Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Bu addımla həm də bütün dünyaya sülh tərəfdarı olduğumuzu bir daha sübut etmiş olarıq”
COP29 çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın da Bakıya dəvət edilməsi ilə bağlı bir müddətdir müzakirələr gedir. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, Paşinyanı Bakıya dəvət etmək olar.
Söhbət yəqin ki, noyabrda Bakıda baş tutacaq COP29 qlobal miqyaslı tədbirdən gedir. Ehtimal etmək olar ki, bu, yalnızca deputatın təklifi deyil, həm də hakimiyyətin yuxarı eşelonunda mövcud olan istəkdir.
Təxminən bir il qabaq Türkiyədə Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edən Ermənistan baş naziri rəsmi dəvət olarsa, yəqin ki, Bakıya da gələr.
Ekspertlər bildirir ki, COP29-a qədər sülh müqaviləsi imzalanarsa, Paşinyanın Bakıya dəvət edilməsi etimad mühitinin möhkəmlənməsinə ciddi töhfə verə bilər. Hər bir halda iki xalqın düşmənçiliyi əbədi sürməməlidir və bunu aradan qaldırmaq üçün tarixi bir şərait yetişib.
Bu arada Paşinyan da deyib ki, Ermənistan Türkiyə və Azərbaycanla düşmənçiliyin sona çatmasına nail olmalıdır: “Regiondakı vəziyyətlə bağlı bizim mövqeyimiz belədir: İran və Gürcüstanla əlaqələrin dərinləşməsi, Türkiyə və Azərbaycanla düşmənçiliyi idarə etmək, onu səngitmək və bitirmək”.
Paşinyanın Bakıya dəvət edilməsi hansı şərtlə, hansı halda mümkündür və bu dəvət konkret kim tərəfindən edilməlidir?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bütün müharibələrin və qarşıdurmaların sonu sülhlə bitir. Azərbaycanla Ermənistan arasında qarşıdurmanın hansı səviyyədə olmasından asılı olmayaraq, bu münaqişə də sonda sülhlə yekunlaşmalıdır. Bu sülh nə qədər tez baş tutarsa, xalqlar da bundan bir o qədər çox fayda götürərlər: “Azərbaycan hökuməti bu sülhün tezliklə baş tutmasını istəyir. Lakin çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında gərginliyi on illər boyu körükləyən qüvvələrə bu sərf etmir. Bölgəmizi münaqişələr vasitəsilə idarə etmək istəyənlər hər vəchlə iki qonşu ölkə arasında sülh müqaviləsinin bağlanmasına əngəl törətməyə çalışırlar. Lakin hadisələr heç də onların arzuladığı kimi inkişaf etmir. Son dövrdə Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun baş tutması istiqamətində hər iki tərəfdən atılan addımlar öz səmərəsini verməkdədir. İki ölkənin xarici işlər nazirlərinin mütəmadi görüşləri, sərhəddə delimitasiya və demarkasiya işlərinin irəliləməsi, mövcud gərginliyin sabitləşməsinə və bu münaqişənin başqa müstəviyə keçməsinə yol açır.
Bu sırada cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirlərində Nikol Paşinyanın iştirakı da məqbul hal kimi dəyərləndirilməlidir. Unutmayaq ki, Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə Paşinyan gec də olsa gerçəkləri anladı və pozitiv mövqe tuta bildi. Düzdür, o, bu yola öz xoşu ilə gəlmədi. Onu bu yola Azərbaycan Prezidentinin sərgilədiyi hərbi-siyasi diplomatiya vadar etdi və Nikol Paşinyan bu diplomatiyanın qarşısında müqavimət göstərməyə özündə cəsarət tapmayıb, təslim oldu.
Məğlub bir ölkənin başçısının Azərbaycanda keçiriləcək və bütün dünyaya səs salacaq bir beynəlxalq tədbirə dəvətini normal hesab edirəm. Biz bu addımla həm də bütün dünyaya sülh tərəfdarı olduğumuzu bir daha sübut etmiş olarıq. Dəvət ediləcəksə, yəqin ki, müvafiq rəsmi instansiyanın dəvəti olacaq".
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə bildirdi ki, COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz də konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü: “Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Yəni başqa sözlə desək, Azərbaycanın yekdilliklə COP29-a ev sahibi ölkə kimi tanınması faktiki olaraq həm də Ermənistanla əldə olunan razılaşmanın nəticəsidir. Təkcə bu fakt belə erməni baş nazirinin noyabrda keçiriləcək COP29 tədbirlərinə dəvət oluna biləcəyi ehtimallarını artırır. Ermənistan tərəfinin noyabra qədər sülh sazişinin imzalanması ehtimalı yüksəkdir fikirlərini də nəzərə aldıqda bu ehtimal artır.
Yəni başqa sözlə, əgər həqiqətən də sülh sazişi imzalanmasa belə, ən azından çərçivə sazişinin imzalanacağı halda Nikol Paşinyanı da Bakıda keçiriləcək konfransa dəvət etmək olar.
Dəvətin konkret kimin tərəfindən edilməsi də burada elə bir prinsipial əhəmiyyət kəsb etmir. Bu, dövlət başçısı da ola bilər, COP29-un prezidenti təyin edilmiş Muxtar Babayev də".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ