İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə Zəngəzur dəhlizində “ilişdi”

Ermənistanın Zəngəzur dəhlizini “İran yoluna çevirmək” istəyinə Moskvadan tutarlı cavab; Azərbaycanın tələblərinə əməl etməkdən yayınan İrəvanı çətin sınaqlar gözləyir

Rəsmi İrəvan hər cür cəfəng iddialara, yersiz manevrlərə əl ataraq sülh anlaşmasını əngəlləməyə çalışır. Son vaxtlaradək Azərbaycanın guya Zəngəzur istiqamətindən hücuma keçəcəyi barədə sərsəm iddiaları havadarları ilə birlikdə tirajlayan Ermənistan növbəti cəfəngiyyatların arxasında daldalanmağa başlayıb.

Məlumdur ki, Nikol Paşinyan Prezident Əliyevin müsahibəsində toxunduğu məsələlərə lideri olduğu partiyanın toplantısında münasibət bildirib. Paşinyan dəhliz barədə danışarkən deyib ki, Ermənistan İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır. Yəni Paşinyan demək istəyib ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqsa, eyni hüquqa Ermənistan da malik olmalıdır. Nikol Paşinyan bildirib ki, Ermənistan da İran kimi eyni şərtlərlə Naxçıvana quru kommunikasiyalarını təmin etməyə hazırdır. Bu, rəsmi İrəvanın Zəngəzur yolunun açılması ilə bağlı yeni “təklifidir”. Çünki bir müddət əvvəl Ermənistan hökuməti bu yolda gömrük və keçid-buraxılış məntəqəsi qurmağı iddia edirdi. Paşinyanın məlum açıqlamasını Ermənistan hakimiyyətinin mövqeyindən geri addım atması kimi də qiymətləndirmək mümkündür. Yada salaq ki, Prezident həmin çıxışında Ermənistan rəsmilərinin bu və ya başqa iddialarına cavab verib, yeni ismarışlar göndərmişdi. Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırıb: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. İlham Əliyev qeyd edib ki, əks halda, Ermənistan əbədi dalan kimi qalacaq: “Dediyim marşrut (Zəngəzur dəhlizi - red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik”. Bu, rəsmi İrəvana və havadarlarına çox qəti ismarış hesab edilir. Ona görə də baş nazir İrandan keçən yolun statusunun Zəngəzur yoluna da şamil edilməsi fikrini söyləyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması əsassızdır. Bu məsələdə onun Azərbaycanla İran arasındakı kommunikasiya xəttini nümunə kimi götürməsi də məntiqsizdir. Çünki burada böyük bir fərq var”. Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. F.Şəfiyev bildirib ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda öz əksini tapıb: “İranla açılan xəttə isə alternativ yoldur”. Mərkəz sədrinə görə, Ermənistan tərəfi Zəngəzurdan dəhliz açılmasına imkan vermədi: “Belə olduğu halda, İran ərazisindən kommunikasiya xəttinin açılması təmin edildi. Təbii ki, burada iki yola sərmayə qoymaq heç də sərfəli deyil”. F.Şəfiyev hesab edir ki, İran tərəfi burada Azərbaycana qarşılıqlı razılaşma əsasında yol verib: “Əslində İranın belə bir öhdəliyi yox idi. Bunun əksinə olaraq isə Ermənistanın Azərbaycanın Naxçıvana çıxışı üçün yol verməklə bağlı öhdəliyi var. Ona görə də burada vəziyyət də tamamilə fərqlidir”. “Report” bu mövqe ilə bağlı şərhində yazıb ki, ABŞ da Paşinyanın bu fikrini dəstəkləyir. Bu, Ermənistan hakimiyyətinin taleyüklü məsələyə təkbaşına qərar vermək qabiliyyətində olmadığını da göstərir. Ehtimal etmək olar ki, Zəngəzur yolu ilə bağlı icazəni İrəvan Vaşinqtondan alıb.

Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizindən danışıb. “Yeni Müsavat”ın məlumatına görə, diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini İran vasitəsilə olduğu kimi təmin etməyə hazırdır” - açıqlamasına sərt reaksiya verib. Qeyd edib ki, bu marşrutları müqayisə etmək düzgün deyil. “Cənab Paşinyanın Ermənistan ərazisindən tranzit üçün eyni şərtləri (Azərbaycandan Naxçıvana İran ərazisindən keçməklə tranzit üçün istifadə olunacaq şərtlər nəzərdə tutulur) istədiyi barədə dediklərində heç bir məntiq görmürəm. Açığını desəm, bu marşrutları müqayisə etmək yersizdir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Rusiyanın baş diplomatı onu da deyib ki, Putin, Paşinyan və Əliyev arasında üçtərəfli razılaşmalar çərçivəsində Zəngəzur dəhlizi heç vaxt müzakirə olunmayıb. Lavrov 10 noyabr 2020-ci il tarixli bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılacağının və Ermənistanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verdiyinin, nəzarətin isə Rusiya Federasiyası FTX-nin sərhəd xidməti tərəfindən həyata keçiriləcəyinin əks olunduğunu xatırladıb. Göründüyü kimi, Paşinyanın “qara günləri” qabaqdadır, Rusiyadan da tərs şillə aldı...

Arzu Nağıyev: Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir -  AZƏRTAC

Arzu Nağıyev 

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələdə bir neçə məqamı nəzərə almaq lazımdır: “Məlumdur ki, İran ərazisindən keçən yol əvvəllər də var idi və Naxçıvanla əlaqəmiz həyata keçirilirdi, gömrük və digər prosedurlar da tətbiq edilirdi. Lakin 10 noyabr sazişinə uyğun olaraq, Zəngəzur əsasən dəhliz kimi nəzərdə tutulurdu. Həmçinin dəhlizin iki tərəfdən mühafizəsini Rusiya FTX-nin Sərhəd Qoşunları həyata keçirməli idi. Buna alternativ olaraq Paşinyan hakimiyyəti əlavə hərbi birləşmələr yaratdı və dəhlizin qorunmasının onlara həvalə ediləcəyini rəsmiləşdirdi. Bu yolla Rusiyanı dəhlizdən aralamağa cəhd etdi, baxmayaraq ki, Rusiya Ermənistanın dövlət sərhədlərini qoruyur. Deməli, məqsəd həm də Rusiyanın imkanlarını azaltmaqdır”. A.Nağıyevin sözlərinə görə, bu isə həm Vaşinqtonun, həm də Qərbin çoxdankı istəyidir: “Digər məsələ Paşinyan hakimiyyətinin ortaya atdığı Hindistan-İran marşrutu üzrə daşınmalar məsələsidir. Paşinyan hakimiyyəti bildirir ki, ticarət yolu erməni şirkətləri üçün, o cümlədən məhsullarının Hindistana ixracı baxımından yeni imkanlar açır. Ona görə də Ermənistan tərəfinin Hindistanda geniş nümayəndəliyi olmalıdır. İrəvan ümid edir ki, ticarət yolunun işə salınması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Aİ arasında və əks istiqamətdə ticarət dövriyyəsini və yükdaşımaları kəskin şəkildə artıracaq. Bu məsələni 2024-cü ilin may ayına qədər həll etmək fikrindədirlər. Buna görə də Zəngəzur dəhlizi məsələsini yubadırlar. Təbii ki, Ermənistan hakimiyyətinin belə bir taleyüklü məsələyə təkbaşına qərar verməsi inandırıcı deyil”. Millət vəkili təəssüflə qeyd etdi ki, beynəlxalq güclər bu problemlərin həllinə öz prizmalarından yanaşırlar: “Baxmayaraq ki, Ermənistanın, daha doğrusu, Paşinyanın imzası ilə Azərbaycanın Naxçıvana çıxışı üçün dəhlizlə bağlı öhdəliyi var. Perspektivdə Zəngəzur dəhlizinin açılması labüddür, çünki müxtəlif dövlətlərin siyasi iradəsi ilə hərəkət edən və öz müstəqil daxili daxili və xarici siyasəti olmayan Ermənistan istənilən vaxt sadalanan mövqeləri itirə bilər və gələcəkdə də yenə regionla dövlətlərlə müvafiq qərar qəbul etməlidir...”

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə deyir ki, Ermənistan rəhbərliyinin konkret olaraq Zəngəzur yolu ilə bağlı şərtlər irəli sürməsi, xüsusilə bunu İranla müqayisə etməsi yolverilməzdir: “Çünki Zəngəzurla bağlı məsələlərdə razılaşma var və Ermənistan öhdəliyə əməl etməlidir. Əvvəl Ermənistan deyirdi ki, Azərbaycan Zəngəzuru silahla almaq istəyir, bunu bəhanə gətirirdilər. Bu bəhanələri də boş oldu. İndi də deyir ki, adı "yol" olmalıdır. Ermənistan bununla Azərbaycanla Naxçıvanı birləşdirən yola maneəsiz giriş-çıxışı vermək istəmir. Bu, çox ciddi məsələdir. Ermənistan bu razılaşmaya əməl etməyincə, sülh müqaviləsi bağlanmaya bilər". M.Əsədullazadə təsdiqlədi ki, Qərb prosesə özünün nəzarət etməsinə çalışır: “Ermənistan da müstəqil siyasətə malik deyil. Əgər Ermənistan dəhliz vermirsə, biz Ermənistanla niyə sərhədləri açmaliyiq?! Düşünürəm ki, N.Paşinyan buraya yenidən əlavə qüvvələri cəlb edib, Azərbaycana təzyiq edəcəyini güman edir. Amma Azərbaycan Zəngəzur yolunun maneəsiz giriş-çıxışına nail olmayınca, normallaşma prosesinə getməyəcək. Azərbaycan Zəngəzurda Ermənistanın suverenliyini tanıyırsa, İrəvan nədən çəkinir? Sadəcə, Azərbaycanı növbəti mərhələdə təzyiqdə saxlamaq üçün Zəngəzur yolunda sərhəd və gömrük sisteminin tətbiqində maraqlıdır. Bu, razılaşmaya ziddir və Ermənistan yenidən sülh müqaviləsinin bağlanmasında maraqlı deyil”.

Qardaş Türkiyənin ardınca Rusiyanın da məhz Azərbaycanın mövqeyindən çıxış etməsi isə Ermənistanın “ya dəhliz, ya dalan” variantlarından birinə üstünlük verməsinə gətirib çıxaracaq, buna şübhəmiz yoxdur. Seçim Ermənistanındır!

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR