Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hökuməti ermənilərin keçmişini və gələcəyini hərraca çıxarıb, erməni tarixi dərsliklərinin məzmunu ətrafında geosiyasi mübarizə başlayıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Stepan Danielyan danışıb.
Qeyd edək ki, erməni tarix dərsliklərində “Rusiyanın 1828-ci ildə “Şərqi Ermənistan”ı ilhaq etdiyi barədə uydurmalar yer alıb. Erməni tarixçilərin “Şərqi Ermənistan” adlandırdığı bölgə isə ermənilərin heç vaxt yaşamadığı, Azərbaycanın tarixi torpaqlarıdır.
Danielyanın sözlərinə görə, reallıqda Rusiya Cənubi Qafqazı ilhaq edib, lakin o dövrdə siyasi birlik kimi Şərqi Ermənistan mövcud olmayıb, yəni erməni xalqının “müstəqil Şərqi Ermənistanda” (ermənilərin həyasızlıqla Azərbaycan torpaqlarına qoyduğu uydurma ad - red) yaşamaq imkanı olmayıb.
“Bu, tarixin açıq-aşkar təhrifidir. Bu təhrifin geosiyasi motivləri var və bu düsturlardan istifadə edənlər geosiyasi sifarişi yerinə yetirirlər. Hələ 10-15 il əvvəl Ermənistanda Cənubi Qafqazın vahid tarixini yazmağa cəhd edilib, Qərb qrantları hesabına bu iş aparılıb, amma məsələ heç vaxt məntiqi nəticəyə gətirilməyib. Bu gün bu işin bir çox iştirakçıları özlərini Təhsil Nazirliyi sistemində tapır və dərsliklərə yerindəcə düzəlişlər etməyə çalışırlar.
Qərb Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, proseslərin dönməzliyini, təfəkkürün dəyişməsini, Rusiyaya münasibətin dəyişməsini, Rusiyanın “Şərqi Ermənistanı” ilhaq etdiyinə inanan nəslin yetişdirilməsini istəyir.
Təəssüf ki, indiki hökumətin Ermənistanın gələcəyi, bəlkə də bu günü ilə bağlı hər hansı konsepsiyası yoxdur. Hakimiyyət tərəfindən atılan bütün addımlar kortəbii, ziddiyyətli xarakter daşıyır”, - deyə Stepan Danielyan qeyd edib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ