İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakı və İrəvanı tələsdirir - Üç sensasion əngəl...

Azərbaycan və Ermənistan yeni həmlələrə hazır olmağa çağırıldı; Vaşinqtonun köməyi ilə bu kritik mərhələni adlamaq mümkün olacaqmı?

“Prezident Donald Tramp qarşısına çıxan fürsətləri dəyərləndirməyi bacarır. Həm Azərbaycan, həm də Ermənistan normallaşma və sülhün əhəmiyyətini anlayır. Hər iki ölkə Moskvanın uğursuz vasitəçilik səylərindən və onun azalan regional təsirindən yorulub”.

Bu barədə Amerikadakı Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin “Ermənistan-Azərbaycan sülhü üçün növbəti addımlar” məqaləsində bildirilir.

Lakin onun fikrincə, Ağ Evdə imzalanma mərasimi başa çatsa da qarşıda üç böyük əngəl var:

1. Baş nazir Paşinyanın siyasi sabitliyi ilə bağlı suallar qalmaqdadır. Bu sabitlik xüsusilə Ermənistanda keçiriləcək parlament seçkisi ərəfəsi sarsıla bilər. Ermənistan daxilindəki radikal millətçi qruplar və Moskva tərəfindən dəstəklənən qüvvələr Paşinyanın səlahiyyətinə və sülh prosesinin legitimliyinə meydan oxuyur.

2. Həm Ermənistan, həm də Azərbaycan Rusiya və İranın dezinformasiya kampaniyaları başladaraq sülh prosesini gözdən salmağa çalışacağını gözləməlidir.

3. Sülh sazişində nəzərdə tutulan regional nəqliyyat əlaqələrinin - o cümlədən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) - necə maliyyələşdiriləcəyi ilə bağlı hələ də bir çox sual cavabsız qalır.

Analitikə görə, bu çətinliklər həll edilməsə, Tramp sülh təşəbbüsündə marağını itirə bilər: “Yalnız onun birbaşa nəzarəti təşəbbüsün uğurunu təmin edə bilər”.

ABŞ-dakı “beyin mərkəzi”nin xəbərdarlığı nə dərəcədə əsaslı görünür? Bakı və İrəvan Vaşinqtonun köməyi ilə bu üç əngəli problemsiz adlaya biləcəkmi?

Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək istəyir" - Samir Əsədli |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli sülh yolunda mürəkkəb problemlərin geridə qaldığını açıqladı. Onun sözlərinə görə, pozitiv gedişatın davamını Bakı və İrəvan gətirməlidir: “Ağ Ev rəhbərliyi üzərinə düşəni etdi və bundan sonra tərəflər sülh quruculuğu işini sürətləndirməlidir. Mən amerikalı mütəxəssis qədər bədbin deyiləm. Fikrimcə, ABŞ Zəngəzur dəhlizi üçün lazım olan bütün addımları atacaq. Artıq 145 milyon dollar ayırıb, amerikalı gömrükçülər İrəvanda olub və məsləhətləşmələr aparılıb, davamı da gələcək. Bu işə Birləşmiş Ştatların müttəfiqi Türkiyə xüsusən nəzarət edir. ABŞ üçün Cənubi Qafqazda Türkiyə var və Tramp növbəti dəfə Ərdoğanı təriflədi. Yəni bölgənin məsələləri həm də Ankaraya həvalə olunub. Habelə bu layihədə Ermənistan da maraqlıdır. Güman etmirəm ki, Rusiyanın kobud müdaxilə imkanları qalıb”.

S. Əsədli qeyd etdi ki, əngəl kimi görünən digər iki məsələ də Amerikanın himayəsindədir: “Amerikalılar Paşinyan iqtidarını qoruyur. Rusiyanın çevriliş imkanları görünmür. Nikol özü də Rusiyadan tam üz çevirməyib. Eyni zamanda, Moskva və Tehranın sülh əleyhinə hibrid müharibəsi isə fiaskoya məhkumdur. Bu halda daha da nüfuz itirəcəklər. Ona görə Rusiya və İran 8 avqust razılaşmasını alqışlamağa məcbur qalıblar”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə regionda yeni dövrün başladığını vurğuladı. Onun qənaətinə görə, bundan sonra iqtisadi sahədə əməkdaşlıq, dəhlizlərdən istifadə, ticarət dövriyyəsi ən prioritet məsələlər olacaq, nəinki gərginlik ocaqları saxlamaqla təsir gücünü göstərmək. Onun fikrincə, Rusiya sülhə maneə olmayacaq və Düşənbə görüşü də münasibətləri normallaşdıracaq: “Moskva Cənubi Qafqazda sülh əleyhinə addımlar atmaqda maraqlı deyil. İndi ona Qafqaz ölkələri ilə əməkdaşlıqdan iqtisadi dividend əldə etmək vacibdir. Çünki sanksiyalar Rusiyanı siyasətinə yenidən baxmağı zəruri edib”.

Onun dediyinə görə, sülhlə bağlı əngəllərin aradan qaldırılmasında Ermənistan da ciddi addımlar atmalıdır: “İlk növbədə konstitusiyadan ərazi iddialarını çıxarmalıdır ki, mübahisəli yer qalmasın. Bundan sui-istifadə edən qüvvələr ola bilər. Lakin Azərbaycan-Rusiya münasibətlərinin hazırkı dövrü deməyə əsas verir ki, Moskva Bakının ayağının altına daşlar düzmək istəməz. Rusiya Azərbaycan rəhbərliyinin milli məsələlərdə nə qədər israrlı və prinsipial olduğunu görür. Zənnimcə, hadisələrin inkişafı gələn il seçkilərindən sonra yekun sülh sənədini imzalamağa imkan verəcək. Trampla Putin arasında dialoq, Ərdoğanla Putin arasında əlaqələr Kremlin Cənubi Qafqazda hər hansı pozucu planları varsa belə onu indidən mümkünsüz edir. Rusiya əvvəlki deyil və regionda yenidən qarışıqlıq yaratmaq, cəbhə açmaq gücü yoxdur. Təbii ki, strateji itkiləri var və dəhlizə nəzarət etmək istərdi, amma hazırkı reallıqlar buna şans qoymur”.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Kremlin Zəngəzur narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, amma “Tramp yolu” ilə bağlı bəzi suallar var.

Prezident İlham Əliyev isə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında bildirib ki, İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək.

Dövlət başçısı qeyd edib ki, Vaşinqton Zirvəsi çərçivəsində ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırılıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR