İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament hökumətin hesabatını qəbul etdi

Baş nazir Milli Məclisdən vaxt istədi

Martın 17-də Milli Məclisin iclası keçirildi. Spiker Sahibə Qafarova iclasa qatılan Baş nazir Əli Əsədovu və hökumət üzvlərini, həmçinin deputatları salamlayaraq, bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır. Odur ki,  Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verəcək.

Sədr dedi ki, bu gün Azərbaycanın malik olduğu resurslar böyük miqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir: “İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Azərbaycan Respublikasının nail olduğu inkişaf səviyyəsini möhtərəm Prezidentin bu sözləri çox gözəl ifadə edir: ”Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil".

Baş nazir Əli Əsədov hökumətin 2022-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim etdi.

Əli Əsədov dedi ki, Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur. Həmçinin Hadrut və Tuğda da məskunlaşmaya start veriləcək.

Baş nazirin sözlərinə görə, ötən il YAŞAT Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 905, itkin ailə üzvlərinin 3 və yaralıların 1,3 min müraciəti olmaqla ümumilikdə 2,2 min müraciət təmin edilib. Təqdim olunan hesabatda bildirilir ki, müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 688 min manat vəsait aidiyyəti üzrə sərf edilib. Fondun təşəbbüsü ilə şəhid ailə üzvlərinin 126,4 min manat həcmində borc öhdəliyi bank və qeyri-bank təşkilatları tərəfindən ödənilib: “2022-ci il ərzində dövlət büdcəsindən vahid aylıq müavinət kimi 473,3 min nəfər məcburi köçkünə ümumilikdə 322899,7 min manat məbləğində vəsait ödənilib”.

Hökumət başçısı qeyd etdi ki, ölkə ərazisində ictimai və inzibati binalarda sıx məskunlaşan məcburi köçkünlər tərəfindən istifadə edilmiş kommunal xidmətlərə görə 2022-ci il ərzində ümumilikdə 21112,4 min manat məbləğində vəsait aidiyyəti xidmət təşkilatlarının hesabına köçürülüb. Dövlət ali və orta ixtisas təhsil müəssisələrinə 2022/2023-cü tədris ilində ödənişli asaslar ilə yeni qəbul olmuş 4,9 min nəfər məcburi köçkün statuslu tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanıb.

Əli Əsədov daha sonra bildirdi ki, ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında dəyişikliklər baş verib. Amma bu dəyişikşliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib. Baş nazir dedi ki, 2022-ci ildə ölkəmizdə 133,8 milyard manatlıq ümumi daxili məhsul  istehsal olunub: “2022-ci il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb”.

Ə.Əsədov Azərbaycanın valyuta ehtiyatları barədə də son məlumatı açıqladı: “Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır”. Onun sözlərinə görə, əhalinin banklarda olan əmanətləri 2,5 milyard artaraq, 11,7 milyard manat təşkil edib, ötən il ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görülüb. Belə ki, buğdanın yüksək məhsuldar yerli sortlarından istifadə edilməklə əkin sahələrinin genişləndirilməsi və idxaldan asılılığın azaldılması məqsədilə azad edilmiş ərazilərdə əkin işləri aparılıb. İşğaldan azad olunmuş ərazilərdə əkilən taxıl sahələrinin statistikası da açıqlanıb. Hesabatda qeyd olunub ki, Ağdam rayonunda 5,5 min hektar, Cəbrayıl rayonunda 14,8 min hektar, Füzuli rayonunda 3,2 min hektar, Qubadlı rayonunda 14,1 min hektar, Zəngilan rayonunda 7,7 min hektar, Laçın rayonunda 2 min hektar, Xocavənd rayonunda 521 hektar olmaqla, ümumilikdə 48,7 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilib və həmin torpaq sahələrini 38,2 min hektarında payızlıq buğda, 9,6 min hektarında isə arpa əkilib. Bundan əlavə, Zəngilan rayonunda 450 hektar sahədə yazlıq arpa, 400 hektar sahədə yazlıq buğda, 300 hektar sahədə vələmir, 50 hektar sahədə qarğıdalı, Qubadlı rayonunda 290 hektar sahədə yazlıq arpa, 50 hektar sahədə qarğıdalı, Ağdam rayonunda 300 hektar, Cəbrayıl rayonunda 260 hektar, Füzuli rayonunda 12,8 hektar, Xocavənd rayonunda 162 hektar sahədə yazlıq arpa əkini aparılıb. İşğaldan azad edilmiş ərazilərdə biçinin həyata keçirilməsi üçün ayrılmış 10 ədəd yeni kombayn və digər rayonlardan dislokasiya edilmiş 20 mədəd kombayn hesabına 15 min hektara yaxın sahənin biçini təmin edilib.

Komitə sədri Musa Quliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirdi: “Hökumətin dərin təhlilə, iqtisadi reallıqlara əsaslanan, görülən işləri, problemləri və qarşıya qoyulan düzgün vəzifələri qiymətlındirərək hazırladığı dolğun hesabat və cənab Baş nazirin mükəmməl çıxışı söyləməyə əsas verir ki, hökumətimiz 2022-ci ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirə bilib.

Müzakirələr zamanı çıxış edən deputat Naqif Həmzəyev əhalini narahat edən məsələlərdən biri barədə çağırış edib. Deputat hökumətə xitabən qaz limitinin ləğv edilməsinin vacibliyindən danışıb. Bildirib ki, hələ mart ayı olmasına baxmayaraq, əhalinin çoxu qaz limitini keçib: “Ona görə də təklif edirəm ki, növbəti illərdə qaz limiti ləğv edilməli və yeni tarifə keçilməlidir. Baş nazirin burada olmasından istifadə edərək, məsələyə baxılmasına ümid edirəm. Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı”.

N.Həmzəyev deyib ki, bu gün çox sayda sosial evlər tikilir, lakin həmin binalarda istixanalar yoxdur: “Mərkəzləşdirilmiş istixanalar əhalinin kommunal xərclərinin azalmasına səbəb olar və daha təhlükəsiz olduğunu düşünürəm”.

Deputat Vahid Əhmədov Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı iqtisadi rəqabətlə bağlı məsələyə diqqət çəkdi. Xatırlatdı ki, Rəqabət Məcəlləsinin yeni layihəsi hələ də Milli Məclisdə müzakirəyə çıxarılmayıb: “Baş nazirdən xahiş edirəm ki, bu məsələyə xüsusi diqqət yetirilsin”. V.Əhmədov qeyd etdi ki, Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasının işlər planına salınsa da, hələ müzakirəyə təqdim edilməyib: “Qanun qəbul olunmadıqca, belə bir vəziyyətdə iqtisadiyyatı normallaşdırmaq mümkün deyil. Ərzaq və dərmanların qiymətlərində artım hiss olunur. Hesab edirəm ki, qarşıdakı dövrdə də hiss olunacaq. Ona görə antiinflyasiya ilə bağlı tədbirlər görülməlidir”.

Deputat Tahir Kərimli pensiyalarla bağlı mövzuya toxundu. Bildirdi ki, ötən illərdə pensiya alanların sayı azalmağa doğru gedib:  “Gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz var. Neçə illərlə müqayisə aparanda görürük ki, pensiya alanların sayı azalıb”.

T.Kərimli qeyd etdi ki, ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil: “Biz nə vaxta qədər bu camaatla ”qara camaat" kimi davranacağıq? Kim nə deyir desin, mən həmin “qara camaat”ın nümayəndəsi kimi danışıram. Deyirlər restoranlar dolub-daşır. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin".

Spiker Sahibə Qafarova T.Kərimlinin sözlərinə reaksiyasında bildirib ki, Azərbaycan Prezidenti başda olmaqla, heç kim əhaliyə qara camaat kimi baxmır.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, iqtisadiyyatın tənzimlənməsinin elmi əsasları olmalıdır: “Biz, görürük ki, su qıtlığı var. Amma buna baxmayaraq 2022-ci ildə bitkiçilik məhsulları üzrə 3,3 faiz artım olub. Çiləmə və damcı üsulu ilə kənd təsərrüfatında suvarmanın təşkil olunması ilə əlaqəli deyil. Otlaq sahələri şumlanıb, əslində heyvandarlığa ciddi zərbə vurulub, aqroparklar yaradılıb. Amma biz bilirik ki, rayonlarda insanların çoxu məhz kənd təsərrüfatı hesabına yaşayırlar. Ona görə də su ilk növbədə o insanlara verilməlidir ki, onlar aclıqla üz-üzə qalmasınlar. Biz onu da bilirik ki, insanlarımızın sosial vəziyyəti ağırdır. Ötən il xaricdən təqribən 2,6 milyard manat pul köçürülüb. Və bu birbaşa ölkədə sosial gərginliyin aradan qaldırılmasına yönəlir, xüsusilə də ərzaq məhsullarının alınmasında. 2022-ci ildə qeyri-neft sektorunda 9,1 faiz artım olub ki, hökumət bunu xüsusilə qeyd edir. Amma bu nəyin hesabına olub? Nəqliyyat, turizm, anbar təsərrüfatı, ictimai iaşə və tikinti hesabına. Yəni sənayenin inkişafı, istehsal və emal müəssisələrinin yaradılması hesabına yox. Hökumətdən soruşuram ki, niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmur? Bütün qonşularımız bu təşkilatın üzvüdür, yənu bu məsələ hər dəfə uzadılır. 2022-ci ildə bütün maliyyə mənbələrindən əsaslı kapitala 18,3 milyard manat qoyulub, dövlət əsaslı vəsait qoyuluşu da 3,2 milyard manat olub. Bu ölkəmiz üçün çox kiçik bir rəqəmdir. Xarici banklar Azərbaycana buraxılmalıdırlar ki, Azərbaycanda sahibkarların aşağı fazilə kreditlərə çıxışı olsun. İnvestisiya qoyuluşunu artırmaq üçün həm də mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Əslində bu gün Azərbaycanda bazar iqtisadiyyatının elementləri olan dövlətin idarə və nəzarət etdiyi iqtisadiyyat mövcuddur. Amma biz bazar iqtisadiyyatına keçməliyik”.

Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı çıxışlara münasibət bildirən Baş nazir “3 min şəxsin hər birinin ölüm kağızına mən qol çəkmişəm. Sizinlə bərabər hər birimiz o ailələrin ağrısını bölüşürük”-dedi. Bildirdi ki, Azərbaycanda 4500-ə yaxın məktəb var, onun 3600-a qədəri adlıdır. Həmin məktəblərə Birinci Qarabağ müharibəsində şəhid olanların, həmçinin məşhur şəxsiyyətlərin adları verilib. “Bəzi hallarda şəhidlərimiz eyni məktəbdə oxuyub”  -deyən hökumət başçısı bu sahədəki çətinliklərdən danışdı. Bildirdi ki, valideynlər, icra hakimiyyətləri daha çox məktəblərə adların verilməsi ilə bağlı təşəbbüs qaldırırlar: “Müraciətlər kifayət qədər çoxdur. Müraciətlərin əksəriyyəti məktəblərə verilməsi ilə bağlıdır”.

Küçələrə şəhid adlarının verilməsinə gəldikdə, Baş nazir  “arxayınıqmı ki, şəhid ailələri həmin küçəyə adın verilməsini qəbul edir, ya yox?” - söylədi. Sonda bildirdi ki, bu məsələnin incəliyi nəzərə alınır və baxılır.

“Ölkədə 9 minə qədər məktəbin təmirə ehtiyacı var. Bu işi həyata keçirmək üçün ən azı 3,2 milyard manat vəsait lazımdır”- Baş nazir bildirdi. Qazlaşma məsələsinə gəldikdə, onun sözlərinə görə, bütün rayonlara yanaşma eynidir. “Mən çox şadam ki, Sabirabadda qazlaşma başa çatmaq üzrədir, yalnız bir kənd qalıb”.

Qaz limitinin ləğvi ilə bağlı təklifə gəldikdə, Baş nazir bu barədə vəziyyəti nəzərə almağı tövsiyə etdi. Qlobal məkanda baş verənlərdən, həmçinin Qarabağın yenidən qurulmasından, 9 şəhər, 300 kəndin tikilməsi ilə bağlı böyük işlərin aparılmasından bəhs edən Baş nazir reallığı nəzərə almağa çağırdı və “bizə bir az vaxt verin” - dedi.

Əli Əsədov deputatların çıxışlarına münasibət bildirdikdən sonra Sahibə Qafarova bildirdi ki, bir sıra deputatlar çıxışlara yazılmasa da, onların hökumətə ünvanlı fikirləri var. Sədr qeyd etdi ki, deputatların hesabatla bağlı səsləndirdiyi rəy və təkliflər sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək. Odur ki, hökumət başçısından yazılı formada təqdim olunacaq çıxışlara həssas yanaşmağı xahiş edib. Bundan sonra 92 lehinə, 2 əleyhinə olmaqla hesabat qəbul edildi.

Spiker Novruz bayramı ilə bağlı təbriklərini çatdırdı. Həmçinin Prezidentə və Birinci vitse-prezidentə bayram təbriklərinin göndərilməsi barədə təklif irəli sürdü, deputatlar alqışlarla bu təşəbbüsü müdafiə etdilər.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR