Onlayn ictimai-siyasi qəzet
Hövsanda piyadanı vuraraq öldürən sürücüyə hökm oxunub. Mərhumun ailəsi sürücünü bağışlayıb.
Musavat.com xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində 38 yaşlı Həmzəyev Həmid Pənah oğlu idarə etdiyi "Zil 130" markalı avtomobillə 65 yaşlı Məmmədov Nahid Talıbağa oğlunu vuraraq ölümünə səbəb olub.
Həmid Həmzəyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İşə Suraxanı Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs deyib ki, axşam 8-də evə gedən zaman yol kənarında bir nəfərin əlindəki köməkçi vasitə ilə dayandığını görüb. Onun sözlərinə görə, yaxınlaşan zaman həmin şəxsin hərəkət etdiyini görüb. Maşını sağa çəksə də, qəzadan yayına bilməyib və piyadanı vurub. Hadisə yerinə təcili yardım çağırıb, yaralıya kömək edib. Amma xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun hüquqi varisi məhkəmədə dindirilən zaman şikayətçi olmadığını bildirib.
Məhkəmə zərərçəkmiş tərəflə barışığı, təqsirləndirilən şəxsin himayəsində 3 uşağının olmasını nəzərə alıb. Ona 1 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə və 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İ.Muradov
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ