İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hakimiyyəti niyə və necə parçalandı: Qərb-Rusiya savaşı hökumətin daxilinə keçirildi

Paşinyan hakimiyyəti daxilində Qərbin və Rusiyanın himayə etdiyi qruplaşmalar arasında qarşıdurma həlledici mərhələyə yaxınlaşır, bu, erməni toplumunda da deqradasiyanı sürətləndirə bilər… Hər halda, hakimiyyət uğrunda mübarizə nəzarətdən çıxarsa, həm Qərbin, həm də Rusiyanın Ermənistan cəmiyyəti üzərindən hərəkət etmək məcburiyyətində qalacağı kifayət qədər inandırıcı görünür…

Ermənistan məğlub ölkənin üzləşməli olduğu reallıqlarla üzləşmiş durumdadır. İndi erməni toplumu məğlub ölkənin vətəndaşına aid olan əhval-ruhiyyənin, psixoloji situasiyanın təsiri altındadır. Belə ki, arsurd “erməni xəyalları”nı hazırda mövcud reallıqların doğurduğu ümidsizlik əvəzləyib. Və həm Ermənistanın, həm də onun vətəndaşlarının bu ictimai-siyasi diskomfortdan xilas olması üçün heç bir səbəb yoxdur.

Əksinə, indi Ermənistan savaş meydanında və siyasi-diplomatik məkanda üzləşdiyi sarsıdıcı məğlubiyyətlərin real nəticələrinin təsiri altında qalıb. Üstəlik, bu təsirlər artıq birbaşa Ermənistan cəmiyyətinə keçib. Yəni, erməni toplumunda hazırda kəskin parçalanmanın əlaməti sayıla biləcək qarşıdurma əlamətləri müşahidə olunur. Və bu baxımdan, məğlubiyyətlər seriyası Ermənistan cəmiyyətini parçalayıb, erməni toplumu daxili çəkişmə mərhələsinə keçid etmək məcburiyyətində qalıb.

Məsələ ondadır ki, hazırda Ermənistan cəmiyyətində, eləcə də, siyasi elitasında ölkənin düşdüyü deqradasiya prosesindən xilas edəcək variantların təklif edilməsi nəzərə çarpmır. Bunun əvəzinə erməni toplumunda ardıcıl məğlubiyyətlətin əsas günahkarlarının axtarışı başlayıb. Belə ki, Ermənistanda hakimiyyət və müxalifət bir-birini ittiham edir. Hətta bu ittihamların sırasında “tarixi xəyanət” vurğusu daha qabarıq şəkildə ön plana çəkilir.

ermeni-savash-daxili.png (226 KB) 

Maraqlıdır ki, erməni toplumunun əsas “ideoloji xəyal istehsalçısı” olan “Daşnaksütyun” partiyası birbaşa hədəfə alınmaqdadır. Paşinyan hakimiyyətinin təmsilçiləri “Daşnaksütyun” partiyasının üzvlərini Ermənistana xəyanət etməkdə suçlayırlar. Onlar hesab edirlər ki, “Daşnaksütyun” partiyası barədə “tarixi təqdimat” uydurulmuş yalanlardan ibarətdir.

Paşinyan hakimiyyətinə bağlı deputat Vaaqn Aleksanyan vurğulayıb ki, “Daşnaksütyun” partiyasının “erməni müqavimətinin avanqardı” olması barədə orta məktəb dərsliklərində yer alan iddiaların həqiqətlə heç bir real əlaqəsi mövcud deyil: “Daşnaklar kimə qarşı müqavimət göstəriblər? Onlar SSRİ-yə müqavimət göstərərək, Ermənistanın müstəqilliyi uğrunda mübarizə apardıqlarını iddia edirdilər. Ancaq sovet kəşfiyyatı onların böyük əksəriyyətini öz agentinə çevirdi və “Daşnaksütyun” partiyası tam şəkildə SSRİ KQB-sinin nəzarətinə keçmiş oldu”.

Erməni deputat iddia edib ki, SSRİ dönəmində “Daşnaksütyun” partiyasının sovet kəşfiyyatının alətinə çevrilmiş vəziyyətdə fəaliyyət göstərib: “Sovet kəşfiyyatı daşnakları Türkiyəyə qarşı mübarizəyə yönəldə bilmişdi. Əgər, biz bunun əsl səbəbini anlamasaq, inkişaf edə bilmərik. Niyə sovet kəşfiyyatı İran və yaxud hər hansı başqa ölkəni deyil, məhz Türkiyəni daşnaklar üçün hədəf seçmişdi? Bunun əsl səbəbini anlamaq üçün SSRİ-nin Türkiyə ilə həmin dövrdəki münasibətlərini xatırlamaq kifayətdir”.   

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti ilə “Daşnaksütyun” partiyası arasında qarşıdurma artıq açıq müstəviyə keçərək, hətta birbaşa toqquşma həddinə çatıb. Ancaq bu, Paşinyan hakimiyyətinin üzləşdiyi yeganə siyasi problem deyil. Belə ki, son vaxtlar Paşinyan hakimiyyətinin daxilində də kifayət qədər ciddi ziddiyyətlər ortaya çıxmağa başlayıb. Belə ki, baş nazir Nikol Paşinyanın yaxın ətrafında hakimiyyət uğrunda mübarizənin gücləndiyi bildirilir.

editor_f9d26705849a0da8b556d912605abb0d_gyapo0cs863xthn7que2.jpg (196 KB) 

Maraqlıdır ki, erməni baş nazir hakimiyyətdə mövqelərini möhkəmləndirməyə çalışsa da, Ermənistanın iki yüksəkrütbəli təmsilçisi – Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlamentin spikeri Alen Simonyan arasında siyasi savaşın açıq müstəviyə keçdiyi vurğulanır. Bu barədə əldə etdiyi məlumatları yayan Ermənistanın “Joxovurd” nəşri Qriqoryan-Simonyan qarşıdurmasının Paşinyan hakimiyyəti daxilində parçalanmanı stimullaşdırdığını iddia edir. Və belə davam edərsə, bu qarşıdurmanın Ermənistan cəmiyyətinə də slçraması qaçılmaz olacaq.

Məsələ ondadır ki, bir müddət öncə parlamentin spikeri Alen Simonyana yaxın siyasətçilər baş nazir Nikol Paşinyandan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın əvəzlənməsini tələb etmişdilər. Onların əsas arqumentləri ondan ibarət idi ki, Armen Qriqoryan çox tez-tez Qərb ölkələrinə səfərlər edir, siyasi dairələrlə və kəşfiyyat qurumları ilə əlaqələr qurur. Və onun hakimiyyətə iddialı olduğu da nəzərə alındıqda, bu, erməni baş nazirə nüəyyən siyasi təhlükələr törədə bilər.

Bəzi iddialara görə, baş nazir Nikol Paşinyan da Armen Qriqoryan barəsində müəyyən narahatlığını son vaxtlar gizlətmir. Ancaq onun Qərb siyasi dairələr tərəfindən dəstəkləndiyini bildiyindən Armen Qriqoryana qarşı radikal qərarlar almaqdan çəkinir. Üstəlik, son vaxtlar Təhlükəsizlik Şurasının katini ona qarşı planlar qurulmasından duyuq düşmüş kimi görünür. Və əsas siyasi rəqibinin də məhz Alen Simonyan olduğunu artıq dəqiqləşdirə bilib.

pa.kaaa.jpg (279 KB) 

Ona görə də, erməni mətbuatı Armen Qriqoryanın əks həmlə ilə Alen Simonyana ağır zərbə endirməyə nail olduğunu vurğulayır. Belə ki, Alen Simonyanın və onun qohumlarının korrupsiyada ittiham edilməsinin arxasında məhz Armen Qriqoryanın dayandığı bildirilir. Belə iddialar var ki, Alen Simonyanın nazir müavini olan qardaşı arvadının həbsi ilə nəticələnmiş yoxlamalar da elə Armen Qriqoryanın yönləndirməsi ilə baş verib. Və indi Armen Qriqoryana yaxın olan hakimiyyət qrupu baş nazir Nikol Paşinyandan Alen Simonyanın istefaya göndərilməsini tələb edir.

Erməni mətbuatı vurğulayır ki, həm Armen Qriqoryan, həm də Alen Simonyan baş nazir Nikol Paşinyanı əvəzləmək üçün fəaliyyət göstərirlər. Bu barədə məlumatlı olan erməni baş nazir isə hələlik onlardan heç birisinə toxunmaq niyyətində deyil. Erməni baş nazir bu iki qeyri-rəsmi rəqibinin bir-birini sıradan çıxartmasını kənardan müşahidə etməyə üstünlük verir. Və qalib çıxanla özü haqq-hesab çəkməyi düşünür.

Qriqoryan-Simonyan savaşı həm də Qərb-Rusiya qarşıdurması kimi də xarakterizə olunur. Çünki Armen Qriqoryan Qərbin, Alen Simonyan isə Rusiyanın dəstəyinə ümid bəsləyir. Ona görə də, yaxın vaxtlarda bu iki şəxsin qarşıdurması Ermənistan hakimiyyəti ilə yanaşı, erməni toplumunu da deqradasiyaya uğrada bilər. Hər halda, hakimiyyət uğrunda mübarizə nəzarətdən çıxarsa, həm Qərbin, həm də Rusiyanın Ermənistan cəmiyyəti üzərindən hərəkət etmək məcburiyyətində qalacağı kifayət qədər inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR