İnsanlara hürriyət, millətlərə istiqlal!

Çini Azərbaycan üçün cazibədar edən ilginc səbəb – Bakı buna görə...

“Azərbaycan və Gürcüstan 5 il əvvəlkindən daha çox Çinə yaxınlaşmaqdadır. Təbii ki, vaxtından əvvəl nəticə çıxarıb, regionun total “çinləşdirmə”dən danışmaq lazım deyil. Amma aşkar faktları da nəzərdən qaçırmaq mümkün deyil”.

Bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov Prezident İlham Əliyevin başa çatan Pekin səfəri haqda danışarkən deyib (Axar.az).

Onun sözlərinə görə, Çinin həm Azərbaycan, həm də Gürcüstan üçün maraqlı olan bir sıra ideyası var.

Bu xüsusda o, “Sinxua” agentliyindən sitat gətirib: “Çin Azərbaycanın milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edir, eləcə də onun milli şəraitinə uyğun inkişaf yolu ilə getməyə davam etməsini dəstəkləyir. Pekin üç 3 qüvvə: terrorizm, ekstremizm və separatizmlə qəti şəkildə mübarizə aparmaq üçün Bakı ilə dərin əməkdaşlığa hazırdır. Düşünürəm ki, istər Qazaxıstan, istərsə də digər Mərkəzi Asiya ölkələri belə bir layihəyə həvəslə qoşulacaqlar”.

Bəs Markedonov haqlıdırmı? Çini Azərbaycan daxil, postsovet ölkələri üçün cazibədar edən bu konsepsiyadırmı? (milli suverenliyə, müstəqillik və ərazi bütövlüyünə dəstək, milli inkişaf seçiminə hörmət, üstəgəl, terrorizm, ekstremizm və separatizmlə birgə və qəti mübarizə).

ELDENİZ YENİ.jpeg (282 KB)

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb:

“Bu məsələyə iki kontekstdən yanaşmaq istəyirəm: Çinin maraqları və münasibətləri, eləcə də Gürcüstan və Azərbaycanın bu münasibətlərə yanaşması. 2010-cu ildə Çin artıq iqtisadi potensialını təkcə öz sərhədləri daxilində yerləşdirə bilməyəcəyinin fərqinə varmışdı. Ona görə də bir təşəbbüs meydana çıxdı – “Bir Kəmər, Bir Yol” strategiyası formalaşdı. Lakin bu, 2013-cü ildə “Kəmər və Yol Təşəbbüsü”nə çevrildi. Bu təşəbbüs Çin Xalq Respublikası tərəfindən infrastruktur və iqtisadi əməkdaşlıq təşəbbüsü kimi ortaya qoyuldu. İlkin mərhələdə iki əsas komponent var idi: İpək Yolu İqtisadi Kəməri və XXI əsr Dəniz İpək Yolu.

Daha sonra bu təşəbbüsə Rəqəmsal İpək Yolu və Qütb İpək Yolu kimi yeni istiqamətlər əlavə olundu. Beləliklə, təşəbbüs aşağıdakı komponentləri əhatə etdi: Rəqəmsal İpək Yolu, Qütb İpək Yolu, Dəniz İpək Yolu və İpək Yolu İqtisadi Kəməri. Bu təşəbbüsün əsas məqsədi iqtisadi əlaqələri gücləndirmək, infrastruktur layihələri vasitəsilə regionlararası ticarət və investisiya əlaqələrini sürətləndirmək, eyni zamanda Qərb və Şərq regionları arasında inkişaf fərqini azaltmaq idi. Çin bu təşəbbüsün əsaslandırılmasında məhz bu tezislərə istinad edirdi.

Bu təşəbbüsün 5 əsas istiqaməti müəyyənləşdirilmişdi: Siyasi koordinasiya, infrastruktur əlaqələri, maneəsiz ticarət, maliyyə inteqrasiyası, mədəni-humanitar əlaqələr. Bu 5 istiqamət bu gün də Çinin Mərkəzi Asiya, Qafqaz, Körfəz ölkələri və Latın Amerikası ilə münasibətlərində əsas prioritet kimi qalır. Bu strategiya coğrafi baxımdan genişlənərək artıq 60-dan çox ölkəni əhatə edir və plana görə, 2049-cu ildə – Çin Xalq Respublikasının 100 illik yubileyində başa çatmalıdır.

Çinin bu strategiyası Azərbaycan və Gürcüstan kimi ölkələr üçün də sərfəlidir. Belə ölkələr iqtisadi cəhətdən güclü dövlətlərlə əməkdaşlıq etməklə öz potensiallarını şaxələndirmək imkanı əldə edirlər. Çünki müasir dünyada yalnız bir və ya iki dövlətə arxalanaraq strateji plan qurmaq mümkün deyil. Məsələn, bizim ən çox arxalandığımız dövlət olan Türkiyə ilə ticarət dövriyyəmiz 2023-cü ildə 7,6 milyard dollar olduğu halda, 2024-cü ildə bu rəqəm 6,2 milyard dollara enib. Deməli, alternativlərə ehtiyac var.

Çinlə olan münasibətlərə görə heç bir ölkənin və ya şəxsin bu əməkdaşlığa qarşı mənfi münasibət bildirməyə ixtiyarı yoxdur. Tam əminliklə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev hər bir addımını xırdalıqlarına qədər hesablayaraq atır. Çünki bu əməkdaşlıq ölkə iqtisadiyyatının bir çox sahələrinə, xüsusən də investisiya axını və turizm sektoruna müsbət təsir göstərəcək.

Çin hər il 130 milyon turist göndərən ölkədir. Çin turistləri dünya üzrə trilyonlarla dollar vəsait xərcləyirlər. Niyə Azərbaycan da bu paydan yararlanmasın? Bundan əlavə, viza və gediş-gəliş məsələlərinin sadələşdirilməsi bir çox sahələrdə əməkdaşlıq imkanlarını artıracaq.

Bu baxımdan düşünürəm ki, bu əlaqələr həm Azərbaycan, həm də Gürcüstan üçün olduqca vacibdir. Eyni zamanda Çin üçün də mühüm əhəmiyyət daşıyır. Digər ölkələr isə təbii olaraq müəyyən qısqanclıq göstərə bilərlər. Çünki Azərbaycanı öz məhsullarının satış bazarı kimi görən ölkələrin bazar imkanlarının daralması ehtimalı da mövcuddur və bu da başa düşüləndir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR