İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “sağ əli”nin sirli Paris səfəri

Armen Qriqoryana geri qayıdıb təxribatlara başlamaq təlimatı veriləcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu həftə Fransa və Almaniyaya işgüzar səfərə gedəcək. Bu barədə Qriqoryanın sosial şəbəkədəki rəsmi səhifəsi məlumat yayıb. Səfər çərçivəsində Təhlükəsizlik Şurasının katibinin Paris və Berlində işgüzar görüşlər keçirəcəyi bildirilir.

Qeyd edək ki, yüksək çinli erməni rəsmiləri az qala hər ay Fransaya səfər edir, “böyük bacı”dan müvafiq təlimatlar alıb qayıdırlar. Əlbəttə ki, Azərbaycan əleyhinə. Nikol Paşinyanın Makronla görüşlərinin sayı-hesabı isə yoxdur. Sonuncu dəfə onlar cəmi 10 gün öncə, Tunisdə Frakofoniyanın sammiti çərçivəsində bir araya gəliblər.

Noyabrın 15-i - Fransa Senatının məlum anti-Azərbaycan qətnaməsi qəbul elədiyi ərəfədə isə bir sürü erməni rəsmisi (xarici işlər naziri, parlament sədrinin müavini, erməni deputatlar və b.) Parisdə olmuşdular. Üstündən az keçməmiş Paşinyan Makronla görüşdü. İndi də Qriqoryanı Parisə göndərir.

Bəs budəfəki səfərin arxasında hansı bəd məqsədlər dayanır?

Xatırladaq ki, Azərbaycan Prezidenti keçən həftə Bakıdakı konfransda çıxışı zamanı Fransanın destruktiv rolundan danışarkən belə bir ifadə də işlətdi ki, Fransa Senatı ölkəmizə qarşı daha bir təxribatçı sənəd hazırlayır? Hansı sənəd? Qriqoryanın səfərinin bu məsələyə aidiyyəti ola bilərmi?

Əlavə edək ki, “Soros uşaqları”ndan olan Armen Qriqoryan Paşinyanın “sağ əli” sayılır. O, həm də Azərbaycanla sülh danışıqlarında xüsusi nümayəndə statusundadır. Bir neçə dəfə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. İki ölkə rəhbərlərinin görüşlərinin hazırlanması ilə məşğul olub.

Anar Əliyev: “Bölgəmizə sülh qətirəcək addımların atılmasına başlanılıb”

 Anar Əliyev

Politoloq Anar Əliyev  “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda xüsusi nümayəndə Ermənistan hökumətinin xüsusi nümayəndəsi statusu daşıyan Ermənistan təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Avropaya növbəti turnesi son zamanlar Ermənistanın yüksək çinli məmuralarının Avropaya etdiyi çoxlu sayda səfərlərdən biridir: "Qriqoryanın həm Fransaya, həm də Almaniyaya səfərləri çərçivəsində əsas hədəf təbii ki, son günlər Azərbaycan Prezidentinin dilindən səslənən bir çox ciddi məsələlərin müzakirə olunması və Azərbaycanın ortaya qoyduğu iradəyə qarşı Qərb dövlətlərinin, xüsusilə də Fransanın Ermənistanı alət edərək atacağı addımların müzakirəsi xarakteri daşıyacaq. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq qəti şəkildə Cənubi Qafqazda proseslərin tənzimlənməsində Fransanın tərəf kimi çıxış edə bilməyəcəyini və Azərbaycanın buna heç bir halda imkan verməyəcəyini bəyan edib. Dekabrın əvvəllərində Avropa İttifaqı formatında Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi və Ermənistanın bu görüşün keçirilməsi üçün şərt irəli sürməsinə Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe Fransa tərəfindən çox narahatlıqla, müəyyən ehtiyatla qarşılandı. Fransa tərəfi Azərbaycanın belə sərt və qəti mövqe sərgiləyəcəyini gözləmirdi. Çünki Fransanın bu günə qədər, xüsusilə də 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra Cənubi Qafqazda baş verən proseslərlə bağlı atdığı addımların hamısının mahiyyətində məhz yenidən Cənubi Qafqazdakı proseslərin tənzimlənməsində tərəf kimi iştirakı və bu proseslərə daxil olmaq istəyi ilə bağlı idi. Bütün planların hamısı Fransanın Cənubi Qafqazdakı maraqlarının təmin olunmasına istiqamətlənmişdi. Hesab edirəm ki, bu mənada Ermənistanın davamlı şəkildə təxribatlara təhrik edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nə ayrılıqda Rusiya formatında, nə də Avropa İttifaqı Şurası formatında tənzimlənməsinə imkan verməməklə özünün aparıcı rolunu, Fransaya olan ehtiyacı ortaya qoymağa çalışırdı. Baş verən proseslər Fransanın planlarının reallaşmadığını, tam əksinə, Fransanın vasitəçilik missiyasını tamamilə aradan qaldırmış oldu. Bu mənada hesab edirəm ki, Armen Qriqoryanın Fransaya və Almaniyaya çağırılmasında əsas hədəflərdən biri Ermənistan üzərindən Azərbaycana hansı təzyiq alətlərindən və vasitələrindən istifadə edilə biləcəyini bir daha müzakirəyə çıxarmaq və Ermənistanı növbəti təxribatlara təhrik etmək məqsədi daşıyır”.

Politoloq hesab edir ki, bu səfərdən sonra Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində, həm də Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən təxribatların artacağını müşahidə edəcəyik.

A.Əliyevin sözlərinə görə, digər tərəfdən, bu səfər həm də bugünlərdə Fransa Milli Assambleyasında müzakirəyə çıxarılacaq Azərbaycan əleyhinə qətnamənin qəbulu ilə əlaqəlidir: “Bildiyiniz kimi, 15 noyabrda Fransa parlamentinin yuxarı palatası Senat Azərbaycan əleyhinə bədnam, əsası olmayan cəfəng bir qətnamə qəbul edib. Bu qətnamənin aşağı palatada da müzakirəyə çıxarılıb qəbul olunması gözlənilir. Erməni nazirin səfəri də məhz Ermənistanın əsas dayağı olan Fransada Ermənistanın maraqlarına xidmət eləyən qəbul ediləcək qərardan sonra edilən səfər məqsədi də daşıyır. Amma hesab edirəm ki, KTMT-nin İrəvanda bu yaxınlarda keçirilən zirvə görüşü zamanı ortaya qoyulan mövqe, KTMT-yə üzv dövlətlərin liderləri, xüsusilə Rusiya Prezidenti Vladimir Putinin birmənalı olaraq Ermənistanın maraqlarına xidmət eləyən qərarın nəinki qəbul edilməsinə, hətta müzakirə üçün gündəliyə salınmasına belə, razılıq verməməsi onu göstərir ki, proseslər heç də İrəvanın istədiyi kimi getməyəcək. Fransanın özfəaliyyəti kimi qiymətləndirə biləcəyimiz son avantürist davranışları Ermənistan və İrandan başqa heç bir ciddi qüvvə tərəfindən dəstək ala bilməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR