İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası

Üç mərkəzin Ermənistandakı hakimiyyətin ömrünün uzanmasında hansı siyasi və strateji maraqları ola bilər?

Ermənistanda qarşılıqlı “casus axtarışı” davam edir. Parlamentin spikeri Alen Simonyanın ikinci prezident Robert Köçəryanı  “Rusiya casusu” adlandırmasından sonra “Hayastan” fraksiyasının lideri Seyran Ohanyan ona parlamentdə cavab verib. Ohanyan deyib ki, Simonyan və təmsil olunduğu hökumət Azərbaycan və Türkiyənin casusudur".

“Ermənistanın səsi” radiosu bu mövzuda yazır ki, Paşinyan artıq Qərbin İrəvandakı əsas fiquru sayılmır: “Görünür, rəsmi Vaşinqton Mirzoyan və Blinkenin imzaladığı strateji sazişi unudub. Ohanyan yardım göstərmək, o cümlədən dövlət sərhədinin mühafizəsi üçün bir qrup amerikalı mütəxəssisin İrəvana gəlməsini nəzərdə tutur. Bu qrup hara getdi?”

O da vurğulanır ki,  Rusiya çətin erməni baş naziri indiyədək etdikləri siyasi qələtlərə görə bağışlasın: “Lakin gəlin nəticə çıxarmağa tələsməyək. Baş nazir yenidən Putinin etimadını qazanarsa, Paşinyan 2026-cı il parlament seçkilərində Rusiyanın müqaviməti ilə üzləşməyəcəyinə ümid edə bilər”.

Təhlildə həmçinin iddia olunur ki, indiki geosiyasi vəziyyətdə 2026-cı il seçkilərində Paşinyanın yenidən baş nazir olmasında yalnız Türkiyə və Azərbaycan maraqlıdır. Ümumiyyətlə, bu mövzuda bildirilir ki, guya İsrail də Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. “Bu, təbiidir, çünki indi Paşinyana alternativ Robert Köçəryandır. Köçəryan hakimiyyətə gəlsə, bu, İrəvanla Tehran arasında yaxşı münasibətlərin olacağı anlamına gələ bilər və bu, artıq Paşinyana sərfəli deyil” - təhlildə deyilir. 

Bundan başqa, Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olan növbəti tərəfin Böyük Britaniya olduğu haqda da zaman-zaman iddialar yayılıb. Ermənistanda ən böyük resurslara malik olan Londondur. Əslində bu gün Londonun Rusiya ilə gərgin münasibətləri var. Amma Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi elə Ermənistandır. Ona görə də bu ölkələri Paşinyanın hakimiyyətdə qalmasında ən maraqlısı hesab etmək olar.

Azərbaycanlı mütəxəssislər necə düşünürlər? Üç paytaxtın Paşinyan iqtidarının ömrünün uzanmasında hansı siyasi və strateji maraqları var? Rusiyanın Ermənistanda siyasi çevriliş üçün təsir elementləri qalıbmı?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Siyasi ekspert Oqtay Qasımov “Yeni Müsavat”a şərhində deyib ki, Ermənistan müxalifətində və cəmiyyətində bu ölkənin regiondakı, dünyadakı rolu həddən artıq şişirdilmiş təqdim edilir: “Elə təsəvvür yaradılır ki, dünya siyasətinin mərkəzi Ermənistandır və bu ölkədə siyasi proseslərə geopolitik hadisələrə təsir edir. Bu yanaşmalar uydurmadır və müştəbehlikdən irəli gəlir”.

O ki qaldı Paşinyanın iqtidarda qalmasına, O.Qasımovun fikrincə, burada müxtəlif qüvvələrin fərqli maraqları ola bilər: “Əvvəla, Ermənistanda revanşistlərin iqtidara qayıdacağı təqdirdə bu ölkənin İranla daha da yaxınlaşacağı haqda proqnozlar kökündən yanlışdır. Ermənistanın İranla münasibətlərinin yaxşılaşması İsrailin regiondakı maraqlarına mənfi təsir etməyəcək. Çünki İsrailin bölgədə Azərbaycanla çox yaxın əlaqələri var, Gürcüstanla da yaxşı münasibətlər qurublar, Ermənistan İsrail üçün maraqlı olsaydı, Tel-Əviv İrəvanla da dərin əlaqələr qurardı”. Ekspert hesab edir ki, İsrail Ermənistanda antisemit əhval-ruhiyyə olduğunu bilir.

Analitikə görə, Türkiyə və Azərbaycan üçün Ermənistanda rasional iqtidarın olması vacibdir: “Deməzdim ki, Paşinyan praqmatik və rasional siyasətçidir. Həmin hökumət başçısıdır ki, hakimiyyətə gələn kimi danışıqları pozan mövqe sərgilədi, yeni ərazilər, yeni müharibə haqda bəyanatlar verdi. Sadəcə, Azərbaycanın gücü onun planlarını pozdu, Ordumuzun qəhrəmanlığı hesabına Ermənistan məğlub edildi, suverenliyimiz təmin edildi və Paşinyan da qarşısındakı qüvvənin potensialına bələd oldu. Ona görə siyasətində dəyişiklik etməyə məcbur qaldı. Odur ki, indi daha praqmatik və rasional siyasət yürütməyə məhkumdur”.

O.Qasımov hesab edir ki, bu səbəbdən baş nazir cəmiyyətdə “real Ermənistan” ideyasını təbliğ edir: “Paşinyan anlayır ki, bu ideya reallaşmasa və utopik fikirlər qüvvədə saxlanacaqsa, Azərbaycanla sülh yox, savaş yolu seçiləcəksə, bugünkü Ermənistanın xəritəsi ciddi şəkildə dəyişəcək, 1920-ci illərin xəritəsinə qayıtmalı olacaqlar. O baxımdan həmin ideyanı irəli sürüb. Hakimiyyətə iddialı digər qüvvələr də bu reallığı dərk edir. Onlar da, Paşinyan da bilir ki, Türkiyə və Azərbaycanla münasibətlər normallaşmadan bölgədə yaşamaq çətin olacaq.  Ermənistanda kimin hakimiyyətdə olmasına baxmadan, Azərbaycan irəli sürdüyü tələblərin yerinə yetirilməsini istəyəcək”.

Nəhayət, Britaniyanın Paşinyanın iqtidarda qalması marağına gəlincə, ekspertin sözlərinə görə, London və digər dövlətlər Ermənistanda normal hakimiyyətin olmasında maraqlıdır: “Elə bir siyasi qüvvə ölkəni idarə etməlidir ki, qonşularla normal əlaqələr saxlasın. Ermənistanda elə fikir var ki, Britaniya onun əleyhinədir. Əslində səhv düşüncədir. Biz Britaniya kəşfiyyat şefinin də, nümayəndə heyətinin də İrəvana səfərini xatırlayırıq, iki dövlət arasında normal münasibətlər mövcuddur”.

O.Qasımov qeyd edib ki, sadəcə, bp-nin Azərbaycan neft sənayesində fəaliyyəti Ermənistanda bir rəy formalaşdırıb: “Guya London İrəvana qarşıdır. Həmçinin Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu da Ermənistanda yanlış başa düşülüb. Yəni ermənilərdən nə zaman beynəlxalq hüquqa uyğun davranış istənilirsə, cəmiyyət o ölkələri düşmən obrazında görür. Eyni fikri Rusiya haqda da söyləmək olar. Son 5 ildə ermənilər düşünürlər ki, İkinci Qarabağ müharibəsində Rusiya ordusu onların yerinə döyüşməliydi, hərtərəfli dəstək verməliydi. O baxımdan səslənən iddiaları bölüşmürəm və hesab edirəm ki, Ermənistanda daxili auditoriyaya hesablanmış tezislər tirajlanır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR