Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyətinin Qərbin təsiri altında həyata keçirdiyi siyasət bölgəyə yaxşı heç nə vəd etmir; baş nazirin planları öz başında çatlaya bilər; xəbərdarlıq: “Belə vəziyyətdə növbədənkənar parlament seçkiləri barədə qərar verilməsinin müəyyən riskləri var”
Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. “Yeni Müsavat” bildirir ki, bu barədə “İravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb.
Erməni mediasındakı materialda qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar. “O, hətta ən pis halda seçki siyahısına şəxsən rəhbərlik etməyəcəyinə, təki "öz" adamının olmasına işarə edib. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və kuluarlarda narahatlıqlarını ifadə edərək liderlərinin kimi “qurban” verə biləcəyini sual ediblər", - nəşr qeyd edir. Maraqlısı budur ki, daha əvvəl Paşinyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirmişdi.
Bəllidir ki, Paşinyanın ölkədəki reytinqi əvvəlki kimi yüksək deyil. Xüsusən də son aylar onun reytinqi xeyli aşağı düşüb. Ancaq buna baxmayaraq, rusiyapərəst müxalifətlə müqayisədə Paşinyan və komandası üstün mövqedədir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbi var. Obyektiv səbəb odur ki, Qarabağın 30 il işğal altında saxlanılması ermənilərə xoşbəxtlik gətirmədi. Əksinə, Ermənistanı iqtisadi baxımdan təcrid etdi, ölkədən miqrasiya sürətləndi. Subyektiv səbəb odur ki, erməni cəmiyyətinin yaddaşında “Qarabağ klanı”nın 20 illik hakimiyyəti korrupsiya və talançılıqla qalıb. Onlar hakimiyyətə gəlsələr belə, yeni heç nə təqdim edə bilməyəcəklər. Ən başlıcası isə Qarabağı bir də işğal edə bilməyəcəklər. Erməni cəmiyyəti də bunun fərqindədir. O zaman Paşinyan nədən ehtiyat edir? Paşinyan ehtiyat edir ki, hakimiyyətə gəlməzdən əvvəl verdiyi populist vədlər bir gün onun özünə qarşı çevriləcək. Yəni həmin vədləri yerinə yetirmədiyi üçün cəmiyyət ondan hesabat tələb edəcək. Paşinyan parlament müxalifətindən ehtiyat edir. Çünki Rusiyaya bağlı olan bu qüvvələr onun üçün təhlükədir. Paşinyan istəyir ki, növbəti seçkidə parlament müxalifəti Qərbə yaxın olsun. Çünki bu, onun üçün daha uyğundur, nəinki indiki revanşist qüvvələr. Ola bilsin ki, Azərbaycanla sülh sazişi imzalamazdan əvvəl yeni komanda formalaşdırmaq istəyir. Hazırda bunun üçün müəyyən mühit var. Məsələ ondadır ki, Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yaxşıca qazanıb. Rusiyanın sanksiyalara məruz qalan onlarla şirkəti ofis və qeydiyyatlarını Ermənistana köçürüb rahatca işləyirlər. Bütün bunlar iqtisadi baxımdan Ermənistana fayda verir. Ola bilər Paşinyan bu amildən çıxış edərək əmindir ki, seçkiləri udacaq. O səbəbdən növbədənkənar seçkilərə gedə bilər. Çünki bu gün olan əlverişli məqam növbəti il olmaya bilər.
Belə görünür ki, N.Paşinyan sülh müzakirələrini uzatmaqla həm də hakimiyyətlə bağlı planlarını rahat şəkildə həyata keçirmək, kreslosunda növbəti müddət üçün möhkəmlənmək istəyir. Gedişat nə vəd edir, Paşinyan istədiklərinə nail ola, “bir əldə iki qarpız tuta” biləcəkmi? Müşahidələr və Ermənistanın ötən illərdəki təcrübəsi onu deyir ki, Nikol Paşinyanın planları öz başında çatlaya bilər, revanşistlərin terroruna məruz qala, yaxud hakimiyyətdən devrilməklə siyasi ömrünə balta çalına bilər.
Sahib Alıyev
Ekspertlərin bu mövzu ilə bağlı yanaşmaları fərqlidir. Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanda hələ bu il parlament seçkisini qaçılmaz edən hər hansı proses getmir: “Buna ehtiyac duyulub-duyulmayacağını Avropa Birliyinə üzvlüklə bağlı başladılan oyunun necə davam etdiriləcəyi və ona verilən reaksiyalar göstərəcək. Paşinyan hazırda yeni seçki yox, Donald Trampa çıxış tapmaq peşindədir”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Nikol Paşinyan reytinqinin aşağı düşdüyünün fərqindədir: “Ona görə də Ermənistanın baş nazirinin belə vəziyyətdə növbədənkənar parlament seçkiləri barədə qərar verməsinin müəyyən riskləri var. Eyni zamanda müxalifət də zəifdir və erməni cəmiyyətinin radikal müxalifətə etibarı yoxdur. Bu səbəbdən erməni cəmiyyəti pislə (Paşinyan) ən pis (radikal müxalifət) arasında seçim edərsə, yenə birinciyə üstünlük verəcək. Paşinyan bu amildən istifadə etmək üçün çalışa bilər. Yəni nə qədər ki, erməni cəmiyyətində müxalifətə inam yoxdur, Paşinyan erkən parlament seçkiləri vasitəsilə mövqeyini gücləndirmək istəyə bilər”. Bununla belə, E.Şahinoğlu hesab edir ki, Paşinyan erkən parlament seçkisi barədə düşünürsə, tələsməlidir: “Çünki vaxt onun əleyhinə işləyə bilər. Paşinyan erkən parlament seçkiləri ilə yanaşı, konstitusiyanın dəyişdirilməsini də referenduma çıxarmalı və əsas qanundan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən bəndləri çıxarmalıdır. Bu halda Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra biləcək”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi ekspert Tural İsmayılov öncə vurğuladı ki, Ermənistan normal ölkə deyil: “Rəsmi İrəvanın bütün fəaliyyət və missiyası regionda gərginlik yaratmaq, provokasiyaları artırmaqdır. Bu isə Azərbaycandan daha çox Ermənistanın özünə problem yaradır. Ermənistanın qarşısına Azərbaycan dəqiq və aydın xətt qoyub: sülh müqaviləsinin imzalanması. Bu müqavilə Ermənistanın düşdüyü ağır iqtisadi və siyasi bataqlıqdan çıxmasına səbəb ola bilər. Çünki Azərbaycanla sülh birmənalı olaraq Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərinin açılması deməkdir”. T.İsmayılov qeyd etdi ki, Ermənistan bütün bu situasiyaları və reallıqları dəyərləndirmək gücündə olan bir ölkə deyil: “Ermənistandakı faşizm ölkə hakimiyyəti tərəfindən də qarşısı alınmayan bir prosesə çevrilib. Nikol Paşinyan və Ararat Mirzoyanın mətbuata verdiyi sonuncu müsahibədə açıq-aydın görmək olur ki, Ermənistan tərəfinin reallıq hissi tamamilə yox olub. Qarşıda Ermənistan üçün tək bir yol var: o da qalib tərəf kimi öz torpaqlarını işğaldan azad edən Azərbaycanın sülh çağırışlarına cavab vermək”. Siyasi şərhçi dövlət başçımızın xəbərdarlığını da xatırlatdı: “Prezident İlham Əliyev yerli mətbuata verdiyi müsahibədə vurğuladı ki, "Sülh bizdən çox, Ermənistana lazımdır". Bəli, Ermənistanın əlində heç bir şans qalmayıb. Bu ölkə ya Azərbaycanın sülh müqaviləsindəki təkliflərini qəbul edəcək, ya da ümumiyyətlə çıxılmaz vəziyyətdə qalacaq. Odur ki, seçim şansı Ermənistanındır. Xaricdəki havadarları tərəfindən silahlanıb, Azərbaycan əleyhinə provokasiyanın icraçısı olmaqdan artıq vaz keçməlidir. Paşinyan seçkilərdə uğurlu nəticə qazanmaq istəyirsə, daha adekvat addımlar atmalıdır. Əks halda, gələn il onun üçün çətin olacaq".
E.PAŞASOY,
“Yeni Müsavat”
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ