Onlayn ictimai-siyasi qəzet
Demə, ərazi iddiaları haqda bənd Ermənistan Konstitusiyasına referendum yox, parlamentdə səs çoxluğu ilə əlavə olunubmuş; hazırda parlamentdə çoxluq Paşinyanın partiyasındadır və qısa zamanda onu aradan qaldırmaq mümkündür - Mövqe
Ermənistan baş naziri Nikol Paşinyanın tezbazar sülh sənədi imzalamaq istəyinin arxasındakı əsl məramın heç də qonşularla daimi sülh içində yaşamaq olmadığı məlumdur. Rəsmi Bakı bu xüsusda öz mövqeyini bir daha net şəkildə bəyan edib. Ala-yarımçıq sülh sənədini məqbul saymadığını bildirərək, qarşı tərəfi ciddi olmağa çağırıb. Azərbaycanın əsas narahatlığı isə bəlli: qonşu ölkə konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası. Yəni bölgəyə İrəvanın sülh hoqqabazlığı yox, tam mənada və bütün zamanlar üçün işlək sülh sazişi lazımdır. O sənəd ki, yeni müharibə təhlükəsini minimuma endirəcək, region xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Şərtlər də məlumdur. “Ermənistan konstitusiyasına nə qədər tez dəyişiklik edərsə, sülh sazişi də bir o qədər tez imzalanar. Konstitusiya dəyişikliyi ilə bağlı prosesin uzadılması sülhə töhfə vermir. Əksinə, prosesi ləngidir. Biz ümid edirik ki, Ermənistan sülhdə maraqlı olacaq”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Real TV-yə müsahibəsində deyib.
Elxan Şahinoğlu
Siyasi şərhçi Elxan Şahinoğluya görə, Azərbaycan sülh sənədini yalnız öz milli təhlükəsizlik maraqlarına cavab verəcəyi halda imzalayacaq: “Əsas məsələ Azərbaycanı narahat edən məqamın aradan qaldırılmamasıdır. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Əgər Ermənistan ərazi bütövlüyünü tanıyırsa, bu tələb mütləq şəkildə yerinə yetirilməlidir. Bu tələb yerinə yetirilmədən sülh sazişinin imzalanması çətin, hətta qeyri-mümkündür. Paşinyan hökuməti üçün isə bunu etmək o qədər də ağır iş deyil. Çünki həmin bənd Ermənistanın Konstitusiyasına referendum yolu ilə yox, parlamentdə səs çoxluğu ilə əlavə olunub. Hazırda isə parlamentdə çoxluq Paşinyanın partiyasının əlindədir”. Politoloqun qənaətincə, həmin maddə çıxarılan kimi əsas əngəl aradan qaldırılacaq və sülh sazişi imzalanacaq. Doğrudan da 1 günə yoluna qoyulacaq problem üçün Paşinyan niyə 3 il vaxt istəsin ki?
Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, əlbəttə, Ermənistan parlamentdə səsçoxluğu ilə bu qərarı verə, Konstitusiyadakı ərazi iddialarını aradan qaldıra bilər: “Amma etmir, sülh sənədinin imzalanmasını yubadır. Və bu məsələdə Konstitusiyadakı əngəldən istifadə edir. Digər tərəfdən, erməni cəmiyyətində revanşizm əhval-ruhiyyəsi hökm sürür və onlar prosesi yubadırlar ki, gələcəkdə həmin ərazi iddialarına söykənərək yenidən hücuma keçsinlər. Əslində, o iddiaları qanunvericilikdən çıxarmaq çətin deyil. Qalan məsələləri isə özləri həll edə bilər. Yəni ölkənin idarəetməsi, vətəndaşlara hansı hüquqların verilməsi öz daxili işləridir. Azərbaycanın bu məsələlərə qarışmaq fikri yoxdur. Bu iddialardan əl çəksinlər, bizim başqa tələbimiz olmayacaq”.
Q.Əlibəyli Ermənistanın özünü sülhpərvər kimi göstərib Azərbaycanı əngəllər çıxarmaqda ittiham etməsini təbii hal sayır: “İrəvan çox söz deyə bilər. Sözsüz ki, Azərbaycanı ittiham etməyə və özlərini haqlı çıxarmağa çalışacaqlar. Fakt bundadır ki, Azərbaycan Ermənistandan torpaq istəmir, hansısa daxili siyasi işlərinə müdaxilə etmir, deyir ki, ərazilərimə iddian var, ondan imtina et. Əgər bunu maneə hesab edirlərsə, dünyanı da özləri kimi axmaq yerinə qoya bilməzlər”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Paşinyan sülh sazişi layihəsinin 13 maddəsi və preambulasının razılaşdırıldığını bildirir: “Qeyd edir ki, ”iki cümlədən ibarət 3 maddə qismən razılaşdırılıb, həmin maddələrdəki cümlələrdən biri də razılaşdırılıb, digəri yox". Razılaşdırılmayan 3 maddənin nədən ibarət olduğu rəsmi şəkildə açıqlanmır. Bununla bağlı müəyən təxminlər irəli sürmək mümkündür. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyası və normativ-hüququ aktlarının dəyişdirilməsidir. Mümkündür ki, Ermənistan Azərbaycana qarşı adekvat tələblə çıxış edir, yaxud daxili qanunvericiliyin layihəyə salınmasını istəmir. Hələ iyun ayında Ermənistan XİN bəyan edirdi ki, “sülh sazişi layihəsində ”tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz" müddəası var, buna görə Konstitusiya məsələsi bura aid edilməməlidir". Razılaşdırılmayan maddələrdən biri bu ola bilər. İstisna deyil ki, “tərəflərdən heç biri sazişdən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunlarına müraciət edə bilməz” cümləsi razılaşdırılsa da, “Konstitusiya və normatik-hüququ aktların dəyişdirilməsi” qeydinin bura daxil edilməsi müzakirə edilir". Təhlilçi deyir ki, Ermənistan tərəfi razılaşdırılmayan bəndləri saxlamaqla sülh sazişi layihəsinin imzalanmasını istəyir və bununla həm konstitusiya məsələsini arxa plana keçirə, həm delimitasiya prosesində istədiyibaza prinsipini qoruya, həm də razılaşdırılmayan üçüncü bəndi təxirə sala bilər: “Azərbaycan isə regionda sülhün davamlı və uzunmüddətli olması üçün ”menyu" yox, “paket həll” variantından çıxış edir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ