Onlayn ictimai-siyasi qəzet
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası öz işinə başlayıb və bu sessiya Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqları bir daha ortaya qoyub.
Musavat.com xəbər verir ki, sessiyanın diqqətçəkən məqamı Ermənistanın baş naziri Nikol Paşinyanın dəvətli qonaq kimi iştirak etməsi və yüksək səviyyəli görüşlər keçirməsidir.
Azərbaycan və Gürcüstanın yoxluğunda – “vahid səs” Ermənistandan gəlir
Xatırladaq ki, Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin əvvəlindən AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülən ittihamların mahiyyəti oxşardır: Azərbaycana qarşı insan haqlarının pozulması iddiaları, Gürcüstana qarşı isə 2023-cü ilin oktyabr parlament seçkilərinin nəticələrinin ləğvi, qanunsuz aksiyalarda saxlanılanların azadlığa buraxılması və yeni seçkilərin keçirilməsi tələbləri səsləndirilib.
Azərbaycanla danışıqlarda hələ də ciddi irəliləyiş qeydə alınmayıb. Rəsmi Bakı AŞPA-ya bağlı Avropa İnsan Haqları Məhkəməsinin bəzi qərarlarını icra etməyi məqsədəuyğun hesab etmir və hətta təşkilatdan çıxmaq ehtimalını da gündəmdə saxlayır. Gürcüstanla bağlı isə Strasburq açıq şəkildə bu ölkəni təşkilatdan çıxarmaqla hədələyir.
Beləliklə, bu iki mühüm Qafqaz dövləti – Azərbaycan və Gürcüstan – Strasburqdakı siyasi tribunalardan kənarda qaldığı bir zamanda Cənubi Qafqazda “vahid söz sahibi” kimi yalnız Ermənistanın səsi eşidilir.
“Sözəbaxmaz” ölkələrə cəza, Ermənistan isə mükafatlandırılır
Avropa institutlarının Azərbaycana və Gürcüstana qarşı sərt davranışının səbəbi yalnız insan haqları və demokratiya məsələləri deyil. Brüssel və Strasburq hər iki ölkəni anti-Rusiya sanksiyalarına qoşula bilmədiklərinə görə də “sözəbaxmaz” sayır və cəzalandırır.
Bu fonunda paradoksal vəziyyət yaranıb: Ermənistan Rusiyanın sanksiyalardan yayınmasına yardım edən əsas ölkələrdən biri kimi milyardlarla avro dəyərində gəlir qazanır və bu prosesi davam etdirir. Lakin Avropa qurumları buna göz yumur, əvəzində İrəvana siyasi platformalar açır. Fransada yerləşən AŞ PA-da erməni lobbisinin təsir gücü hələ də çox yüksəkdir və bu da siyasətin mahiyyətini müəyyənləşdirir.
Paşinyanın Strasburq səfəri: yüksək səviyyəli görüşlər və çıxış
Nikol Paşinyanın Strasburq səfəri bu təsirin bariz nümunəsidir. Ermənistan baş naziri AŞ PA sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Matias Guillaumard və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaherti ilə görüşlər keçirib. Paşinyanın sessiyada çıxışı da planlaşdırılıb və onun nitqində Cənubi Qafqazdakı siyasi proseslərə dair tezislərin səsləndiriləcəyi gözlənilir.
Qafqazda “canişin” statusu – yeni siyasi reallıq
Azərbaycan və Gürcüstanın yoxluğunda AŞ PA-da söz haqqı qalan yeganə Cənubi Qafqaz dövləti Ermənistan olub. Bu da Paşinyana regionda “Qafqaz canişini” statusu qazandırır. Onun Strasburq tribunasından səsləndirdiyi bəyanatlar indi təkcə Ermənistanın deyil, ümumilikdə regionun siyasi gündəminin formalaşdırılmasına təsir edir.
Halbuki Ermənistan 2001-ci ilin 25 yanvarında Avropa Şurasına üzv qəbul ediləndə qonşu ölkənin 20 faiz ərazisini işğal altında saxlayırdı. Bu, Avropa dəyərlərinə, konvensiyalara və insan haqlarına tam zidd addım idi. Paşinyanın hakimiyyəti dövründə Ermənistanda demokratik mühit yalnız “kağız üzərində” irəliləyib, müxalifət institutu zəiflədilib. Amma bu faktları Avropa Parlamenti də, AŞ PA da görməzlikdən gəlir.
Paşinyanın Strasburqa dəvət edilməsi və ona göstərilən diqqət bu ikili standartların ən son nümunəsidir.
Nəticə etibarilə, Strasburqdakı bu sessiya göstərdi ki, Cənubi Qafqazda siyasi təmsilçilik balansı pozulub: Azərbaycan və Gürcüstanın səsi susdurularkən, Ermənistan özünü regionun əsas siyasi danışanı kimi təqdim etmək fürsəti qazanıb. Bu da Paşinyana beynəlxalq tribunalarda “Qafqaz canişini” statusunu təmin edir və AŞ PA-nın region siyasətində tərəfsizliyinə dair sualları daha da artırır.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ