İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı müxalifətin başına Qaregin keçir

Şübhə yoxdur ki, erməni lobbisinin kisəsindən asılı olan Eçmiədzin revanşizmin əsas təşkilatçılarındandır

Ermənistanın keçmiş prezidentləri və Qarabağdakı qondarma qurumun eks rəhbərlərinin iştirakı ilə ötən həftəsonu görüş keçirilib. Bildirilir ki, görüş Ermənistanın birinci prezidenti Ter-Petrosyan və bütün ermənilərin katolikosu II Qareginin istəyi ilə gerçəkləşib.  Görüş Eçmiədzin kilsəsində baş tutub.

İddialara  görə, toplantıda Ermənistanın hazırkı çətin durumu, bu vəziyyətdən çıxış yolları müzakirə olunub. Sirr deyil ki, Ermənistanda kilsə hər zaman azərbaycanlılara qarşı nifrəti körükləyən, təbliğ edən əsas mərkəzlərdən biridir. Ermənistanda sülhə qarşı ciddi müqavimət var və bunun əsas aparıcı fiqurları kilsə mənsublarıdır. Şübhə yoxdur ki, erməni lobbisinin kisəsindən asılı olan Eçmiədzin bu müqavimətin əsas təşkilatçılarındandır.

İndi dünya ermənilərinin, həmçinin erməni kilsəsinin qarşısında duran əsas məsələ İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu tərəfindən sarsıdılmış saxta, uydurma tarixə əsaslanan və Ermənistanın dövlət ideologiyasına çevrilmiş bir konsepsiyanı - ultramillətçiliyi, yəni erməniçiliyi dirçəltmək, erməniləri yenidən bir ideya ətrafında toplamaq və onlarda revanş hisslərini qızışdırmaqdır. Paşinyan hökuməti bir çox hallarda ziddiyyətli mövqe sərgiləsə də, regionda yaranmış yeni reallığı yaxşı başa düşür. O səbəbdən, erməni kilsəsi ilə İrəvan hakimiyyəti arasında uçurumun getdikcə daha da dərinləşəcəyi gözləniləndir.

Yada salaq ki, Paşinyan hələ hakimiyyətə gəldiyi ilk günlərdən II Qareginin kilsəyə rəhbərlik etməsinə etiraz edirdi. Buna səbəb kilsənin həddən artıq siyasiləşməsi, o cümlədən dinin dövlətdən ayrılmasına aid konstitusiya qanununu əsas gətirməsi idi. Hətta  Paşinyan iqtidarının ilk dönəmlərində onun kadrları bir neçə mitinq keçirmişdilər, II Qaregini xoşluqla istefa verməyə çağırırdılar.

44 günlük müharibə zamanı və postmüharibə dövründə II Qaregin müxalifətçilik mövqeyini Paşinyana qarşı daha da gücləndirdi. İndi elə bir vəziyyət yaranıb ki, Paşinyan II Qareginin yaşlı və xəstə olmasını, eyni zamanda kilsənin siyasətə yersiz müdaxilələrini əsas gətirərək bir növ onu vəzifəsindən uzaqlaşdırmağı, əsaslı dini islahatlar həyata keçirməyi planlaşdırır.

Belə görünür ki, Qareginin müxalifəti başına toplamaq və barışdırıcı mesajlar verməsi əslində Paşinyana güc göstərisidir. Paşinyan iqtidara gəldikdən sonra ona qarşı olan bütün qüvvələri zərərsizləşdirib, indi növbədə Qaregindir. Təbii ki, kilsənin güclü təsir rıçaqları var və onun cəmiyyətə nüfuz imkanları böyükdür. Ona görə kilsə Paşinyana qarşı sona qədər mübarizə aparacaq. Bunu baş nazir yaxşı anlayır və II Qaregin, onun yaxın ətrafı, bu qüvvələr olduqca Paşinyanı dinc buraxmayacaqlar.

Bəs Paşinyan erməni kilsəsinin müqavimətinə davam gətirə biləcəkmi? Qaregenin guya Ter-Petrosyanın təklifi ilə müxalifəti başına toplamasında hakimiyyətə verilən mesaj nədir?

Doğrudur, məhz bu görüşdən sonra Levon Ter Petrosyan olduqca konstruktiv açıqlamalar verib, Ermənistanı və dünya ermənizmini Türkiyə və Azərbaycanla anlaşmağa səsləyib. Lakin bəllidir ki, erməni kilsəsi hər zaman radikal və provokativ mövqe tutub. Ona görə də Petrosyanın açıqlamasını bu toplantının ortaq rəyi kimi qəbul etmək çətindir...

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Azərbaycanla sülhə kilsə belə mane ola bilməz: “Erməninin səmimiyyətinə heç vaxt inanmaq olmaz. Ermənilər dünyada yəhudilərdən sonra ikinci xalqdır ki, qaraçılar kimi bütün dünyaya səpələniblər. Onları birləşdirən yer kimi kilsə əsas rol oynayıb. Kilsə onlar üçün təkcə dini deyil, həm də milli birlik yeri kimi qəbul edilib. Onun üçün də kilsə və onun keşişinin Ermənistanda təsiri çox güclüdür. Kilsə təkcə Ermənistandakı dayaqlarına deyil, həm də xaricdəki erməni diasporasının dayaqlarına söykənir. Qareginin Köçəryan, Sərkisyanla görüşündən sonra Petrosyanın pozitiv açıqlamalarının bir çox suallara yol açmaması mümkün deyil. Amma onun bu açıqlamalarını təbii ki, Ermənistan dövlətinin mövqeyi kimi də qəbul etmək olmaz. Qaregin-Paşinyan qarşıdurmasına gəlincə, ola bilsin ki, bu son qarşıdurma qalıcı olacaq. Ola bilər ki, kilsə rəhbəri xaricdəki erməni diasporasındakı dayaqlarının dəstəyi ilə bu sülhün əleyhinə çıxsın. Amma Paşinyan görsə ki, vəziyyət onun üçün yaxşı deyil, sülhə imza atmağa məcbur qalacaq. Hətta buna kilsə belə mane ola bilməyəcək”.

İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb" - Elxan  Şahinoğlu

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Paşinyan-Qaregin görüşünü də mümkün sayır: “Ermənistanda hər zaman separatizmin, terrorun, başqa ölkələrin ərazilərinə iddianın başında kilsə dayanıb. Yüz illər boyu bu belə olub. Kilsə indi də aləmi qarışdırmağa çalışır. Görünür, kilsə Ermənistan və Azərbaycanın barış içərisində yaşamasını istəmir. Kilsənin başçısı separatçıların lideri ilə görüşür. Ermənistanın keçmiş dövlət liderləri ilə də görüşlər keçirir. Hiss olunur ki, Paşinyana qarşı cəbhədə kilsə də yer alır. Amma erməni cəmiyyəti anlamalıdır ki, əgər bu kilsə yenidən Ermənistanı müharibəyə sövq etsə, erməni cəmiyyəti bu müharibənin növbəti dəfə ağır nəticələrini yaşayacaq. Ona görə də erməni cəmiyyəti seçim etməlidir. Ya Azərbaycan və Türkiyə ilə sülh, barış yolunu tutacaqlar, ya da radikal müxalifətin, kilsənin şüarlarına dəstək vermə yolunu seçəcəklər. İkinci yol yenə də bunları uçuruma aparır. Çünki artıq biz bir daha torpaqlarımızın işğalına imkan verməyəcəyik. Onları başından əzəcəyik. İndi kilsənin erməni cəmiyyətindəki yolu neqativdir. Bunu yəqin ki, erməni cəmiyyətində anlayanlar da var. Amma yenə də deyirəm ki, kilsə rəhbəri Paşinyana rəqib olan şəxslərlə görüşür. Ola bilsin ki, yaxın vaxtlarda Paşinyanın özünün kilsə rəhbəri ilə görüşə ehtiyacı olsun. Planların nədən ibarət olduğunu özü üçün aydınlaşdırır. Bunun üçün də kilsəni xəbərdar etməyə çalışacaq”.

İran öz ərazisində ermənilər üçün dövlət qura bilər"

 Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu görüşdə Ermənistan üçün taleyüklü məsələnin müzakirə olunduğu qənaətindədir: “22 sentyabrda II Qareginin dəvəti ilə Ermənistanın və Qarabağdakı qondarma rejimin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan və Bako Saakyanın iştirakı ilə Eçmiədzində tarixi görüş keçirilib və Ermənistan üçün taleyüklü an hesab olunan bir dövr üçün yol xəritəsi hazırlanmağa çalışılıb. Maraqlıdır ki, görüşün ardından Ter-Petrosyan çox maraqlı açıqlama verib: "O qədər taleyüklü vəziyyətdəyik ki, hamı əvvəlki bütün fikir ayrılıqlarını bir kənara qoymalıdır. Bizi çətin qərarlar gözləyir, Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır. Buna məcburuq. Ermənistanı nəyin gözlədiyini ancaq bir nəfər bilir, bu, Nikol Paşinyan və onun komandasıdır. Heç birimizin real məlumatı yoxdur. Müxalifətin əksəriyyəti hesab edir ki, Paşinyandan qurtulsalar, çətin qərarlardan qaça bilərlər. Bu, sadəlövhlükdür. Bütün qərarlar bizim üçün çox pis olacaq. Mənim vəzifəm ən az ağrılı həlli seçmək üçün hər şeyi etməkdir. Paşinyan sənədi imzalamağa qorxur, çünki onu türk və satqın adlandıracaqlar. Lakin imzalamağı nə qədər uzatsaq, Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Axır-əvvəl gec də olsa biz sərhədləri demarkasiya və delimitasiya edəcəyik. Lakin o zaman biz son 70 ildə sahib olduğumuz reallığı təmin edə bilməyəcəyik". Bu açıqlama ilə Ter-Petrosyan, görüşün bir növ Paşinyana dəstək xarakteri daşıdığını və ona ən az ağrılı seçimi etməkdə bütün müxalifətin dəstək verdiyini göstərmək istəyir. Etiraf edək ki, II Qaregin və digər müxalif qüvvələr başda olmaqla, daima Azərbaycanla müharibənin davam etməsini dəstəkləyən qüvvələrin görüşü ardından səslənən bu fikirlər qeyri-adidir. Lakin bu, həm də Ermənistan dövlətinin mövcudluğu üçün təhlükənin varlığını anladıqlarından irəli gəlir. Bu, onların kapitulyasiya aktı üçün erməni cəmiyyətini hazırlaması da adlandırıla bilər. Ter-Petrosyan vaxtilə demişdi ki, Azərbaycanla indi sülh müqaviləsini imzalamasaq, gələcəkdə onların qarşısında diz çöküb imzalamağa məcbur olacağıq. Bu gün Azərbaycan erməniləri diz çökdürüb sülhə məcbur edir. Paşinyanın da səsləndirdiyi kimi, 29,8 min km2 ərazi üzərində Ermənistanın suverenliyini qorumaq istəyi erməniçiliyi Qarabağdan imtina etmək məntiqi nəticəsinə gətirib çıxarır. Vaxtın uzadılmasının Ermənistanın ziyanına işlədiyi artıq dərk olunur. Bununla belə, 2010-cu ildə Bakıya gəlib erməni kilsəsini ziyarət edən, 10 il sonra isə 2020-də dünyaya Azərbaycanın erməni irsini məhv etdiyini bar-bar bağıran və bütün dünya ermənilərini müharibəyə səsləyən Qareginin səmimiyyətinə inanmaq çətindir. Hər halda, hazırkı an üçün ən optimal variantın sülh müqaviləsinin imzalanması olduğunu başa düşüb, amma revanşist və erməni xislətindən imtina etməyib".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR