Onlayn ictimai-siyasi qəzet
Hamımız həyəcan və ümidlə gözlədik, lakin dünən Nobel sülh mükafatını ABŞ prezidenti Donald Trampa yox, Venesueladan hansısa zənən xeylağına verdilər. Necə deyərlər, dünya birliyi bu ədalətsizliyə hələ susur.
Amma həqiqətən Tramp bu mükafat üçün əməllicə həvəslənmişdi, sanki onun üçün ölüm-dirim məsələsi olmuşdu. Vaşinqtonda, elə dünya üzündə də kimi görsə xahiş-minnət, bəzən də hədə-qorxu ilə tələb edirdi ki, mənim namizədliyimi irəli sürün. Alınmadı. Deməli daha çox işləmək lazım gələcək. İnşallah, gələn il alar, hamımız dincələrik. Saxarovdan, Qorbaçovdan, Yasir Ərəfatdan, Barak Obamadan-zaddan daha az sülh göyərçini deyil ki? Onlar alıbsa, buna da düşür.
Eyni zamanda, qarşıdakı müddətdə Tramp əlindəki rıçaqlardan daha məqsədyönlü istifadə etməlidir. Nobel mükafatlarının hamısını İsveçdə yerləşən akademiyalar-filan təyin edir, bircə bu Sülh mükafatı Norveçdə seçilir. Norveç dünyada demək olar nadir dövlətdir ki, onun xalqının daha çoxu xaricdə yaşayır. 10 milyon civarında norveçlidən 4 milyonu Norveçdə yaşayırsa, 4 milyon yarımı ABŞ-dadır. 500 mini də Kanadada və sairə. Əgər bu qədər camaat niyə dünyanın ən gözəl (insan hüquqlarını qorumaq baxımından) dövlətindən - Norveçdən baş alıb qaçıb, mühacirət edib soruşsanız, bunun bizim üçün də önəm daşıyan səbəbi var. Norveç həmişə indiki iqtisadi gücdə olmayıb. Keçən əsrin 60-70-ci illərində Şimal dənizində böyük neft-qaz yataqları tapanacan Norveç geridəqalmış balıqçılıq ölkəsi idi. Amma neft-qaz gəlirlərini səmərəli istifadə etmək hesabına indi Norveç camaatı sözün əsl mənasında kef çəkir. Ən aşağı işsizlik və inflyasiya, yüksək maaşlar... Norveç Pensiya Fondunda (bizim Neft Fondunun oxşarı) 1 trilyon 800 milyard dollarlıq vəsait toplanıb. Bu ilin yayındakı hesablamaya görə fondun pulunu norveçlilər arasında bölsən adambaşına 340 min dollar düşər.
Nəyə işarə etdiyimi anladınız: Trampın əlində Norveçə təzyiq üçün babat imkanlar var. Yığırsan bir neçə min norveçlini gəmiyə, göndərirsən Osloya. Qoy qalsınlar qışqıra-qışqıra. Ondan sonra məcbur olub medalı hansı yaxaya asmaq lazım gəldiyini başa düşərlər.
Sözgəlişi, biz nədənsə Kanadanın və Qrenlandiyanın işğalı istiqamətində də faydalı hərəkətlər görmədik. Vaxt keçir. Tələsmək lazımdır.
Bir az təsəlli ondadır ki, hazırda tək dünyada və Amerikada deyil, bizim ölkədə də ağsaqqala hörmət azalmışdır. Məsələn, Ağsaqqallar Şuramızın sədri, Kaprativ Universitetinin (bu milli Harvarddır, adı da səsləşir) rektoru Eldar müəllimin ətrafında qalmaqallar səngimir. May ayında onun İmişlidəki adamı Saleh müəllimi dövlətə xəyanətdə suçladılar, içəri basdılar. Təzəlikcə bir topa dələduz medal alverçisi yaxalandı, onların da bəzisinin milli ağsaqqalımız tərəfindən himayə olunduğu deyildi. Bəs çıxış yolu nədir? Fikrimcə, Eldar müəllimi daha gənc kadrla əvəz etməliyik. Qoy Ağsaqqallar Şurasının sədri də hansısa müasir cavanlardan təyin edilsin. Biz bu gəncləşdirmə siyasətinin uğurlarını hər yerdə görürük. Qalıb bircə Ağsaqqallar Şurası.
Sonda bir fantastik dəyişiklik haqda xalqa mütləq məlumat və gözaydınlığı verməliyik. Məncə bu hadisə hətta Nobel ödülü və ağsaqqallıq məsələlərindən də vacibdir. Bakı metrosunda perrondakı elektron lövhələrdə dünyada analoqu olmayan informasiya verilirdi: qatarın neçə dəqiqə əvvəl getməsi göstərilirdi. Sanki bu, sərnişinlərə çox vacibdir, 5 saniyə qabaq gedibsə dalıyca düşüb çata bilərdik, 30 saniyə keçibsə, dilxor gözləməliydik, ya da nə bilim, 5 dəqiqə ötübsə özümüzə qəsd etməliydik, Allah eləməsin. Uzun sözün qısası, bugünlərdə həmin məlumat dəyişilib. İndi bizə bütün sivil dünyada olduğu kimi, qatarın haçan gələcəyi çatdırılacaqdır!
Bu, təzə stansiyalar tikmək qədər böyük islahatdır. Təbrik edirəm. Gözüm yaşardı. Qoy belə şeylərə baxıb Trampda da gələn ilə ümid artsın.
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ