İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament zəlzələ qurbanlarını sayğı duruşu ilə yad etdi

Təklif olunan bəzi qanun layihələri ilə bağlı deputatların fikirləri haçalandı

17 fevralda Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqini qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr etdi. Bildirdi ki, baş verən zəlzələ nəticəsində çoxsaylı insanlar həlak olub və yaralanıb. Spikerin təklifi  ilə zəlzələ nəticəsində həlak olan bacı-qardaşlarımızın xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.

S.Qafarova “inanırıq ki, Türkiyə bu fəlakətin vurduğu yaraları da tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq”, - deyə bildirdi və Azərbaycanın qardaş ölkənin yanında olduğunu vurğuladı.

Deputat Fəzail Ağamalı Ermənistanın fitnəkar davranışlarından bəhs etdi, eyni zamanda Azərbaycan rəhbərliyinin uğurlu siyasətindən danışdı. “Ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörən, müdrik və mürəkkəb diplomatik gedişləri Ermənistanı rəzil və çıxılmaz vəziyyətə salıb. Sərt güclə, yumşaq gücün məharətlə uzlaşdırılması Paşinyanın ermənisayaq hiyləgərliklərini hər addımda iflasa uğratmaqdadır. Vurduğumuz sarsıdıcı zərbələrdən orentasiyasının itirən, düşmüş olduğu ağır durumdan çıxmaq üçün Fransa-İran-Rusiya ücbucağında, əslində Bermud üçbucağında vurnuxan Ermənistan bu gün Rusiya ilə kəskin qarşıdurma vəziyyətindədir. Vaxtilə rəsmi Rusiya tərəfindən hərtərəfli himayə olunan, köməkliklər edilən bu vandal ölkə hazırda Rusiyanın xarici işlər naziri Lavrov tərəfindən haqlı olaraq Azərbaycan torpaqlarını işğal etməkdə ittiham olunur”.

F.Ağamalı qeyd etdi ki, uzun illər boyu Rusiyanın Dövlət Duması və ayrı-ayrı Duma üzvləri tərəfindən müdafiə edilən Ermənistan indi Dumanın sədri Valodinin kəskin hədələrilə üz-üzədir: “Bir sözlə, Rusiya-Ermənistan münasibətləri qırılma nöqtəsindədir və etiraf etmək lazımdır ki, belə bir situasiya ilk növbədə 44 günlük zəfərdən qaynaqlanaraq, ötən 2 ildə qəhrəman Silahlı qüvvələrimizin atdığı zəruri addımlar və prezidentimizin müdrik diplomatik gedişlərinin məntiqi nəticəsidir. Sistem xarakteri daşıyan və strateji maraqlarımıza xidmət edən mövcud geosiyasi mənzərənin şəriksiz müəllifi möhtərəm, cənab prezident İlham Əliyevdir. Əlbəttə, xarici siyasətimizdə əldə edilən uğurlarda parlament diplomatiyasının da payı şəksizdir. Bu baxımdan hörmətli spikerimiz Sahibə xanım Qafarovanın əməyi danılmazdır. Onun bir neçə gün öncə Rusiya Dövlət Duması və Federasiya Şurasında keçirdiyi görüşlər, səsləndirdiyi bəyanatlar dövlət başçımız cənab İlham Əliyevin xarici siyasətinin tərkib hissəsi kimi öz əhəmiyyətli rolunu oynamaqdadır”.

Deputat Ceyhun Məmmədov tələbələri narahat edən məsələdən danışdı. Bildirdi ki, təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələrimizin qış tətilində Azərbaycana qayıtmasında çətinliklər yaranıb, bir çox tələbələr tətil günlərində də Türkiyədə qalmalı olublar. “Digər tərəfdən zəlzələ səbəbindən Türkiyədə təhsil distant təhsilə keçib” - deyən deputat bildirdi ki, hazırda tələbələrin Azərbaycana qayıdışı zərurətə çevrilib. Amma biletlərin baha olması səbəbindən əlavə problemlər yaranıb. Bütün bunları nəzərə alaraq tələbələrə güzəştlərin edilməsini təklif edən C.Məmmədov qeyd etdi ki, bu gün dünyada təcrübələr var, o cümlədən qardaş Türkiyədə. Deputat bildirdi ki, ölkə rəhbərliyinin də təhsilimizə diqqəti və qayğısı böyükdür. Ayrı-ayrı qurumlar tələbələrimizə güzəşt məsələsinə diqqət yetirsələr, bu, dövlətimizin təhsilimizə diqqət və qayğısı kimi qiymətləndiriləcək.

Deputat Bəhruz Məhərrəmov bildirdi ki, Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Qeyd etdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu və öz dəstəyimizi, həmrəyliyimizi əməli formada nümayiş etdirdi: “Cənab İlham Əliyevin Türkiyə səfirliyinə başsağlığı ziyarəti zamanı dediyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu gün də şəxsən cənab Prezidentin və Mehriban xanım Əliyevanın rəhbərliyi və şəxsi nəzarəti altında dövlət strukturları, xüsusən, Heydər Əliyev Fondu, o cümlədən xalqımızın hər bir fərdi imkanı daxilində  qardaş Türkiyənin acısını əməli olaraq bölüşür, əhəmiyyətli yardımlarını davam edir”.

Deputat Azər Badamov yeni şəhər salınmasını və Heydərabad adlandırılmasını təklif etdi. Bu barədə danışarkən dedi ki, istənilən şəhərdə göydələnlərin olması problemli haldır. Üstəlik, binaların sıx tikilməsi də təhlükəsizlik baxımdan problem yaradır: “Allah eləməsin, hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Odur ki, yeni şəhər salınmalı və bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il ”Heydər Əliyev İli" olduğundan təklif edirəm ki, bu şəhərin adı Heydərabad adlandırılsın. Bununla da ümummilli liderin adı əbədi yaşayar və ruhu şad olar".

Komitə sədri Siyavuş Novruzov əvvəlcə Ermənistan-İran münasibətlərindən danışdı. Bildirdi ki, Ermənistan həmişə özünün müttəfiqlərinə xəyanət edib, bir ölkəni digərinə satıb və bu dəfə də ənənəsinə sadiqdir. S.Novruzov ardınca anti-Azərbaycan fəaliyyəti göstərən azərbaycanlılardan da bəhs etdi. Qeyd etdi ki, Laçın yolunda Azərbaycanın haqlı tələblərini səsləndirən ekofəalların səsini eşitməyən həmin şəxslər ayrı-ayrı ölkələrin sifarişlərini yerinə yetirərək xaricdən ölkəmizə qarşı fəaliyyət göstərirlər: “Bu insanlara azərbaycanlı, insan demək olarmı? Bu insanların Azərbaycana qaytarılması məsələsi həll olunmalıdır, Onların İnterpol vasitəsilə tutulub gətirilməsi sürətləndirməlidir. Hər kəs bilməlidir ki, kim Azərbaycan əleyhinə təbliğat aparırsa, o, vətənə xəyanət edir”.

Deputat Qüdrət Həsənquliyev bu günlərdə Ali Məhkəmənin 100 illik yubileyinin qeyd olunmasından bəhs etdi. “Çox təəssüf ki, Ali Məhkəmənin keçmiş sədrləri həmin tədbirə dəvət olunmamışdı. Mən Ali Məhkəmənin vicdanlı üzvlərini təbrik edirəm, onlara uğurlar arzulayıram”, - deyə deputat çıxışına başladı.

O, Azərbaycanın Gürcüstanla quru sərhədinin açılmasını  təklif etdi: “Naxçıvanla Türkiyə arasında quru sərhədləri açılıb. İndi də Gürcüstanla quru sərhədləri açılmalıdır ki, tələbələr rahat şəkildə ölkəyə qayıda bilsinlər. Əgər biz qorxuruq ki, onlar xəstəlik gətirərlər, bu, elə deyil. Nəzərə çatdırım ki, həmin şəxslər təyyarə ilə də gəlirlər. Xəstəliklə bağlı hər hansı narahatlığımız varsa, sərhəddə xüsusi tibbi məntəqə yaradıla bilər, kimsə xəstədirsə, müalicə olunar. Ölkə konstitusiyasına görə, heç bir halda Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına maneə yaratmaq olmaz. Konstitusiyada bu açıq şəkildə qeyd olunub. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər”.

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıldı. Qeyd edək ki, dəyişikliklər Media haqqında Qanundan irəli gələrək həyata keçirilir. Deputat Fazil Mustafa çıxışında bir faktı xatırlatdı: “Bu yaxınlarda Ali Məhkəmənin qərarı oldu ki, keçmiş MTN-in başkəsən generallarından birinin 30 milyon əmlakına bəraət verildi, özünə qaytarıldı. Bu cəmiyyətdə birmənalı qarşılanmadı”. Deputat bildirdi ki, qanunlar medianın belə şəxslərlə bağlı araşdırma aparmasına mane olmamalıdır: “İndi onun mənbəyi və başqa məsələlərlə bağlı araşdırma aparanda onun təqsirli olub-olmaması məsələsi gündəmə gələ bilər. Media bundan çəkinir. Amma cəmiyyətin xeyrinədir ki, bir çox bu istiqamətdə olan məsələlərdə araşdırma aparmaq imkanı təqsirli şəxsin olması barədə xarakterizə olunmasın. Ona görə də incə bir ifadə əlavə etməliyik ki, medianın bu hüququ məhdudlaşmasın”.

Milli Məclisin iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi üçün müvafiq olaraq “Sosial sığorta haqqında” və “İşsizlikdə sığorta haqqında” qanunlara dəyişikliklər müzakirəyə təqdim edildi. Qanun layihələri barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış etdi, dəyişikliklərin mütərəqqi tərəflərindən danışdı.

Qeyd olundu ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə biləcək. Layihəyə əsasən, sərbəst vəsait dövlət sosial müdafiə fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Təklif olunan dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Deputat Elnur Allahverdiyev çıxışında dəyişiklikləri sabit iqtisadiyyatın göstərici kimi dəyərləndirdi. Bildirdi ki, layihədə əksini tapan hər iki dəyişiklik ölkəmizdəki iqtisadi mühitin dayanıqlığı və sabitliyindən xəbər verir: “Bu kimi yeniliklər dövlətin gəlir və xərclərinin optimal idarəedilməsinə gətirib çıxaracaq. Sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlir bir sıra məsələlərin maliyyələşdirilməsində istifadə olunacaq ki, bu da ən sonda vətəndaşın rifah halına müsbət təsir edəcək mühüm faktor kimi qiymətləndirilməlidir”. Deputat dedi ki, sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi dünya təcrübəsində mövcud praktikadır və əsas etibarilə dövlətin iqtisadi gücü, sabit iqtisadiyyata malik olması amilindən bəhrələnir: “İnkişaf etmiş ölkələrdə adətən sərbəst pul vəsaiti olmur, olduqda isə onun həmən investisiyaya yönəldilməsi aksiomdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətimizin uğurlu siyasəti, xüsusilə də postpandemiya dövründən etibarən iqtisadiyyatın diversifikasiyası üçün görülən tədbirlərin intensivləşdirilməsi, real iqtisadiyyata hədəflənmə və bu istiqamətdə qazanılan ciddi uğurlar, dövlət büdcəsinin xammal ixracından əldə edilən gəlirlərdən asılılığının azaldılması yönündə izlənilən mühüm nailiyyətlər sözügedən qanunlardakı müvafiq dəyişiklikləri həm məntiqi edir, həm də bunun gerçəkləşdirilməsi üçün münbit şərait yaradır”.

Deputat dedi ki, bu dəyişikliklərlə bağlı təmsil olunduğu komitədə də geniş müzakirələr aparılıb: “Sadə dillə desək, sərbəst vəsaitləri passiv şəkildə saxlamaq deyil, aktiv formada investisiyaya yönəltmək lazımdır”.

Qüdrət Həsənquliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklifinə fərqli yanaşma sərgilədi. Bildirdi ki, dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılan quruma kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti veririk. İnvestisiya qoymaq biznes fəaliyyətidir: “Bu, konstitusiyanın prinsipləri ilə ziddiyət təşkil edir. Sığorta fonduna toplanan vəsaitləri investisiya kimi qoyuruq. Burada biznes riski var. Həmin vəsait batsa, necə olacaq? Bu qanun layihəsinin müzakirəyə çıxarılması doğru deyil. Artıq vəsait investisiya kimi qoyulmalı deyil, yoxsul təbəqəyə verilməlidir”. “Dövlət Sosial Müdafiə Fondunda, İşsizlikdən Sığorta Fondunda artıq vəsait varsa, əhaliyə paylasın”-deputat bildirdi. “Bu gün DSMF-nin investisiya kimi qoyduğu vəsait sabah bata bilər. Ümumiyyətlə, DSMF-də, İşsizlikdən Sığorta Fondunda artıq pul varsa, əhaliyə versin. Biz müharibədən təzə çıxmış ölkəyik, nə qədər müharibədə əlil olmuş insanlarımız var. Artıq vəsait onlara verilməlidir. Eyni zamanda bilirik ki, inflyasiya baş alıb gedir, əhali dolanışığını təmin edə bilmir. Ona görə də vəsaitlər pensiyaların artırılmasına, ehtiyacı olanlara sərf olunmalıdır. Artıq vəsaiti investisiya kimi qoymağa ehtiyac yoxdur”,- deyə deputat etirazını bildirdi.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul edildi.

Elşad PAŞASOY,

“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR