Onlayn ictimai-siyasi qəzet
Terrorçu dəstələr silahları Bakıya yox, İrəvana təhvil verməli idilər? - erməni baş nazirdən yeni absurd
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışı zamanı erməni separatçılarının tez təslim olmasından və silahların Azərbaycana verilməsindən narazılığını bildirib. Onun sözlərinə görə, “Qarabağın klerikal-feodal elitası iki saat ərzində təslim olub və bir neçə milyard dollar dəyərində, erməni xalqının məhrumiyyətləri bahasına əldə edilmiş silah-sursat Azərbaycana təzə və yağ içində verilib”.
“Siz Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəksiniz, gücsüzsünüz”, - Paşinyan ardınca bildirib.
“Erməni xalqının məhrumiyyətləri bahasına əldə edilmiş” nə demək? Qarabağdakı bir ovuc erməni bir neçə milyard dollarlıq silah-sursata necə, hansı yolla malik ola bilərdi? Əlbəttə ki, ritorik suallardır.
Bu, bir daha İrəvanın Azərbaycana qarşı illərlə işğalçı siyasət apardığını, torpaqlarımızın hansısa mifik “özünümüdafiə ordusu” tərəfindən deyil, məhz Ermənistan tərəfdən işğal edildiyini təsdiqləməklə yanaşı, kapitulyant ölkə rəhbərliyinin ağıllanmadığnı göstərir.
Nikol Paşinyanın yuxarıdakı açıqlaması konkret nəyin təzahürüdür, nəyə işarədir? Belə bir hakimiyyətlə sülh müqaviləsinin imzalanması mümkünmü?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Ermənistan baş naziri Nikol Paşinyan bu bəyanatı Qarabağdan qaçıb getmiş erməniləri hakimiyyətə qarşı istifadə etmək istəyən separatçılara ünvanlayıb: “Qarabağdan qaçmış ermənilər yerli separatçıların əlində Paşinyan hakimiyyətinə qarşı istifadə edilə biləcək əsas güc ola bilər. Paşinyan isə Qarabağdan qaçıb getmiş ermənilərin yerli separatçılara mümkün qədər qoşulmamasını istəyir. Separatçılar yaxşı anlayırlar ki, Qarabağ erməniləri olmasa hakimiyyətə qarşı etirazları təşkil etmək və onların kütləviliyini təmin etmək mümkün deyil. Bu gün Ermənistanda böyük əksəriyyət, ermənilər Paşinyanın kursunu dəstəkləyir, insanlar artıq tarixi yalanlara deyil, reallıqlara qiymət verməyə başlayıblar. Ağlı başında olan hər bir kəsin belə davranması da tam normalır. Ermənilər ”böyük Ermənistan", “ən qədim xalq”, “ən dahi millət” kimi tarixi yalanların onları son 200 ildə hara gətirib çıxardığının fərqində olmağa başlayıblar. Minlərlə övladlarını bu yalanlara qurban verənlər artıq bunun nə qədər mənasız bir yol olduğunun fərqindədirlər. Bax, Paşinyanın ətrafında olan da bu toplumdur və bu toplum artıq böyük çoxluğa çevrilib və elə 44 günlük müharibədəki ağır məğlubiyyətdən dərhal sonra öz səsini Paşinyana verib ona böyük üstünlüklə qələbə qazandıran da bu toplumdur.
Bütün bunlar ortada olduğu təqdirdə Paşinyanın Qarabağdakı ermənilərlə bağlı bəyanatlarının hədəfi bəllidir. Paşinyan sadəcə olaraq hərdən belə siyasi gedişlərlə ona qarşı olan separatçıları ifşa etməyi və Qarabağdakı məğlubiyyətdə onların günahkar olduqlarını cəmiyyətin “yadına salmağı” özünə borc bilir".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bildirdi ki, Ermənistanın baş nazirinin parlamentdəki son açıqlamaları özünütəkzibin ən gülünc formalarındandır: “Nikol Paşinyan bir daha təsdiqlədi ki, Azərbaycan torpaqlarını məhz Ermənistan Respublikası işğal edib. Baş nazirin separatçıların əlindəki silahların Azərbaycana təhvil verilməsi ilə bağlı səsləndirdiyi fikirlər isə heç bir məntiqə sığmır. Terrorçu və separatçı birliklərin heç bir çıxış yolu yox idi. Təslim olmasaydılar, məhv ediləcəkdilər. Çünki onlar Qarabağın erməni əhalisi üçün də böyük təhdid sayılırdılar. Bunu Qarabağı tərk edən və hələ də orada yaşayan Azərbaycanın erməni əsilli əhalisi də dəfələrlə dilə gətirib. Nikol Paşinyan separatçıların bu addımından öz siyasi məqsədləri üçün istifadə edir. Rəqibi saydığı ”qara keşiş"ə bildirmək istəyir ki, Azərbaycan xalqı keşiş üçün “müqəddəs sayılan tilsimli düymələri” çoxdan sındırıb. Yəni, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları əzəli və əbədi Azərbaycanındır. Ermənistanın baş naziri tez- tez öz dediklərini inkar edən birisidir. Onun üçün siyasi meyarlar və politik dəyərlər anlayışı yoxdur. Ona görə ki, hakimiyyətə küçədən gəlib. Belə bir “rəhbərlə” sülh sazişi imzalasan da, onun qüvvədə qalması o qədər də inandırıcı görünmür. Yenə də təxribatlara əl atacaqlar. Paşinyan parlamentdəki çıxışında Rusiyadan və onun zorakı ittifaqlarından çıxacağını da dilə gətirdi. Özü də bu fikrini separatçılarla bağlı nitqindən sonra söylədi. Nikol Vovayeviç bununla söyləmək istədi ki, separatçılar məhz rusların təkidi ilə silahları yerə qoyublar".
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov erməni tərəfin reallıqlarla hər keçən gün barışdığını söylədi: “Rəsmi İrəvan məğlubiyyətinə haqq qazandırmağa çalışır. Baş nazir Nikol Paşinyanın açıqlaması da bu konteksdən qiymətləndirilməlidir. Ermənistanda aksiyaların davam etdiyi bir vaxtda bu açıqlama daha çox daxili auditoriyaya hesablanıb. Fikrimcə, uzun müddətdən sonra Naxçıvan istiqamətində atəşkəsin pozulması da məhz ictimai rəyi yayındırmaq məqsədlidir. İrəvan balanslı davranmağa çalışır. İstəyir ki, daxili auditoriya arasında sabitliyi qorusun. Əslində başqa yolu da yoxdur. Çünki Paşinyanın həm fəaliyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır. Amma Ermənistan hakimiyyəti onu da başa düşür ki, Azərbaycanla sülh imzalamaqdan başqa yolu yoxdur. Çünki proseslər də göstərir ki, zaman İrəvanın əleyhinə işləyir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ