Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb, İrəvan isə bunu "borc"la izah edir; ekspertlərin fikrincə, anti-Moskva ritorikası güclənəcək
İrəvan Kremlə açıq demarş edir. Belə ki, Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına səbəb olacaq. “Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi QSC ilə "Kanal 1" arasında mövcud razılaşmaya əsasən, Qlobal Şəbəkə ASC, Kanal 1, Qlobal Şəbəkə 2,5 aydır borc və müqavilə öhdəliklərini yerinə yetirməyib". “Rusiya kanalının (ORT - red.) ictimai multipleksdə yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb”, - Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib. Buna qədər isə Paşinyan MDB Hökumət Başçıları Şurasının iclasını boykot etməklə Moskvaya “əlcək atmışdı”. İndi isə "Birinci kanal"ın yayımı bloklanıb.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, hər zaman ermənipərəst mövqeyi ilə fərqlənən deputat Konstantin Zatulin Nikol Paşinyan barədə çox sərt danışıb. O deyib ki, Paşinyanın hakimiyyətdə qaldığı hər gün Rusiya üçün təhqirdir. Zatulin Paşinyanı anti-Rusiya əhvalı yaratmaqda və nankorluqda suçlayıb: “Ermənistan adlı bir dövlətin mövcud olması Rusiya sayəsində baş verib. Paşinyan isə özünün əməlləri nəticəsində son illərdə baş verənləri Rusiyanın üzərinə atır, bizi günahkar göstərir. Ona da Ermənistanda inanırlar. Bütün bunlar yalandır! Rusiyanın reytinqi Ermənistanda sürətlə düşür və bunun da səbəbkarı Paşinyandır”. Rusiyanın 1-ci kanalı ilə yayımlanan həmin verilişdə iştirak edən digər təhlilçilər də bir ağızdan Paşinyanı və onun hökumətini suçlayıblar.
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyanı hakimiyyətə gətirən qüvvələr Rusiyanın Ermənistanda təsirlərini azaltmaq istəyir. Analitikn qənaətincə, bu, hərbi-iqtisadi sahələrlə yanaşı kütləvi kommunikasiyalarla da bağlıdır. “Yəni Rusiyadan gələn informasiyanı bloklayırlar. Bu gün rus kanalları ilə yanaşı rus dilinə qarşı da təbliğat gedir. Sözsüz ki, Qərbdən gələn təlimatdır və Paşinyan onu yerinə yetirir. Fikrimcə, erməni iqtidarı bu tapşırıqları davam etdirəcək. Çünki Qərbdə olan havadarları radikal Paşinyan görmək istəyirlər. Odur ki, anti-Rusiya ritorikası güclənəcək”. A.Məsiyevin fikrincə, Moskvanın hərbi-siyasi, iqtisadi təsir rıçaqları var və onlardan hələ istifadə etmir: “Kreml gözləyir ki, Paşinyan daha radikal addımlar atsın və cavab tədbirləri görmək üçün əsas yaransın”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev isə hesab edir ki, Ermənistan hakimiyyəti Rusiya əleyhinə addımlarını sürətləndirir və getdikcə gərginliyi artırır. Onun sözlərinə görə, Rusiya telekanallarında Paşinyan tənqid olunur, amma eyni yanaşmanı erməni televiziyalarında da görmək olar. Ekspertin fikrincə, sonuncu qərar münasibətləri daha da kəskinləşdirəcək: “Əvvəlcə Solovyovun efiri bloklandı, indi isə dövlətin kanalına stop qoyuldu. Bu, Rusiyaya meydan oxumaqdır. Ola bilsin ki, müzakirələr nəticəsində məsələ həllini tapsın, borc ödənilsin, hələ ki rəsmi təqdimatı belədir. Amma belə gedişat Paşinyan üçün yaxşı gələcək vəd etmir. Onun Rusiya ilə düşmənçilik siyasəti hakimiyyətinin davamlı təzyiq altında qalmasına səbəb olur. Rusiya hələ ki dözümlü davranır, amma yekunu gözləyir”.
F.Əliyevin sözlərinə görə, iki ölkə arasında informasiya mübadiləsi, bu yöndə əməkdaşlığa dair razılaşmalar mövcuddur: “Ermənistanın Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi var. İndi İrəvan bəyan edir ki, bu sənəd birtərəfli qaydada ləğv edilə bilər. Amma Ermənistanda da antirus ab-havası gücləndirilib. Yəni Rusiya telekanalları Paşinyan hakimiyyətini boş yerə tənqid etmirlər. Rusiya üçün müttəfiq və dost görünən Ermənistanda əhalidə ruslara qarşı mənfi rəy yaradılıb. Bu da Moskvanın xoşuna gəlmir. Buna qədər də məktəblərdə rus sektorunun bağlanması və digər addımlar atılıb”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ