Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları bölgədə yeni nəqliyyat konfiqurasiyasının formalaşacağına dair ciddi siqnallar verir. O, Ermənistan ərazisindən Azərbaycan vasitəsilə həm daxili, həm də beynəlxalq daşımaların mümkünlüyünü dəstəklədiyini bildirib. Bu bəyanat regional əməkdaşlıq və kommunikasiyaların açılması baxımından diqqətçəkici hesab olunur.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, nəticələr yalnız Azərbaycan üçün maraqlı deyil, digər iştirakçıların da gözləntiləri var və regionda davamlı sülhün təşviqi üçün bu prosesin gözlə görünən nəticəsi olmalıdır:
"Artıq 5 ildir ki, regional kommunikasiyaların açılması ilə bağlı proseslər gedir. Ümumiyyətlə, bu proseslər hərtərəfli, mərhələli şəkildə inkişaf edir. Lakin hamıya aydındır ki, Cənubi Qafqazda gözlə görünən nəticələr olmalıdır.
Qeyd edim ki, bu prosesdə təkcə Ermənistan deyil, həmçinin regional maraqları olan üçüncü tərəflərin də qazancları olacaq. Kommunikasiyaların açılışı üçün geosiyasi və geoiqtisadi məqamlar üzərində aparılan proseslərdən əlavə, bunun regionun daxilindən qaynaqlanan daxili tələbatları da mövcuddur. Bu kontekstdə Ermənistan daxilində baş verən prosesləri ayrıca qeyd etmək olar”.
Politoloq əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyan müəyyən bir siyasi xətt başlatmışdı və həmin xəttin davam etməsi üçün Ermənistan xalqına bu prosesin davamlılığını sübut etməyə çalışır:
“44 günlük Vətən müharibəsindən sonra onun hakimiyyətdə qalmasına dəstək verən tərəflərlə münasibətlər baxımından bu, vacibdir. Eyni zamanda, Ermənistan daxilində bu prosesin ölkənin iqtisadi vəziyyətinə də fayda verəcəyi ilə bağlı gözləntilər var. Gözlə görünən inkişaf olduğu təqdirdə, hökumət və başda olmaqla Nikol Paşinyan bunu ictimaiyyətə öz uğuru kimi təqdim edə bilər. Xüsusilə Əbu-Dabidəki görüşdə müzakirələrdən sonra bu kontekstdə dəyişikliklərin gözlə görünməsi vacibdir”.
Ekspertin sözlərinə görə, Ermənistanda cəmiyyətin Nikol Paşinyana qarşı çıxmasını iddia etmək üçün əsaslar azdır:
“Məsələn, iyun ayında kənardan dəstəklənən qrupların iştirakı ilə regionda maraqları olan qlobal güclərin Ermənistan daxilindəki qüvvələrinin aktivliyini müşahidə etdik. Lakin bu, heç bir halda bütün Ermənistan xalqının mövqeyi ilə eyniləşdirilməsi doğru olmaz.
Əgər bir analitik kimi siz məndən “Ermənistan daxilində Nikol Paşinyanın alternativi varmı?” deyə soruşsanız, mənim cavabım birmənalı olaraq “yoxdur” olacaq. Lakin təcrübə onu göstərir ki, proseslər bəzən qeyri-ciddi şəxsləri də lider obrazında önə çıxara bilir. Buna görə də Nikol Paşinyan digər güclər qarşısında real və əsaslı addımlar ataraq özünü sübut etməlidir”.
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ