İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan devrilsə, Qarabağda təzədən müharibə başlaya bilərmi?

Ekspert: “Budəfəki müharibədə Ermənistan qat-qat ağır zərbə alacaq...”

Son günlər Ermənistanda hazırkı hakimiyyət əleyhinə baş verənlər diqqəti bir istiqamətə yönəldib. Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Bu proseslər sonda inqilab yolu ilə Paşinyanın vəzifədən uzaqlaşdırılmasına, yeni qüvvələrin iqtidara gəlməsinə səbəb ola bilərmi?

Xatırladaq ki, 2018-ci ilin may ayının 8-də hazırkı baş nazir Paşinyan inqilab yolu ilə hakimiyyətə gəlib. Bəs bu hadisələr, eyni zamanda Ermənistanda mümkün hakimiyyət dəyişikliyi müharibə riskini artırırmı?

Mövzu ilə bağlı siyasi ekspert Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, son günlər Ermənistanda baş alıb gedən siyasi təlatümlər və eyni zamanda revanşist qüvvələrin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına maneəçilik törətmələri ilə bağlı atdığı addımlar, o cümlədən, dünyada fəaliyyət göstərən erməni diaspora və lobbi təşkilatları onlara müxtəlif istiqamətdə dəstəyi, Nikol Paşinyanın istefasının və yaxud hakimiyyətdən getməsi ilə bağlı məqamları gündəmə gətirib: “Lakin bu, o qədər də real görünmür. Çünki zamanında hakimiyyətdən gedən, eyni zamanda 20 ilə qədər Azərbaycana qarşı işğalçılıq və soyqırımı cinayətlərinə rəhbərlik etmiş Ermənistanın hazırkı müxalifəti, hansı ki Ermənistanın Qarabağ klanının üzvlərindən ibarətdir və onların rəhbərliyi altında fəaliyyət göstərir, onların fəaliyyəti Ermənistan cəmiyyətinə bəlli oldu. 44 günlük müharibə də göstərdi ki, onların yaratdığı ordu Azərbaycan ordusuna məğlub oldu və Ermənistan dövləti onların qurduğu ordunun məğlub olması nəticəsində kapitulyasiya aktına imza atmış oldu.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

 Xəyal Bəşirov

Təbii ki, bunu imzalayan Nikol Paşinyan və ya qeyri erməni ola bilər. Burada söhbət həmin aktı kimin imzaladığından yox, aktın dövləti təmsil edən şəxsin, dövlətin adından imzalanmasından gedir. Düşünürəm ki, Nikol Paşinyanın hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, gələcəkdə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq 10 noyabr 2020-ci il tarixli bəyanat Ermənistanın adından imzalanıb. O cümlədən 11 yanvar 2020-ci il Moskva bəyanatı, 26 noyabr 2020-ci il Soçi bəyanatı, ötən ilin 14-15 dekabrında Brüsseldə aparılmış görüşlərin nəticəsində əldə edilmiş razılıq və bu ilin 6 aprel tarixində Brüsseldə növbəti dəfə Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Avropa Şurasının prezidenti Şarl Mişelin birgə keçirdikləri görüş və o görüşdən sonra mətbuata açıqladıqları məqamla bağlı razılaşmalar Ermənistan adından imzalanmışdı. Ona görə də bu razılaşmalar Ermənistan dövlətinin adından imzalanmış razılaşmalardır. Bu gün bəzi qüvvələr düşünür ki, Paşınyanı devirməklə 44 günlük müharibədəki məğlubiyyətdən sonra imzalanmış sənədlərdən, bəyanatlardan, razılaşmalardan yaxa qurtara bilərlər. Amma bu, absurd düşüncədir, çünki bu həm daxili, həm də beynəlxalq hüquq prinsiplərinə ziddir. Onu da düşünmək lazımdır ki, Paşinyan da nə vaxtsa bioloji şəkildə yox olub gedəcək. Bu o demək deyil ki, onun imzaladığı sənədlər onunla birlikdə yox olacaq".

Ekspert vəziyyətə görə ola biləcək müharibə məsələsinə də aydınlıq gətirib: “Bu gün söhbət Paşinyanın müharibə edib-etməməsindən getmir, bu gün söhbət Ermənistan dövlətin müharibə etmək gücündə olmamasından gedir. Ermənistan ordusu zaman-zaman ümid edirdi ki, Rusiya tərəfindən yenidən silahlandırılacaq, gücləndirələcək. Amma dünyada baş verən proseslər onu bir daha göstərir ki, Rusiyanın başı daha ciddi işlərə, yəni Ukrayna prosesinə qarışıb və bu günün Rusiyanın nə həvəsi, nə zamanı, nə də imkanı var ki, Ermənistan ordusunu yenidən silahlandırsın. Bu da bir daha göstərir ki, regionda Nikol Paşinyanın mövcud olub-olmamasından asılı olmayaraq, müharibənin başlanması gözlənilən bir addım deyil.

Əgər Ermənistan ordusu bununla razılaşmayıb, yenidən müharibə etmək istəyərsə, cənab prezident İlham Əliyevin də dediyi kimi, bu müharibə daha amansız olacaq. Çünki 44 günlük müharibədə biz onlarla müharibə eləmədik, bu düşməni sülhə razı salma prosesi idi və Azərbaycan ordusu uğurla öz torpaqlarını işğaldan azad etdi. Əgər indi müharibə olarsa, bu müharibə artıq Azərbaycan sərhədlərində deyil, Ermənistanda, yəni qədim Azərbaycan torpaqlarında olacaq və Azərbaycan ordusu bu müharibədən də qələbə ilə çıxacaq".

Ekspertə görə, revanşist qüvvələrin Ermənistan cəmiyyətində belə səs-küy salması hazırda regionda baş verən böyük proseslərin fonunda çox cılız görünür: “Ona görə mən heç də hesab etmirəm ki, həmin qüvvələr Ermənistanda hakimiyyətə gələ bilərlər. Çünki onların hakimiyyətə gəlməsi üçün nüfuzları yoxdur, demək olar ki, sıfıra bərabərdir. Bu gün həmin o qüvvələrin zamanında, 1998-ci ildən 2018-ci ilə qədər, Ermənistana rəhbərlik elədikləri dövrdə atdıqları bütün addımları öz maraqlarına sərf edən şəkildə atıblar. Bu da onu sübut etdi ki, onların Ermənistanda rəhbərlik etdiyi dönəmlərdə dövlət bundan heç bir fayda almayıb, heç bir müsbət gəlir əldə etməyib, əksinə Ermənistan olduqca acınacaqlı vəziyyətə düşüb. Yəni 4 il bundan öncə hakimiyyətdən gedən həmin qüvvələrin, bu gün hakimiyyətə gəlmək üçün hər hansısa bir şansları olsun. Buna ehtimal belə yoxdur. Hətta bir möcüzə olsa belə, yəni həmin qüvvələr hakimiyyətə gəlsə belə, onlar sadəcə, Azərbaycan qarşı populist və pafoslu çıxışlar edə bilər. Onlar sadəcə bu yolla Ermənistanda rəğbət qazanmaq istəyirlər. Amma bir daha vurğulayıram ki, onlar müharibə istəsələr çox ağır zərbələr alacaqlar”.

Anar ƏHMƏD,
Nərminə AYDIN,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR