İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amil Mərdəkanski"nin yaxın qohumlarının məhkəməsi bitdi - Ağır cəza aldılar

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə ötən il öldürülən Amil Xudaverdiyevin yaxın qohumlarının cinayət işi üzrə proses yekunlaşıb.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə Amil Xudaverdiyevin qardaşlarının övladları Pərviz və Seymur Xudaverdiyevlər çıxarılıblar.
Amil Xudaverdiyevə gəlincə, o, 2023-cü il noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 53 yaşlı Cavanşir Ruhulla oğlu Abdullayevi “Revolver” markalı tapança ilə qətlə yetirib.

Bundan sonra 38 yaşlı Pərviz Cabir oğlu Xudaverdiyev polisə təslim olub.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər – Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin qətlinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı “Revolver” tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev polisə gələrək təslim olub. Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Qətlə yetirilən Cavanşir Abdullayev Pərvizin əmisi Amin Mərdəkanskinin qudası olub. Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə Pərvizin bacısını qaçırıb. Münaqişə Ruhullanın Pərvizin bacısını boşadıqdan sonra yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

İyunun 18-də keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Prokuror Pərviz Xudaverdiyevin 14 il, Seymur Xudaverdiyevin isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkilləri müvəkkilləri barədə ədalətli qərar çıxarılmasını istəyiblər. Müttəhimlərin son söz deyəndən sonra hakimlər hökmü elan ediblər.

Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Amil Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amil Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Ruhulla Abdullazadənin işinə ayrıca icraatda baxılıb və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR