İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayan təkcə peycerlər deyil - İsrailin sirri nə?

Livandan sonra İraqda da təkrarlananlar düşməni sıradan çıxarmağın ən müasir metodudur və bunu düşünən, həyata keçirən zəkaya heyrət etməmək mümkün deyil, amma...

Yaxın Şərqdə dünyanın təəccüb və heyrətlə izlədiyi peycer partlayışları davam edərkən, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılmasını tələb edən qətnamə qəbul etdi. Partlayışlarla bu qərarın ipini bir-birinə bağlamaq da olar, təsadüf demək də. Amma söhbət İsrail və onun düşmənlərindən gedirsə, burda təsadüfdən danışmaq yersizdir.

BMT-nin qətnaməsi mənasız sənəddir, o mənada ki, İsrailin 12 ay ərzində Fələstin torpaqlarından çıxmayacağını dünya bilir. 1967-ci il noyabr ayında Təhlükəsizlik Şurası İsrailin işğal etdiyi ərazilərdən geri çəkilməyi və qaçqınların öz diyarlarına qayıtması tələbini qoymuşdu, Fələstin dövlətinin yaranması qərarı da icra edilməyib. Bu sənəd də BMT-nin arxivində Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilməsi haqda qətnamələr kimi bir küncə atılacağına şübhə yoxdur və əslində, heç bir hüquqi qüvvəsi yoxdur. Çünki dünya beynəlxalq hüquqlar, konvensiyalar üzərindən idarəetmədən sürətlə uzaqlaşmaqdadı. Günlərin birində bir və ya bir neçə dövlətin ərazisində birdən-birə 4 min adama sui-qəsd etmək mümkündüsə, dünya da buna çaşqın baxmaqla reaksiya verirsə, demək qanun, hüquq yox, güc amili hər şeydən öndədir. Kimin gücü varsa, istədiyini edə bilər, kim gücsüzdürsə, peyceri də partlayar, gözü də çıxar. 

Screenshot_3.png (995 KB)

Azərbaycana dost münasibəti olan İsraili lənətləyib, “Hizbullah”a canıyananlıq etmək fikrindən uzağam. Sadəcə, baş verənlərin konstatasiyası insanı qorxudur, adam dünyanın hansı təhlükəli həddə gəldiyindən ürpənir.

Livandan sonra İraqda da təkrarlananlar düşməni sıradan çıxarmağın ən müasir metodudur və doğrusu, bunu düşünən, həyata keçirən zəkaya heyrət etməmək də mümkün deyil. 4-5 min düşmən yaraqlısını sərhədi keçmədən, bir güllə atmadan, bəlkə də bir düymə ilə öldürmək, yaralamaq, nəticə olaraq sıradan çıxarmaq əməliyyatı hərb tarixində sensasiyadır. 

Screenshot_2.png (475 KB)

“Reuters” in “isti-isti” yaydığı “Hizbullah” tərəfindən gətirilən 5 min peycerə partlayıcılar quraşdırması haqda yaydığı məlumatı sonradan digər mənbələr şübhə altına alındı. Dünya ilk dəfə olaraq bu cür kütləvi hücumla qarşılaşdığı üçün partlayışların necə törədildiyinin sirrini çözmək əlbəttə ki, zaman aparacaq. Peycer cihazın içərisinə öncədən, hətta hər hansı bir cihaz və ya skanerlə aşkar etməyin çətin olduğu lövhəyə (zaryadka, enerji deposu, batereya) PETN (Pentaeritritol tetranitrat) yerləşdirildiyi, sonra isə xüsusi kod göndərməklə onu qızışdıraraq işə salındığı indi ən yayğın versiyadır. Partlayıcı maddələr üzrə bir neçə ekspert rəylərini oxudum, deyirlər ki, salamat qalan bir neçə peycer tapılıb və ən azı altı ölkənin (hansı ölkələrdir, çox maraqlıdır) iştirak edəcəyi araşdırma aparacaq. Ən azı 6 ölkə, yəqin ki, həm də 60 mütəxəssis, bu 600 müxtəlif rəy deməkdir... 

Screenshot_4.png (760 KB)

İsrail belə miqyaslı “hərbi uğura” sahiblənmək istəmir və buna heç ehtiyac da yoxdur. Hamı nə baş verdiyini zatən bilir. Amerika rəsmiləri bu cür qarışıq hadisələrdə adətləri üzrə “xəbərsiz” olduqlarını deyiblər. Üstəlik, İrana xəbərdarlıq edib ki, çox “atılıb-düşməsin”, regionda əlavə gərginlik yaratmasın. Avropa deyəsən, şokdadır, ona görə reaksiyalar hələ də vəzifəsində qalan qoca avrokomissar Borrel səviyyəsində münasibət gördüm, ərəb dünyası isə zatən çoxdan “gözü çıxmış qardaşların” günündən qorxaraq yaxalarını kənara çəkiblər. Hətta Yaxın Şərq məsələsində həssas olan Türkiyə belə, bu hücumdan etkilənmiş kimi görünür. Hər halda, ciddi reaksiya hələ ki, olmayıb. Çünki bu miqyaslı hücum görünməmiş hadisədir, sirləri çoxdur, bunu öyrənmək, təhlil etmək, hətta dövlət təhlükəsizliyində yeni dəyişikliklər zərurəti deməkdir. Yeri gəlmişkən, Türkiyənin vaxtında bu cür-şərti olaraq hələ ki, “silah” deyək- texnologiyası olsaydı, PKK və onun kimi terror təşkilatları ilə mübarizədə bu qədər itkilər verməyə də bilərdi... 

Screenshot_1.png (756 KB)

Bəllidir ki, peycerlərdə müharibə və ya silahlı qarşıdurmalar olan ərazilərdə geniş istifadə edilir. Əgər bu işin arxasında Mossad durursa, bu hücumun nəticəsi olaraq dünyadakı bütün qanunsuz terror və silahlı dəstələrin rabitədən məhrum edilməsi anlamına gəlir. Demirəm, birdəfəlik imtina ediləcək, amma indi bu cür geniş istifadə edilməkdən çəkiniləcək.

İsrail əlbəttə ki, son aylar onun təhlükəsizliyini təhdid edən “Hizbullah”a və HƏMAS-a çox ağır zərbələr vurub, silahlı qanadının liderlərini aradan götürməyə müvəffəq olub. Məlum olur ki, 2024-cü ilin fevralında “Hizbullah” lideri Həsən Nəsrullah Livanın sərhəd bölgələrinin sakinlərini internetdən istifadəni dayandırmağa çağıraraq, şəbəkəni “düşmən agenti” adlandırıb. Nəticədə peycerlərdən təkcə döyüşçülər deyil, “Hizbullah”ın sıravi üzvləri də istifadə etməyə başlayıb...

Netanyahu və onun hökuməti sübut etmək istəyir ki, İsrail öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün dünyada görünməmiş genişmiqyaslı əməliyyat həyata keçirməyə qadirdir. İsrail sirlərlə dolu ölkədir, onu çözməyə çalışmaq isə əbəs işdir.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR