Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan bu gün arvadı Anna ilə birgə ABŞ-a gedib. Rəsmi məlumata görə, 4 gün (3-7 fevral) çəkəcək səfər zamanı o, Vaşinqtonda keçiriləcək beşinci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitinə qatılacaq. Bundan əlavə, Milli Dua Səhər yeməyinə qatılacaq və bir sıra görüşlər keçirəcək.
Paşinyan yanvarın 31-də keçirdiyi brifinqdə ABŞ-a gözlənilən səfərindən danışarkən prezident Donald Trampla görüşməyəcəyini bildirib. Yerli “Hraparak” qəzeti isə qəzeti hakimiyyətin Paşinyan-Tramp görüşü təşkil etməyə çalışdığını, lakin buna nail olmadığını yazıb. Amerika erməni lobbisinin də Nikolla arası olmadığı üçün bu yöndə xüsusi səylər göstərmədiyi deyilir...
Üstəgəl, Tramp erməni maraqlarının daşıyıcısı olmuş Bayden deyil. Yəni erməni diasporu istəsəydi də, ona faktiki yad olan prezident-milyarderə çıxış imkanları faktiki yoxdur. Doğrudur, Trampın komandasında ermənipərəstlər var. Biri elə yeni dövlət katibi Marko Rubeo.
Yeri gəlmişkən, N.Paşinyanın heç olmasa, dövlət katibi ilə bir araya gələcəyi ilə bağlı ehtimal səslənib. Ermənistan rəhbəri isə yəqin çox istəyərdi ki, Rubeo ilə görüşdə onun sələfi E. Blinkenin Ararat Mirzəyanla yanvarın 14-də imzaladığı “Strateji tərəfdaşlıq haqda” Xartiyaya yeni nəfəs verilsin. Həmin anlaşma Tramp və Rubeo üçün də stolüstü sənədə çevrilsin. Blinkenin iki həftədir reallaşmayan vədi - Ermənistan sərhədinə Amerikanın nəzarət qrupunun göndərilməsi tezləşsin...
Lakin görüş alınsa belə, Ermənistana faydalı olacağı anlamlına gəlmir. Əvvəla, Rubeo artıq Konqres üzvü yox, dünyanın ən qüdrətli dövlətinin xarici siyasətinə əsas cavabdeh şəxsdir. O səbəbə Güney Qafqaza, Azərbaycana bağlı prinsipial, kritik mövzularda erməni kaprizləri ilə, regionun “dalan ölkəsi”nin absurd iddiaları ilə hərəkət edə bilməz. Bölgənin açar dövləti Azərbaycanı və onun 1 nömrəli müttəfiqi Türkiyəni də ciddiyə almaq zorunda. Əks halda, yeni hökumət Bayden dönəminin səmərəsiz gündəminin girovuna çevrilər.
İkinci yandan, komandada son söz sahibi prezidentdir. Paşinyan əlbəttə ki, ilk növbədə Trampa “xod” axtarır. İstisna deyil ki, Milli Dua Səhər yeməyində Trampla ayaqüstü görüşsün və hətta şəkil də çəkdirsin. Ancaq belə formalizmlər, lap elə Azərbaycanla bağlı hansısa qeybətvari ritorika, şikayətlər heç nəyi həll etmir. Ötən ay Ermənistan baş naziri Parisdə Makron və Trampla üçlü foto çəkdirmişdilər. Bu ermənilərin xeyrinə nəyi dəyişdi ki?..
Güney Qafqazda situasiyanın inkişafını diktə edən güclər bəlli. Onların arasında kapitulyant Ermənistan yoxdur. Orta perspektivdə görünmür də. Üçüncü yandan, Bakının sülh şərtləri tam ədalətli, obyektiv və beynəlxalq hüquqa uyğundur. BMT Nizamnaməsini də hələ heç kim ləğv etməyib.
Tramp isə praqmatik siyasətçi kimi tanınır. Ona görə ən məntiqlisi, - Bakı və Ankara məhz bunu gözləyir, - Vaşinqtonun nəhayət, İrəvanı iki əsas qonşusu ilə anlaşmağa vadar eləməsi ola bilər. Şərtlər məlum.
Yalnız o halda Ermənistanın Rusiyadan hərbi-strateji və energetik-iqtisadi asılılığı minimuma enər, ölkə Moskvanın orbitindən uzaqlaşar, ordu saxlamağa, silahlanmağa da lüzum qalmaz. Çünki real təhlükəsizlik zəmanəti qazanmış olar. O sırada, məsələn, təbii qazı Azərbaycandan münasib qiymətə ala, regionla bağlı yeni ortaq layihələrə (yaşıl enerji ilə bağlı və s.) qoşula bilər.
ABŞ-ın Cənubi Qafqaza yönəik gözləntisi və istəyi də bu deyilmi? Bəlkə başqadır?..
Z.SƏFƏROĞLU
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ