İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın miqrant ovundan ŞOK GÖRÜNTÜLƏR - azərbaycanlılar da...

Xəbər verdiyimiz kimi, Rusiyada daxili işlər orqanlarına fevralın 5-dən etibarən ölkə ərazisində qeyri-leqal yaşayan miqrantları məhkəmə qərarı olmadan deportasiya etmək imkanı verən qanun qüvvəyə minib.

Musavat.com xəbər verir ki, miqrantların deportasiya edilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Xüsusilə Moskva və digər iri şəhərlərdə bazar yerləri, ticarət mərkəzləri və işçi sektorlarında çalışan xarici vətəndaşlar kütləvi yoxlamalara məruz qalır. Bu yoxlamalar çərçivəsində yüzlərlə miqrantın saxlanıldığı və deportasiya proseslərinin başladıldığı bildirilir. Deportasiya edilənlər arasında azərbaycanlılar da var. 

Məlumata görə, Rusiyanın paytaxtı Moskvada yerləşən "Prince Plaza" ticarət mərkəzində miqrantlara qarşı genişmiqyaslı reyd keçirilib. Təqdim etdiyimiz bu görüntülərdə qaçanların əsasən miqrantlar, onların ardınca hərəkət edənlərin isə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu iddia edilir. Məlum olduğu kimi, hazırda Rusiyada miqrantlara qarşı ciddi təzyiqlər davam edir. Xüsusilə sənədsiz və qeydiyyatsız yaşayan miqrantlar saxlanılaraq ölkədən deportasiya edilir. Bildirilir ki, "Prince Plaza" ticarət mərkəzində təxminən 300 miqrant saxlanılıb və onların əsasən Tacikistan əsilli olduğu bildirilir.

Miqrantlarla bağlı yayılan görüntülər və polisin müdaxiləsi panikaya da səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi miqrantların polisdən qaçaraq ticarət mərkəzlərinin içərisində və ya bazar ərazilərində gizləndikləri görünür. İnsanların polis nəzarətindən yayınmaq üçün müxtəlif üsullara əl atdığı müşahidə edilir.

Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən miqrantların sənədlərinin ciddi şəkildə yoxlanıldığı nəzarət məntəqələri də qurulub. Viza müddətləri bitən və ya icazəsiz işləyən şəxslərin ölkədən çıxarılmasına dair əməliyyatların davam edəcəyi vurğulanır. Miqrant axınının nəzarətdə saxlanması məqsədilə sərhəd xidmətləri də gücləndirilib.

Xatırladaq ki, Rusiya hakimiyyəti ötən il martın 22-də “Crocus City Hall”da 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra miqrantların işinə məhdudiyyətlərin tətbiqini sürətləndirib. Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il dekabrın 30-u imzaladığı fərmana əsasən, ölkədə yaşayan qeyri-qanuni miqrantlar 2025-ci il aprelin 30-na qədər ölkədən çıxarılmalıdır. 

Onu da bildirək ki, Azərbaycan və Rusiya arasında son dövrlərdə, xüsusilə təyyarə qəzası fonunda münasibətlərin gərginləşməsi bu cür hadisələrin azərbaycanlı miqrantlara da təsir edəcəyi ehtimalını artırır. Son günlər Rusiyada azərbaycanlıların ölkədən çıxarılmasına dair çağırışların artması diqqət çəkir.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR