İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan o bədnam cümləni sənəddən çıxarır

Müstəqillik aktındakı “Qarabağın Ermənistana birləşdirilməsi” iddiasının ləğvi mümkün olacaqmı? - revanşistlərdən təpki

Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümündə baş nazir Nikol Paşinyan bəyan edib ki, onun müddəaları Qarabağ hərəkatının əsasını qoyaraq, ziddiyyətli xarakter daşıyır. Baş nazirin sözlərinə görə, bu ideologiyadan imtina ölkənin müstəqilliyini qorumaq üçün lazımdır. 

Onun sözlərinə görə, sovet dövründə formalaşmış bu vətənpərvərlik modeli cənub-qərb istiqamətində NATO ilə qarşıdurmaya girmiş İkinci Dünya vüharibəsinin qalib dövlətinin ambisiyalarını ifadə edirdi. Eyni zamanda Ermənistan SSR daxilində vətənpərvərlik istəklərinin yerli-yerində reallaşmasının qarşısını almaq, əksinə, onları xaricə yönəltmək nəzərdə tutulurdu. Paşinyan hesab edir ki, erməni cəmiyyətinə Qarabağ hərəkatının yaranmasına səbəb olan sosial-psixoloji münasibət aşılanıb. Onun sözlərinə görə, onun dərin və şüuraltı məqsədi “müstəqil Ermənistan dövlətinin mövcudluğunun strateji mümkünsüzlüyü” olub. “Əvvəlcə münaqişə konteksti olan ölkə əsl müstəqillik qura bilməz, ona görə də Qarabağ hərəkatından imtina etmək lazımdır. Əks halda, bu, Ermənistanın müstəqilliyinin ləğvi demək olardı”, - deyə o vurğulayıb.

2020-ci il müharibəsini şərh edən Paşinyan vurğulayıb ki, güzəştə gedə bilməz, çünki bu, onun sözlərinə görə, yalnız Ermənistanın asılılığını artıracaq və dövlətçiliyini şübhə altına alacaq. Eyni zamanda o bəyan edib ki, bu gün respublika “həmişəkindən daha müstəqildir” və İrəvanla Bakı arasında sülh yaranıb.

Ermənistanın müstəqilliyini qorumaq və reallaşdırmaq strategiyası seçdiklərini vurğulayan Paşinyan “Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh yolu ilə həll mümkün olub, Türkiyə ilə həqiqi dialoq gündəmi yaranıb, Gürcüstan və İranla əlaqələrimiz dərinləşməlidir”, - deyib.

Yada salaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana məxsus olduğu vurğulanır və bu bəyannaməyə ölkə konstitusiyasında da istinad edilib. Azərbaycan isə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına düzəlişlər edilməsini şərt qoyub.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan çıxışında daha ənənəvi ton seçib və bəyan edib ki, bəyannamə xatırladır: müstəqillik hədiyyə deyil, gündəlik vəzifədir. O vurğulayıb ki, dövlət institutlarının gücləndirilməsi və ədalətli cəmiyyət quruculuğu ölkənin qarşısında duran vəzifələr olaraq qalır.

Bütün bu açıqlamalara görə revanşistlər Paşinyana qarşı həmləyə başlayıblar. Onlar hökumət başçısını “artsaxı verdiyinə görə” ittiham edirlər. Onun “Qarabağ hərəkatına imkan verməyəcəyini” söyləməsi də separatçı-revanşist qüvvələri hərəkətləndirib. 

Məsələn, Erməni Milli Konqresinin mərkəzi ofisinin koordinatoru Levon Zurabyan deyib ki, Paşinyan “artsaxı qurban verməklə Ermənistanın müstəqilliyini qoruyub saxlamadı, əksinə, Ermənistanı ərazi itkilərinə baxmayaraq, tədricən Azərbaycanın vassal dövlətinə çevirdi”.

Bəs baş nazirin bu bəyanatlarının məğzi nədir? Paşinyan müstəqillik deklorasiyasından o iddianı çıxarmağa hazırlaşırmı? Revanşist müxalifət ona əngəl ola bilərmi? 

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Ermənistanın Müstəqillik bəyannaməsinin preabmula hissəsində Azərbaycana qarşı ərazi iddiaları var və konstitusiya da ona istinad edir. Q.Hüseynli İrəvanın bu dəyişikliyə getməyə məcbur olduğunu düşünür: “Azərbaycan "ev tapşırığı" verib və onu yerinə yetirməlidir. Paşinyanın son bəyanatlarında bu məsələyə sətiraltı eyham vurulub. Bu da Qarabağ müharibəsində məğlubiyyətin nəticəsidir. Əgər torpaqlarımız işğal altında olsaydı, bu gün Paşinyan belə danışmazdı. Ona görə özümüzü gərək aldatmayaq, qarşımızda bir erməni olduğunu unutmayaq. Biz bilməliyik ki, Azərbaycanın qazandığı zəfər indi erməniləri bu addımlara vadar edir. O baxımdan, müstəqillik aktından həmin müddəanın çıxarılması qaçılmazdır. Sadəcə, referendum olmalıdır".

Q.Hüseynlinin fikrincə, Paşinyan baş verənləri SSRİ-nin "mirası" sayır və indi bundan qurtulmağa çağırır: “Erməni cəmiyyətinə açıq şəkildə izah edir ki, ölkənin müstəqilliyi Qarabağ məsələsindən imtinadan asılıdır. Yəni nə zamansa yenə bu xam xəyala, mifik arzulara qapılıb Azərbaycan torpaqlarına hücum haqda fikirləşmək, plan qurmaq həvəsinə düşsək, "artsax" kimi çürük ideyalar arxasınca getsək, Ermənistan inkişaf etməyəcək. Çünki yeni qurbanlar, yeni faciələr və fəlakət deməkdir. Bundan da kənar qüvvələr istifadə edəcək. Paşinyan bu reallığı ermənilərə təbliğ edir. Bununla göstərir ki, qonşularla ədavətdən əl çəkməliyik. Ermənistan Rusiyanın nökəri olaraq qalmaq istəyirsə, onda “artsax” kimi səfeh ideyaları davam etdirsinlər. Ancaq işıq gələn tərəf var - Türkiyə ilə quru sərhədlərin açılması şansı. İndi hansı yaxşıdır: Qarabağa görə separatçı hərəkat, yoxsa Türkiyə, Azərbaycanla normal əlaqələr, Avropaya çıxış, iqtisadi dirçəliş? Odur ki, müstəqillik aktında mütləq şəkildə o dəyişikliyi görəcəyik. Məncə, bu proses sürətlənəcək. Ermənistanın Konstitusiya Məhkəməsi toplaşaraq ilkin rəy verə bilər. Burada Paşinyanın siyasi iradəsi də mühümdür. Onun Konstitusiya Məhkəməsinə təsiri hadisələri operativləşdirə bilər. Ermənistan anlamalıdır ki, regionda vəziyyət kövrəkdir, Rusiya təzyiq göstərir və bu problemləri vaxtında həll etmək lazımdır".

Qeyd edək ki, sözügedən bəyannamə 23 avqust 1990-cı il tarixində İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunub, Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin katibi Ara Sahakyan tərəfindən imzalanıb. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR