Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp “İrana maksimum təzyiq” siyasətini canlandıracaq fərman imzalayıb. Tramp bu qərardan məmnun olmadığını, lakin “İrana qarşı sərt davranmağa məcbur olduğunu” deyib. “İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın nüvə silahı ola bilməz”, - Tramp deyib.
Tramp iranlı həmkarı Məsud Pezeşkianla mümkün görüş barədə də danışıb. Ağ Evdə jurnalistlərlə söhbəti zamanı “İran prezidenti ilə görüş və ya birbaşa əlaqə barədə düşünəcəksinizmi” sualına Tramp “hə” cavabını verib.
“Görəcəyik ki, İranla razılığa gələ bilək, yoxsa yox”, - Amerika lideri qeyd edib. Tramp vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz. Trampdan ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd olarsa, İranın hansı nəticələrlə üzləşə biləcəyi də soruşulub.
“Bunu etsələr, məhv olacaqlar. Bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - deyə Amerika lideri əlavə edib. Donald Tramp bildirib ki, ABŞ-ın İsraillə əməkdaşlıq edərək İranı məhv etmək niyyətində olduğu barədə xəbərlər çox şişirdilib. Bu barədə isə Tramp “Truth” sosial şəbəkəsində yazıb. “Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm. ABŞ-ın İsraillə birgə fəaliyyət göstərərək İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir. Mən İranın sülh yolu ilə böyüməsinə və çiçəklənməsinə imkan verəcək sülh sazişinə üstünlük verərdim. Biz dərhal bunun üzərində işə başlamalıyıq və imzalanandan və tamamlandıqdan sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik. Tanrı Yaxın Şərqi qorusun!”, - o əlavə edib.
İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın “Tehranın neft ixracını sıfıra endirmək” siyasətinə reaksiya verib. Məsud Pezeşkian Energetika Nazirliyində keçirilən mərasimindəki çıxışında deyib: “Amerikalılar neft ixracatımızı dayandırmaq istəyirlər, çünki onlar hər şeyin neftdən asılı olduğunu düşünürlər. Sanksiyaları neytrallaşdırmağın bir çox yolu var”.
Diqqətçəkən budur ki, bir gün ərzində ABŞ prezidenti İrana münasibətdə fərqli mövqelər nümayiş etdirib. Bu, Trampın İranla bağlı hələ müəyyənləşməmiş siyasəti olduğunu göstərir, yoxsa?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ag Evə ikinci dəfə qayıdan Tramp cənub qonşumuzu sözəbaxan etmək niyyətindədir: “Tramp İran mövzusunu Ağ Evdə Benyamin Netanyahu ilə müzakirə edib. Netanyahunun mövqeyi qətidir: "İranın hərbi mərkəzlərinə zərbələr endirilməlidir ki, bu ölkə nüvə silahı yarada bilməsin". Vaşinqton da İranın nüvə silahı əldə etməsinin əleyhinədir və buna imkan vermək istəmir. Ancaq Tramp Netanyahudan fərqli olaraq İrana zərbə endirmək məsələsində tərəddüd keçirir. Çünki Tramp elan edib ki, o, müharibələrə başlamaq deyil, müharibələri bitirmək istəyir. İranla müharibə isə böyük dağıntılara və bölgədə gərgin vəziyyətin yaranmasına səbəb ola bilər. Tramp İrandakı rejimi sözəbaxan etmək istəyir. Ancaq bu mümkün olsaydı, Trampdan əvvəlki prezidentlər bu hədəfə çatardılar. Trampın iranlı həmkarı Məsud Pezeşkianla mümkün görüşü də heç nəyi həll etməyəcək. Çünki İranda söz sahibi mühafizəkar dairələridir, onlar isə Amerika və İsrailə düşmən gözü i lə baxırlar".
Ekspertin sözlərinə görə, ABŞ və İsrail İranın nüvə çalışmalarından ciddi narahatdır. Məhz buna görə Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun 4 fevralda baş tutan görüşlərində İran mövzusu xüsusi diqqət mərkəzində olub: “İsrail ABŞ-a tövsiyə edir ki, İranın hava müdafiə sistemi zəif olduğu bir vaxtda onun nüvə obyektlərinə zərbələr endirilsin. Lakin Tramp hələ ki, bu cür hərbi addımların əleyhinədir və müharibə istəmir. Buna baxmayaraq, Vaşinqtonun Tehrana təzyiqləri davam edəcək”.
Elxan Şahinoğlu əlavə edib ki, İran nüvə çalışmalarından imtina etdiyini yalnız bəyanatlarla deyil, əməli şəkildə sübut edərsə, Tramp danışıqlara açıq ola bilər. Hətta ABŞ prezidenti İranın mötədil islahatçı kimi tanınan lideri Məsud Pezeşkianla görüşü də istisna etmir: “Bu fərman rəsmi şəkildə təzyiqlərin dərhal həyata keçirilməsi anlamına gəlmir. Tramp bununla İrana mesaj göndərir ki, nüvə çalışmalarından əl çəkdiklərini əməli şəkildə sübut etsinlər və şərtləri qəbul etsinlər. Əks halda, Vaşinqton sanksiyaları daha da sərtləşdirə bilər”.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, İran ABŞ qədər gücü olmasa da, böyük güclərin planlarını pozmaq gücündədir: “Tramp bir iş adamı kimi ilkin mərhələdə maksimalist tələblər irəli sürərək, sonda kompromis əldə etməyi hədəfləyir. Bu yanaşmanı Qəzza məsələsində də görmək mümkündür. Tramp Qəzzadan fələstinlilərin köçürülməsi kimi maksimalist təkliflər irəli sürərək, əslində danışıqlar prosesində daha real məqsədlərini əldə etməyə çalışır. Onun əsas məqsədi bölgədə HƏMAS-ın siyasi hakimiyyətinə son qoymaqdır. Bunun üçün o, İsrail, Türkiyə və ərəb dövlətlərinin birgə razılığı ilə konsorsium modeli üzərində razılığa gələ bilər. İran məsələsində də eyni taktikaya əl atır. Tramp prezidentliyinin ilk dönəmində İranla bağlı sərt ritorika sərgiləsə də, onun əsas məqsədi Tehranın Yaxın Şərqdə təsir imkanlarını məhdudlaşdırmaqdır. İran ABŞ qədər güclü olmasa da, regionda proksi qüvvələr vasitəsilə böyük dövlətlərin planlarını pozmaq gücünə malikdir. Buna görə də Tramp administrasiyası İranla müəyyən səviyyədə kompromis əldə etməyə çalışa bilər. Diqqətə almaq lazımdır ki, Yaxın Şərq və Müsəlman Asiyada tarixi güc mərkəzləri üç əsas qrupdan ibarətdir: türkdilli xalqlar və onların dövlət qurumları; ərəblər və onların formalaşdırdığı siyasi sistemlər; irandilli mədəniyyətin dövlətləri. Bu üç güc bölgədə müxtəlif dövrlərdə fərqli idarəetmə sistemləri və siyasi formalar qəbul etsələr də, öz mövcudluqlarını qorumağı bacarmışlar. Şərq ölkələrinin bu özünəməxsus immuniteti xarici güclərin tamamilə dominantlıq əldə etməsinin qarşısını alır. Tramp hələlik yeni komandası ilə tam gücü ilə fəaliyyətə başlamayıb. Onun İran və digər məsələlərlə bağlı ritorikası əsasən danışıqlar üçün konseptual çərçivə formalaşdırmağa xidmət edir. Lakin yaxın gələcəkdə beynəlxalq proseslərin necə inkişaf edəcəyi bir çox faktordan asılıdır. Siyasi arenada fors-major hadisələrin baş verməsi istisna deyil və bu, Tramp administrasiyasının strategiyalarına təsir göstərə bilər. Bununla belə, ABŞ-ın qlobal hegemonluğu artıq əvvəlki kimi sarsılmaz deyil. Regional güc mərkəzləri, xüsusilə Türkiyə, İran və ərəb dünyası öz maraqlarını qorumaqda qərarlıdır. Trampın ikinci dönəmi bu güc balansının necə formalaşacağını müəyyən edəcək əsas amillərdən biri olacaq”.
Cavanşir ABBASL,I
“Yeni Müsavat”
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ