Onlayn ictimai-siyasi qəzet
Bu gün yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazdırıb.
"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılov üzərində 8:0 hesabı ilə qələbə qazanaraq ölkəmiz adına ilk bürünc medala sahib çıxıb.
Bu, həmçinin Azərbaycan yunan-Roma güləşçilərinin yarışda qazandığı tək mükafat olub.
Bu gün mübarizəyə start verən sərbəst güləşçilərimizdən Osman Nurmaqomedov (86 kq) və Əliabbas Rzazadə (57 kq) isə məğlub olaraq turniri mükafatsız başa vurublar.
Yarış bədii gimnastımız Zöhrə Ağamirova üçün də uğurlu keçməyib. 23 yaşlı idmançımız top, halqa, lent və gürzlə hərəkətlərin yekununda ümumilikdə 117.850 xal toplayıb.
Bu nəticənin ardından ilk "onluq"dan kənarda qalan Zöhrə finala vəsiqə qazana bilməyib və yarışı 18-ci sırada bitirib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ