İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla sabahkı görüş - Bakı ümidlidir, İrəvanda müəmma...

Erməni müxalifəti oktyabrın 5-də mitinq çağırışı edib və Qarabağdan köçən ermənilərin də aksiyada iştirakına nail olmaqla, iğtişaş yaratmağı planlayır

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edib. Azərbaycanın sülh müqaviləsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirdi, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub. 

Azərbaycan Prezidenti antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb. Prezident İlham Əliyev Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.

Ekspertlərin fikrincə, Ermənistandakı hazırkı qarışıq vəziyyət İrəvanın bu görüşlə bağlı əhval-ruhiyyəsinə təsirsiz ötüşməyə bilər. Yada salaq ki, müxalifət, ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 5-dək istefasına nail olmağı hədəfləyirdi.

Paralel olaraq Ermənistan ordusunun Azərbaycanın mövqelərini atəşə tutması sabahkı  danışıqlara qarşı birmənalı şəkildə təxribatdır. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistandan açılan snayper atəşi nəticəsində Azərbaycan hərbçisi şəhid olmuşdu. Eyni zamanda oktyabrın 2-sində Azərbaycan və Rusiyanın Xankəndidəki birgə patrul xidmətinin əməkdaşlarına snayper atəşi açılıb, xoşbəxtlikdən tələfat olmayıb.

Heç şübhə yoxdur ki, Ermənistan və Qarabağdakı xunta rejiminin qalıqları sonadək təxribatları davam etdirməklə müqavimət göstərdikləri barədə havadarlarına mesaj vermək, onlardan maddi yardım, siyasi dəstək almaq istəyirlər. Lakin ABŞ Dövlət Departamentinin sözçüsünün erməni iddialarına cavab verməklə düşməni pərt vəziyyətə salması, həmçinin BMT-nin Qarabağa ezam olunan missiyasının hər hansı məcburi erməni köçünün baş vermədiyi, Azərbaycan dövlətindən ermənilərin heç bir şikayətinin olmadığı barədə faktları yerindəcə təqdim etməsi Ermənistandan maşa kimi istifadə edən qüvvələrin də əl-qolunu bağlayıb. Azərbaycan dövlətinin Qarabağın hər yerində sosial, iqtisadi, humanitar, tibbi layihələri işə salması, reinteqrasiya ilə bağlı inamlı addımlar, Yevlax və Xocalıdan sonra Xankəndidə daha yüksək səviyyədə, Prezidentin tapşırığı ilə yaradılmış işçi qrupunun rəhbərinin erməni sakinlərlə görüşməsi, Qarabağ ermənilərinin ilk qrupunun Azərbaycan vətəndaşlığını alması, vətəndaşlıq alanlara güzəşt və imtiyazların elan olunması və sair addımlar rəsmi Bakının sözü ilə əməlinin, imzasının eyni olduğunu bir daha nümayiş etdirdi. Lakin bütün bunlara baxmayaraq, rəsmi Bakının sülhə inamla addımladığı bu ərəfədə, İspaniyadakı sabahkı görüşdən öncə də İrəvanda müəmmalı vəziyyət hökm sürür. Paşinyan hökuməti yalnız dildə sülhə hazır olduğunu nümayiş etdirir. Radikal müxalifət isə növbəti irimiqyaslı aksiyasını təyin edib. Paşinyan indi dilemma qarşısına qalıb, ya sülhə imza atır, kreslosuna, yaxud həyatına vida edir - erməni terrorçuları onu davamlı təhdid edirlər - ya da status-kvonu saxlamaq üçün taym-aut götürür, təxribatların seriyasını uzadır, Ermənistanın növbəti zərbələr almasına səbəbkar olur. Qarşıdakı günlərdən və konkret olaraq İspaniya görüşündən gözləntilər barədə ekspertlərimizin maraqlı yanaşmaları var.

Bakupost.az - Prezidentliyə daha bir namizəd - Akif Nağı

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın son qələbəsi, suverenliyimizin tam bərpa olunması regionda vəziyyəti dəyişib: “Qarabağda yaşayan ermənilərin əksəriyyəti artıq oranı tərk edib. Bununla Ermənistanın və onun havadarlarının manipulyasiya etdikləri amillərdən biri aradan qaxıb. Paşinyan hökuməti Qarabağ "yükü"ndən əsasən xilas olub. Ermənistanın daxilində də Paşinyana müqavimət göstərəcək siyasi və ya hərbi qüvvə qalmayıb. Rusiya Paşinyanı devirmək haqqında düşünür, amma Ermənistanda azacıq da olsa, söykənmək üçün siyasi dayaq tapa bilmir. ABŞ Ermənistanda güclənməyə, bunun üçünsə “Qarabağ yarası”nı unutdurmağa çalışır. Böyük ehtimalla, Qarabağdan çıxan ermənilər Qərb ölkələrində yerləşdiriləcək, onlardan Azərbaycan və Türkiyəyə qarşı, hətta Rusiyaya qarşı təxribatlarda alət kimi istifadə edəcəklər".

Tarix üzrə mütəxəssis olan Akif bəy xatırlatdı ki, ermənilər bu iş üçün yaranıblar, başqa heç nəyi bacarmırlar: “Anqlikan Kilsəsinin işə qarışması maraq doğurur. Görünür, Fransa-İngiltərə birliyinə ingilislər də qoşulmaq istəyir. Ona görə də din xadimlərini göndərməklə fəallaşmaq istəklərini çatdırmaq istəyirlər”.

Partiya sədri qeyd etdi ki, Azərbaycan sülhdə maraqlıdır, amma sülhsüz də yaşaya bilər: “Bütün deyilənlərin fonunda Ermənistanın Qranadada sülh müqaviləsini imzalayacağı real görünmür. Amma yuxarıda dediyimiz vəziyyət dəyişməsə, yeni amillər ortaya çıxmasa, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər”.

Ermənilər bu cəsarəti hardan alır?" - İlham İsmayıl

 İlham İsmayıl

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, Qranada görüşü sülh müqaviləsinin imzalanması yolunda açar rol oynayası deyil: “Antiterror əməliyyatınadək bu görüş bəlkə də Paşinyanın sülh üçün irəli sürdüyü "beynəlxalq mexanizm tətbiq etməklə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi" şərti ətrafında Azərbaycana məsləhət, təsir, hətta təzyiq formasında keçəcəkdi. Oktyabrın 5-də isə bu görüş Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağda yaşamaq istəyən ermənilərin reinteqrasiya prosesinin humanist prinsiplər əsasında baş verəcəyinə ümid və inam bildirilməsi və iki ölkə arasında sülh müqaviləsinin tezliklə imzalanması üçün zəruri addımların atılmasına çağırışların səslənməsi ilə yadda qalacaq. Azərbaycan Prezidentinin “görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlıq” deməsi də görüşdən konkret nəticənin gözlənilmədiyinə işarədir". Ermənistanın mövqeyinə gəldikdə, İ.İsmayıl qeyd etdi ki, strateji hədəfi üçün Paşinyan bəlkə də indiki situasiyanın əlverişli olduğunu düşünsə də, ölkəsindəki qarışıq vəziyyətə görə onun yenidən hansısa qəbulolunmaz şərtlərdən danışması da gözləniləndir: “Müxalifət oktyabrın 5-də və 6-da mitinq çağırışı edib və Qarabağdan köçən ermənilərin də mitinqdə iştirakına nail olmaqla, iğtişaş yaratmağa və Paşinyanı istefaya göndərməyi planlayır. Paşinyanın ölkədə olmamasını da fürsət kimi dəyərləndirən müxalifət Qarabağı bəhanə gətirərək, hakimiyyət uğrunda mübarizə aparır və rusiyayönümlü birinin hakimiyyətə gəlməsinə çalışır. Paşinyan Qərbin köməyi ilə müxalifətin planları haqqında bütün informasiyalara malikdir və həmişə olduğu kimi, preventiv tədbirlər görüb və qeyd edək ki, güc strukturları, mühafizə bu illərdə Paşinyana sadiqliyini nümayiş etdirib, eyni zamanda cəmiyyətin böyük kəsimi də müxalifəti dəstəkləmədiyi üçün onların uğur qazanması mümkünsüz görünür. Amma sülh müqaviləsinin imzalanmasının ilin sonunadək baş tutacağı yaranmış situasiyada daha real görünür”.

Biz əbədi olaraq Şuşada yaşayacağıq- İlyas Hüseynov - "İki sahil"

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə məsələyə bir az fərqli prizmadan yanaşır. Hesab edir ki, Avropa siyasi birliyi formasiyasının yaranması ümumavropa təhlükəsizlik sistemində olan boşluqlarla bağlıdır: “Bir sıra dövlətlər NATO ilə yanaşı, digər bir instituta ehtiyac olduğunu da bildirirlər. Breksitdən sonra Avropanın özünün qoşunlara malik olması mülahizələri getdikcə çoxalmaqdadır. Rusiya-Ukrayna müharibəsi fonunda siyasi bir platforma kimi meydana gələn Avropa siyasi birliyinə Rusiya və Belarusun dəvət olunmaması xüsusi mesajlar daşıyır. Ötən dövrdə Praqa və Kişineuda Azərbaycan və Ermənistan liderinin görüşü bir sıra mühüm məqamlarla yadda qalıb. Xüsusilə vurğulamaq lazımdır ki, Avropa İttifaqı müstəvisində keçirilən görüşlərdə ənənəvi olaraq moderator qismində çıxış edən Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə yanaşı, Fransa lideri Makron və Almaniya kansleri Şolts da diplomatik masada tərəfdirlər”. Politoloq qeyd etdi ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirlərini uğurla həyata keçirdikdən sonra İspaniyanın Qranada şəhərində keçiriləcək görüş Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün bir fürsət kimi dəyərləndirilir: “Ermənistanın daxilində ictimai-siyasi vəziyyətin ağır olmasına rəğmən, baş nazir Nikol Paşinyan tarixi imkandan istifadə etməlidir. Rusiya faktorunu da nəzərə almaq lazımdır. Rusiya ümumiyyətlə Avropa və ABŞ-da keçirilən bütün görüşlərə qısqanclıqla yanaşır. Buna baxmayaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 86,6 min kvadrat kilometr ərazisini tanıyan Ermənistanın baş naziri Nikol Paşinyan anlamalıdır ki, Qarabağ mövzusu artıq bağlanıb. Erməni lider sülh müqaviləsi ilə bağlı konkret, əməli və praktiki addımlar atmasa bir daha belə imkan yaranmaya bilər”.

Hər halda, bu, bir faktdır ki, Qarabağdakı xunta rejimi zamanı düzgün dəyərləndirməyi bacarmadı və darmadağın oldu. Ermənistan 44 günlük müharibədən sonra da baş verənlərdən dərs götürə bilmədi. Bu mənada İspaniya görüşü Ermənistan üçün sonuncu şanslardan sayıla bilər, dəyərləndirə bilərsə...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR