Onlayn ictimai-siyasi qəzet
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib. Əvvəlcə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb.
Bunun ardınca Y.Gülər Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə bir araya gəlib. Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlər müzakirə olunub.
Dünyanın əsas geosiyasi çəkişmə nöqtələrindən sayılan Cənubi Qafqazda son günlərdə xüsusi diqqət cəlb edən hadisələrdən biri də Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi müstəvidə formalaşan yeni münasibətlərdir. Bu mənada üç ölkənin müdafiə nazirlərinin əvvəlcə Gürcüstanda, sonra Türkiyədə baş tutan görüşünün geniş müzakirə predmetinə çevrilməsi də təbii sayıla bilər.
Hadisələrin təhlili göstərir ki, tərəflər hərbi müstəvidə əməkdaşlıqlarını daha da dərinləşdirəcək. Türkiyə, Azərbaycan və Gürcüstan arasında qədim tarixi olan dostluq əlaqələri var. Siyasi, iqtisadi sahədə çox gözəl münasibətlərimiz var. Bu da bizə hərbi sahədə əməkdaşlığımızı daha da genişləndirməyə və inkişaf etdirməyə imkan yaradır.
Cənubi Qafqaz regionunda son zamanlar nəzərə çarpacaq dəyişikliklərdən biri Azərbaycan, Gürcüstan və Türkiyənin ittifaqıdır. İstər iqtisadi, istərsə də siyasi baxımdan bu 3 ölkə arasında son illərdə münasibətlər sürətlə inkişaf edib. Ənənəvi olaraq qardaş və strateji tərəfdaşı olan Azərbaycan-Türkiyə son illərdə Gürcüstanın simasında özünə etibarlı tərəfdaş tapıb.
Bu birlik nə dərəcədə uzunömürlüdür və regional sabitlik üçün önəm kəsb edir?
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”da qeyd etdi ki, Azərbaycanın bu ölkələrlə hər zaman çox yüksək səviyyədə əməkdaşlığı olub: “Türkiyə bizə qardaş dövlətdir. Gürcüstan isə, yaxın müttəfiqimiz sayılan ölkələrdəndir. Azərbaycanın bütün enerji daşıyıcıları Gürcüstan və Türkiyə üzərindən dünya bazarına çıxarılır. Həm neft-qaz kəməri, həm də dəmiryolu xətti Gürcüstan üzərindən qardaş ölkəyə keçir. Siyasi əlaqələrimiz çox yüksəkdir. Hərbi əməkdaşlığımız da həmçinin. Regional təhlükəsizliyin qorunması üçün bu çox önəmlidir. Hansısa birimizə təhdid olanda əməkdaşlıq etmək baxımından bu çox vacibdir. Türkiyə Gürcüstanda ordu quruculuğuna çox böyük dəstək verib, Azərbaycanda olduğu kimi. Ölkəmiz də qonşu Gürcüstana daim dəstək verib. Bu siyasi və iqtisadi sahələr üzrə özünü hər zaman göstərib. Bu gün də həmin dəstək davam edir. Hərbi qurumların birgə əməkdaşlığı onu göstərir ki, gələcəkdə bütün sahələr üzrə əməkdaşlıqlar daha da dərinləşəcək. Cənab Prezident Qəbələdə türk dövlətlərinin əməkdaşlığından danışdı. Türk dövlətləri arasında yolun biri də Gürcüstandan keçir. Gürcüstanda azərbaycanlılar çox yaşayır. Bu da əlaaqələrin daha da dərinləşməsini təmin edən faktorlardan biridir. Unutmayaq ki, Gürcüstan gürcülərdən sonra həm də orada yaşayan azərbaycanlıların ölkəsidir. Türklər orada çox yaşadığından və tarixi əlaqələr çox yaxın olduğundan təbii ki, Gürcüstanın önəmi çox yüksəkdir. Nəqliyyat dəhlizləri baxımından da Gürcüstan çox önəmli dövlətdir. Hesab edirəm ki, gələcəkdə hərbi əməkdaşlıq get-gedə daha da dərinləşəcək. Gürcüstan da bu prosesdə daha da önəmli yer tutmağa davam edəcək. Türkiyə-Azərbaycan əlaqələri ancaq və ancaq dərinləşməyə doğru gedir. Tiflis də bu prosesə bundan sonra da qoşulmağa davam edəcək”.
Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə indiyə qədər keçirilən bir sıra hərbi təlimləri xatırlatdı: “SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda təsir uğrunda gedən mübarizə buranı dünyanın ən gərgin geosiyasi şəraiti olan bölgələrdən biri halına gətirib. Belə bir şəraitdə Azərbaycan Türkiyə ilə həmrəyliyini, strateji münasibətlərini ən yüksək səviyyədə inşa edərək, sadəcə regionun lider ölkəsinə halinə gəlməmiş, həm də Cənubi Qafqazı kənar təsirlərdən azad edərək qlobal miqyasda yeni siyasət inşasının əsas aktorlarından birinə çevrilib. Təbii olaraq, Azərbaycanın Türkiyə ilə İrandan kənar birbaşa bağlantısı indiyədək Ermənistan üzərindən mümkün olmadığı üçün, Gürcüstan iki ölkə arasında tramplin bölgə olaraq təbii müttəfiq halına gəlib. Xüsusilə, Rusiyanın Gürcüstana qarşı apardığı işğalçı müharibə bu təbii müttəfiqliyin daha da irəlilədilməsinə yol açıb. Beləliklə, Azərbaycanın istər 2006-2007-ci illərdə fəaliyyətə başlayaraq Qərbin enerji təhlüksəziliyinin təmin olunmasında əhəmiyyətli rol oynayan enerjidaşıyıcı kəmərləri (BTC, BTE və ümumilikdə Cənub Qaz Dəhlizi), istərsə də Şərqlə Qərbi birləşdirən qlobal nəqliyyat-logistika xətləri (2017-ci ildən fəaliyyətə başlayan Bakı-Tiflis-Qars) Gürcüstan üzərindən keçirilib. Bu enerji-nəqliyyat dəhlizində yerləşən infrastrukturun qorunması, təbii ki, hər üç tərəfi birgə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə vadar edir. Odur ki, daha öncə də üçlü formatda hərbi təlimlər keçirilib, məsələn 2017, 2012 və 2009-cu illərdəki üçtərəfli birgə hərbi təlimləri xatırlatmaq olar. Bu illərə diqqət etsək, hər birinin regional əməkdaşlığın dərinləşdirildiyi il olduğu diqqətə çarpır. Bu məntiqi ardıcıllığa riayət edərək ehtimal etmək olar ki, qarşıdakı dövr regional əməkdaşlıq layihələri daha da genişləndiriləcək. Nəzərə alsaq ki, Azərbaycan Gürcüstanla birgə yeni Yaşıl Enerji Dəhlizi layihəsində iştirak edir və bu layihə daha genişmiqyaslı xarakter daşıyır. Belə ki, sadəcə Azərbaycanın deyil, eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəql olunması nəzərdə tutulur. Gələcəkdə Trans-Xəzər layihələrinin daha da genişləndirilməsi Gürcüstanın tranzit potensialını artırmaqla yanaşı, regional təhlükəsizlik qayğılarını nəzərə alaraq birgə əməkdaşlığı da gücləndirməyə tərəfləri sövq edir. Məhz bu konteksdə üçtərəfli əməkdaşlığın regional sülh, sabitlik və təhlükəsizliyə töhfə xarakteri daşıdığını qeyd etmək olar”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ