etnik kimliklər kimi məsələdə vahid mövqedən çıxış edirlər. İrandakı indiki aksiyalar milli xarakter daşımır hazırda. Burada etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs küçələrə çıxıb. Amma proses tam idarəolunmaz olarsa, başqa nüanslar da ortaya çıxa bilər. İranda budəfəki etirazlar mütləq mənada nələrisə dəyişəcək. Amma bu dəyişikliklərin nə olduğunu gələcək göstərəcək”.

Proseslərin davamlı xarakter alacağı isə şübhə doğurmur. Yayılan məlumata görə, hökumət məmurlarının sərt müdaxiləsinə baxmayaraq, İranın müxtəlif şəhərlərinin universitetlərində tətil aksiyalarına və kütləvi etirazlara çağırışla bağlı bildirişlər yayılıb. Həmədan, Əhvaz, Tehran, İsfahan və başqa bir neçə şəhərin öyrənciləri müəllimləri də aksiyalara qoşulmağa, xalqa dəstək verməyə çağırıblar. Bununla yanaşı, İran Təhsil İşçiləri Həmkarlar İttifaqlarının Koordinasiya Şurası bəyanat yayıb. “Xalq etirazlarının kütləvi şəkildə yatırılması, bəzi məktəblərin kazarmaya çevrilməsi və nümayişlərə qatılan öyrəncilərin həbsinə etiraz edirik”, - bəyanatda belə deyilir. Bəyanatı imzalayanlar müəllimləri və öyrənciləri bazar ertəsi və çərşənbə axşamı tətil etməyə çağırıblar. Tələbələrin tətilə başlaması isə sıradan bir məsələ deyil...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR