İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdən uşaqları əmizdirmək çağırışları

Dostum Vüsal bəy mənə yazır ki, sən su çərşənbəsi münasibətilə uca xalqımıza su verilməsini nahaq yerə təriflədin. Sən demə, dünən, sovet qəzetlərinin rubrikasıyla yazsaq, “biz yazandan sonra” dövlət su idarəsinin müdiri nəsə brifinq edibdir, ölkəmizdə su ehtiyatlarının azaldığını göstəribdir. Sitat: “Son illərin iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb. 2022-ci ildə cəmi 17 milyard kubmetr suyumuz vardı. Bu, çoxillik planlarımızın 17 %-dir (açığı, bu cümlədən bir damcı da anlamadım, ola bilsin müdir "illik ehtiyacımız" deyib, bisavad müxbir bu cür qələmə alıb - Z.H.) Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub". Sitatın sonu. 

Bu kimi söhbətlər əhalidə (o cümlədən Vüsal müəllimdə) haqlı təşviş oyadır, çünki biz görə-görə gəlmişik. Əgər dövlətin məmuru sahəsindəki problemlərdən danışırsa, bunun təpiyi axırda yenə camaata dəyir. Yəqin indi də suyun qiymətini qaldırmaq istəyirlər. Başqa məna-zad yoxdur, əmin olun. 

İnşallah, Od çərşənbəsində də qaz idarəsinin müdiri problemlərdən danışmaz. Yoxsa axırımız çatar. Düzdür, yavaş-yavaş qənaətə öyrəşirik, işlər pis getmir, sadəcə, əcəl imkan vermir. 

Təklif edirəm Torpaq çərşənbəsində keçmiş Dövlət Torpaq Komitəsini bərpa eləyək. Gül kimi idarə idi, ölkədə nə qədər moşennik ora yığılmışdı, başlarını qatırdılar. İdarə ləğv ediləndən sonra hərəsi bir tərəfdə xalqın canına daraşdı, torpaqların qiyməti qalxdı. Külək çərşənbəsində isə hər hansı dövlət tədbirinə ehtiyac yoxdur, elə jurnalistlərimiz özü yetərincə küləkləyirlər. 

Qayıdaq mövzumuza (guya hansısa mövzu varmış). Deputatlardan biri təklif edib ki, uşaqlara ana südü əmizdirməliyik, yoxsa təhlükəli vəziyyət yaranır. Süni uşaq yeməklərini azaltmaq lazımdır və sairə. 

Əla təklifdir, ancaq ananın südü kasıblıqdan, xəstəliklərdən, aclıqdan yoxdursa nə eləsin? Deputatlar şəxsən neçə körpəni əmizdirməyi öhdələrinə götürür? Neçə illərdir millət “uşaq pulu” deyib mələşir, parlament bu istiqamətdə sıfır iş görüb, lakin indi “uşaqlara ana südü verin” deyə dızıldaşırlar - Tağı müəllimin təbiriylə yazsaq. 

Xəbər lentində gözümə bir deputatyönlü xəbər də dəydi: Ağcabədidə camaat ağlaşma qurub, becərdikləri soğanı saxlamağa, satmağa şərait yox imiş, hamısı həyətdə-bacada çürüməkdə, cücərməkdədir. İşin türkün sözü, ilginc tərəfi odur ki, bir neçə il qabaq camaat işsizlikdən gileylənəndə məhz bu Ağcabədinin deputatı xalqı soğan əkməyə çağırmışdı. Buyur. Xalq deputatının çağırışına əməl edib, lakin məhsul əlində qalıb. Şair demişkən: “Soğan soya-soya ağlayan millət, Ömrün soğan kimi acıdı, acı!” Ümid eləyək şairin göz yaşları qurusun, hökumətdən növbəti ev gəlir, kupça islanar. 

Ancaq mövzumuz, əlbəttə, bu deyil. Əsas xalqın vəziyyətidir. Xalq nədir? Bir kinoda bu haqda gözəl deyirlər: “Bunlar xalq deyil, bunlar şəhərimizin ən yaxşı adamlarıdır”.  

Yuxarıda adını çəkmədiyimiz (mən ümumiyyətlə heç kimin adını çəkmirəm, bizdə indi belə şeylərin qəti mənası qalmayıbdır) deputat südlə əmizdirmək temasından başqa, xalqa süni qidaların verilməsindən də şikayət edibdir. Deyir nəticədə bədxassəli şişlər yaranır. Xərçəngin 35-40 faizi buna görəymiş. 

Bəs görəsən, süni deputatlar millətə neçə faiz ziyan vurur? Ümid edirəm isveçrəli alimlərin bu istiqamətdə araşdırmaları ilə tezliklə tanış olarıq. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR