Onlayn ictimai-siyasi qəzet
Gela Vasadze: “Ermənistanın daha güclü düşməni ilə danışıqlar masası arxasında tək oturmaq...”
Tiflisin Bakı ilə İrəvan arasında sülh danışıqlarında vasitəçilik təklifinə Ermənistanın baç naziri Nikol Paşinyanın birmənalı cavanı hələ də yoxdur.
Musavat.com xəbər verir ki, Rusiyanın müxalif “novayaqazeta. eu” saytı bu mövzuda geniŞ məqalə dərc edib. Məqalədə politoloq, Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) eksperti, “Qafqazdan xəbərlər” YouTube kanalının müəllifi Gela Vasadzenin fikirlərinə də geniş yer verilib.
Musavat.com həmin müsahibəni təqdim edir.
- Ermənistanın baş naziri Tiflisin vasitəçiliyi ilə danışıqlara gəlməkdən niyə imtina edir?
- Biz bunu anlamaq üçün tərəflər arasında güc balansına baxmalıyıq. Bu gün Azərbaycanın həm güclü ordusu, həm də güclü müttəfiqi - Türkiyə var. Amma Ermənistanın daha zəif ordusu və rəsmi olaraq yalnız bir müttəfiqi var - Rusiya. Başa düşmək lazımdır ki, bunlar dostlar, tanışlar və ya sadəcə yad adamların danışıqları deyil, bunlar 35 ildir düşmən olan iki ölkə arasında aparılan danışıqlardır. Qarabağda münaqişə 1988-ci ildə başlayıb. Ermənistanın daha güclü düşməni ilə danışıqlar masası arxasında tək oturmaq təbii ki, sərfəli deyil.
Burada müxtəlif nəzəriyyələr də irəli sürmək olar ki, məsələn, Gürcüstan artıq o qədər də qərbyönlü deyil, ona görə də İrəvan Tiflisin təklifini rədd edir... Fakt budur ki, Gürcüstan bu gün danışıqlar üçün sadəcə neytral məkandır, o, yalnız vasitəçi ola bilər, sazişlərin həyata keçirilməsi üçün qarant deyil. Paşinyan ona görə Tiflisə gəlmək istəmir ki, Gürcüstanı sevmir. Ona görə ki, Gürcüstanın zamin olmaq üçün resursları yoxdur. Amma Azərbaycanın zaminə ehtiyacı yoxdur, ona görə də Əliyev təkbətək görüşmək istəyir. Düşünürəm ki, Paşinyan MDB sammitinə Tiflis görüşünə razı olmamaq üçün getmədi.
Bu gün Əliyevlə Paşinyan arasında danışıqlar üçün ən işlək konfiqurasiya hətta Vaşinqton da deyil, Brüssel, daha doğrusu, Avropa Şurasının prezidenti Şarl Mişeldir.
Aİ-nin də öz nüansları var. Məsələn, Borrell açıq şəkildə ermənipərəst mövqe tutub və Azərbaycan onunla danışmayacaq. Ursula fon der Leyen isə daha çox azərbaycanpərəst mövqe tutur. Bu həm də onların təmsil etdikləri ölkələrin daxili siyasətinin nəticəsidir. Borrell ispan sosialistidir, o, Qarabağ məsələsinin İspaniyanın daxili siyasi kursunda necə aktuallaşdığını əks etdirir, Ursula fon der Leyen isə Almaniyadan olan xristian demokratdır, onun üçün bu mövzu o qədər də aktual deyil. Bunun fonunda Şarl Mişel Makronla mehriban münasibətdə olsa da, indiyə qədər danışıqlarda həm Bakıya, həm də İrəvana sərf edən fiqura çevrilməyi bacarıb.
- Son vaxtlar tez-tez deyirlər ki, Ermənistan Gürcüstandan az qala daha çox qərbyönlü olub...
- Ermənistanın Avropaya üz tutduğunu və ya xarici siyasət kursunu dəyişdiyini söyləmək hələ tezdir. Ermənistanda dövlət siyasəti sferasında Qərb tendensiyası Rusiyadan daha çox nəzərə çarpır. Bu, həm də Ermənistan cəmiyyətində Rusiyanın ermənilərə xəyanət etdiyini düşünən əhval-ruhiyyə ilə bağlıdır. İrəvan indi Ermənistanı dəstəkləyən ölkələrə arxalanır: məsələn, ən güclü erməni lobbisinə malik Fransaya və ABŞ-a. Bu ölkələrin daxili siyasətində erməni faktorunu şişirtmək olmaz, amma mövcuddur. Amma məsələn, İtaliyada belə deyil. İtaliya öz maraqlarından çıxış edərək Azərbaycanın çox etibarlı tərəfdaşıdır. Ümumavropa tendensiyası da var ki, indi Qarabağdan köçən ermənilərə dəstək verirlər. Bunun fonunda isə azərbaycanlılar da öz növbəsində Aİ-də ikili standartlardan şikayətlənirlər. Yeri gəlmişkən, Paşinyan bildirib ki, onlar hələ də KTMT-dən çıxmırlar və bu, məntiqli və ağlabatandır, çünki indi İrəvan üçün Rusiya ilə qarşıdurmaya getmək sərfəli deyil. KTMT simvolik bir qurumdur, Ermənistanla Rusiya arasında da böyük razılaşma var. Ermənistanda müxalifətdə müəyyən siyasi qüvvələr var ki, bu razılaşmanın pozulmasını tələb edirlər. Ancaq bu hələ baş vermir və yaxın gələcəkdə də olacağını düşünmürəm. Çünki bu, Ermənistan üçün Rusiyanın özündən gələ biləcək ciddi risklərlə bağlıdır.
Ermənilər dövlət siyasətində öz cəmiyyətlərinə göstərirlər ki, Rusiya bizə xəyanət etdiyindən biz Qərbə doğru gedirik. Amma reallıqda hələ heç yerə getmirlər. Əgər Rusiya dağılacaqsa, o zaman ola bilər.
- Deməli, Ermənistan indi Ukraynadakı müharibə fonunda Rusiyanın taleyinin necə olacağını gözləyir?
- Bunu indi təkcə ermənilər yox, hamı gözləyir...
Orxan ƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ