İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan qətlə yetiriləcəyindən qorxur - ruspərəst müxalifət onu “aradan götürsə...”

Erməni mediası yazır ki, baş nazir mühafizəçilərin sayını artırıb, heç kimə etibar etmir, hamıdan özünü qoruyur; Natiq Cəfərli: “Paşinyana təzyiqlər daha da artacaq, amma...”

Ermənistanda keçmiş prezident Robert Köçəryanın “Hayastan” müxalifət blokunun təşəbbüsü ilə 5 günlük yürüşlər davam edir. Ermənistan parlamenti spikerinin müavini, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan deyib ki, 5 günlük yürüşlərin yekununda mitinq keçiriləcək. Revanşist qüvvələr meydanlarda  birləşərək, xüsusən gəncliyi ayağa qaldırmağa, onları intiqam hissləri ilə yaşamağa, “Qarabağı satan” Paşinyan hakimiyyətinə qarşı çıxmağa təhrik edirlər. Bu qüvvələr başa düşür ki, artıq proses sülh müqaviləsi imzalanmasına doğru gedir. Bu prosesi durdurmasalar, özlərinin də üstündən bir xətt çəkiləcək. O səbəbdən hər keçən gün Paşinyan iqtidarını sarsıtmağa çalışırlar. Hətta mümkündür ki, artıq başqa yol qalmazsa, ya silahlı üsyan, ya da çevriliş etməyə cəhd göstərsinlər, ya da Paşinyanın canına qıymaq varinatına da əl atsınlar. Necə ki, 1999-cu ildə Ermənistan parlamentində terror aktı törədilib.

Ümumiyyətlə, son vaxtlar Paşinyanın gərginliyi və qorxusu artıb. Bu haqda ermənilərin “Past” qəzeti yazır ki, Paşinyanın təhlükəsizliyini təmin edən əməkdaşların sayı, bundan əvvəl də görünməmiş dərəcədə çox olmasına rəğmən daha 15 nəfər artırılıb. “Bizdə olan məlumatlara görə, Paşinyan heç kimə etibar etmir. O, daha çox şübhəçi olub və hamıdan özünü qoruyur. Səfərlər zamanı, o cümlədən görüşlərdən sonrakı qəbullarda o, son dərəcə ehtiyatlı davranır,”, - erməni qəzeti belə yazır. Əslində həqiqətən Paşinyan hakimiyyətdən çəkilərsə və ya onu aradan götürərlərsə, sülh prosesi tam dayanacaq, bəlkə də bundan sonra illərlə irəliləyiş əldə edilməyəcək. Düzdür, gec-tez iqtidarı götürən qüvvələr 10 noyabr sənədi ilə hesablaşmalı olacaq. Üstəlik, Rusiyanın Azərbaycana 90-cı illərdə olan münasibətinin indi sərgilənmədiyini də Köçəryan və digər revanşistlər anlayırlar. Sadəcə, Paşinyanı uzaqlaşdırmaqla prosesi kor dalana sala və uzada bilərlər.

Hətta bəzi məlumatlara görə, Moskvadan erməni müxalifətinin fəaliyyətini Kremllə koordinasiya etmək və Paşinyanı devirmək üçün razılıq almaq niyyəti baş tutmayıb. Bəs o halda Ermənistan müxalifətini qızışdıran hansısa kənar qüvvələr varmı? Paşinyan təzyiqlər və yaxud “ümumerməni maraqları naminə” təhlükəsizliyinə qarantiya alaraq, istefa verib sülh sazişindən çəkilə bilərmi?

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

 Natiq Cəfərli 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyana təzyiqlər daha da artacaq və proses Rusiyadan idarə olunur. Onun sözlərinə görə, Brüssel görüşündə müəyyən razılaşmaların olması, Moskvanın moderatorluğunun zəifləməsi heç də Kremlin xoşuna gəlmir: “Ermənistandakı mitinqlər də məhz Paşinyana bu üzdən təzyiq məqsədi daşıyır. Ancaq hadisələrin onun istefasına gətirib çıxaracağını düşünmürəm. Çünki 2020-ci ilin dekabrında 15 siyasi partiya birləşib mitinqlər keçirdi, amma əhalidən böyük dəstək gəlmədi, sonra hakimiyyət növbədənkənar seçkilər keçirdi və Paşinyan qalib gəldi. O deməkdir ki, Paşinyan iqtidarının cəmiyyətdə dəstəyi var”.

N.Cəfərli istisna etmir ki, yaxın günlərdə hakim partiyanın da mitinqlərə start verməsinə şahid ola bilərik: “Onlar daha izdihamlı mitinqlər keçirməklə opponentlərinə cavab verə bilər. Yəni müharibədən və seçkidən sonra istefa vermədisə, bundan sonra təzyiqlərə tab gətirəcək”. Paşinyanın təhlükəsizliyini gücləndirməsinə gəlincə, partiya funksionerinin fikrincə, hər bir təxribata hazır olmaq lazımdır: “Ermənistan parlamentində sui-qəsdlər olub, dövlət adamları öldürülüb, odur ki, hər bir təxribat mümkündür. Ona görə Paşinyanın mühafizəçilərini artırması haqda medianın iddiaları real ola bilər”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, erməni müxalifəti heç də demokratlar və ölkənin vətənpərvərləri deyil: “Onlar cəlladlar, xalqa zülm etmiş, ölkədə korrupsiya ilə məşğul olmuş, Ermənistanı talamış və əhalini yoxsulluğa sürükləmiş keçmiş hakimiyyətdir. Belə qüvvələr müxalifətə keçəndə xalqın yaddaşından silinmir və onlara ictimai dəstək olmur. Çünki xalq bilir - əgər yenə bu qüvvələrə şans verilsə, Ermənistanı qaranlıq tunelə salacaqlar. Dünyanın əksər ölkələrində etimadını itirmiş güclərin müxalifətdəki fəaliyyəti uğursuz olur. Köçəryan-Sərkisyan cütlüyü də iflas etmiş qüvvələrdir, onlar Qarabağ mövzusu üzərindən manipulyasiya etməklə xalqdan dəstək qazanmağa, iqtidara təzyiq göstərməyə çalışırlar. Lakin bu sıxma-boğmanın məqsədi hakimiyyəti götürmək deyil, Paşinyanı sülh sazişindən yayındırmaq, onların tələbləri ilə oturub-durmağa məcbur etməkdir. Amma buna nail ola bilməzlər, xalq Paşinyanın onlardan yaxşı olduğunu qəbul edir, hərçənd onun da səhvləri olsa da...”

Emil SALAMOĞLU,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR