İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakıya gələcəkmi?

Əslində bu sual bizi elə də qayğılandırmamalıdır – biz jestimizi etdik, indi növbə Ermənistanındır, qoy, onlar qərarlarını versinlər. Belədə isə, bir az qabağa qaçaraq deyək ki, ermənilər, güman, COP29 tədbirlərinə hansısa bir formada qatılacaqlar, ona görə ki, Nikol Paşinyan özü Türkiyə prezidenti R.T.Ərdoğanın andiçmə mərasimində iştirak etmişdi, hələ ötən əsrin doxsanıncı illərində erməni rəsmiləri Bakıda keçirilən mühüm bir tədbirə (doğrusu, tədbirin adı yadımızdan çıxıbdır) qatılmışdılar, bu vaxta qədər erməni idmançıları dəfələrlə Azərbaycanda keçrilən idman yarışlarına qoşulublar. Bir daha deyirik ki, COP29 tədbirlərində Ermənistan parlamentinin spikeri və ya xarici işlər naziri də iştirak edə bilər. Bütün hallarda, məsələ Paşinyanın qərarından asılı olacaq, o, isə qərarını məzuniyyətdən sonra açıqlayacağını bildiribdir...

Düzdür, hazırda Azərbaycan-Ermənistan münasibətlərində yenidən gərginlik fazası müşahidə olunur, halbuki Paşinyan bir ay öncə deyirdi ki, guya sülh sazişi bir-iki aya imzalana bilər. Amma o, bu yaxınlarda baş tutan Avropa Siyasi Birliyinin sammtində prezident İlham Əlievlə görüşdən qaçdı, bu günlərdə isə atəşkəsin yenidən pozulması epizodları oldu, üstəgəl, Ermənistanın intensiv şəkildə silahlanması haqqında xəbərlər biri-birini əvəz etməyə başladılar.

Siyasi təhlilçilərin demək olar, hamısı bunu onunla izah etdi ki, ABŞ-ın Ermənistana qarşı diqqətinin artması Nikolu və bütünlükdə erməniləri havalandırıbdır, halbuki ABŞ Azərbaycanla Ermənistan arasında sülhün tezliklə bərqərar olmasında maraqlı olduğunu israr etməkdədir.

Biz də buna şübhə etməməyə çalışırıq, çünki Vaşinqtonda da belə hesab edirlər ki, İrəvanın Bakı və Ankara ilə münasibətləri dəyişərsə, bu, onun Rusiyadan qopmasına təkan verər və bu prosesi sürətləndirər. Amma sülhün bərqərar olması üçün həm də nəsə etmək lazımdır. Təəssüf ki, Qərb diplomatları, o cümlədən də amerikalılar köhnə xasiyyətlərindən əl çəkmirlər.
Birincisi, bunlar həmişə sözdə bir şey deyir, əməldəsə tamamilə başqa cür hərəkət edirlər.

İkincisi, ABŞ diplomatları da belə hesab edirlər ki, əgər tərəflər görüşürsə, danışırsa, atəşkəs nisbi şəkildə gözlənirsə, deməli işlər qaydasındadır və sülh var. NATO-nun Vaşinqton sammitində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdülər. ABŞ diplomatları bunu böyük anlaşma kimi alqışladırlar. Amma bundan bir həftə sonra N.Paşinyan Böyük Britaniyada prezident İlham Əliyevlə görüşdən qaçdı və üstəgəl, Azərbaycan Ermənistan münasibətlərində “temperatur” yenidən aşağı düşdü!..

İndi diqqətlər Ermənistanın sürətlə hərbiləşməsinə yönəlibdi. ABŞ İrəvanla hərbi təlimlər keçirir, Ermənistanın müdafiə nazirliyində öz adamını əyləşdirir, Avropa İttifaqı Ermənistan ordusuna maliyyə ayırır, İrəvan Hindistandan ən çox silah alan ölkəyə çevrilir! Prinsipcə, müharibəni uduzmuş ölkənin öz müdafiə siyasətinə yenidən baxması heç də təəccüblü görünməməlidi. Amma Ermənistanın “müdafiə siyasəti” özündə nəyi ehtiva edir? Bu, mövcud Ermənistanı müdafiə etmək kimi anlaşılır, yoxsa onun öz qonşularına qarşı təcavüzkar planlarını nəzərdə ttutur?

Məsələ də bundadır ki, ermənilər müdafiə haqda yox, qonşulara hücum haqqında fikirləşir, hələ də revanşist ovqatda bulunurlar.

Onlar İkinci Qarabağ Savaşındakı sazişə də 1994-cü ildə atəşkəs haqqında bağlanan müqavilə kimi baxırlar – yəni, o vaxt biz udduq, indi isə azərbaycanlılar və düşünürlər ki, bir əlverişli vaxtda İkinci Savaşın əvəzini çıxacaq, yenidən Azərbaycan ərazilərini zəbt edəcəklər. Məhz buna görə də konstitusiyalarını dəyişmək istəmirlər, məhz buna görə də sorğularda rəyi soruşulanların yalnız üç faizi Paşinyanın konstitusiya ilə bağlı çağırışlarına dəstək verir. N.Paşinyanın özünə gəldikdə isə, o, nəsə etmək istəyən adam təsiri bağışlayır, amma bacarmır. Üstəgəl, o, özü də sabit adam deyil, şəraitdən asılı olaraq baxışlarını dəyişir – gah sülhdən danışır, gah da “böyük Ermənistan”la bağlı xəyallara qapılır. Odur ki, o, böyük ehtimalla COP29 tədbirlərinə qatılmaya da bilər, amma dünyanın gözündə sülh əleyhdarı kimi görünmək də istəməz. Elə ona görə də özü də gəlməsə, ya A.Simonyanı, ya da ki, A.Mirzoyanı göndərəcək Bakıya.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR