İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda böhran: Bayden İmran Xanı devirmək istəyir - 90 gün dözəcəkmi...

Ölkənin eks baş naziri Benazir Buhutto öldürülüb, sabiq prezident Pərviz Müşərrəf ömürlük həbsə məhkum olunub, ABŞ güclənən hazırkı hakimiyyəti isə dəyişmək niyyətindədir - ekspertlərin maraqlı mövqeləri

Pakistanın baş naziri İmran Xan istefa verib. “Yeni Müsavat” bildirir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb. “Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb. O, yeni baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.

Pakistanın informasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək. Pakistan müxalifəti isə baş nazir İmran Xanı ölkədə inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edərək onun istefasını və bununla bağlı qanunverici orqanda etimad səsverməsinin keçirilməsini tələb edirdi. Milli Assambleya sədrinin müavini Qasım Suri baş nazirə etimadsızlığın konstitusiyanın 5-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini bildirib və təklifi səsverməyə qoymayıb.

Müxalifət səsvermənin ləğvinə etiraz olaraq məhkəməyə müraciət edəcəklərini bildirmişdi. Bu, İmran Xanın parlamentin buraxılması təklifi ilə çıxış etməsinə səbəb olub. O, aprelin 3-də prezident Arif Alviyə parlamentin buraxılması təklifi ilə müraciət etmişdi. Nəticədə Pakistanda siyasi böhran yaşanır. İndi azərbaycanlı analitikləri daha çox düşündürür ki, bu ölkədə hakimiyyət dəyişikliyi baş tutsa, Azərbaycanla siyasi-hərbi əlaqələrə hansı təsirləri olacaq? Pakistan Azərbaycanla sıx hərbi ittifaqdadır. Həmçinin, Türkiyə və Rusiya ilə də münasibətləri qaydaya salıb. Pakistanın hazırkı iqtidarının Çinlə də əlaqələri yaxşıdır. İmran Xan Hindistanla da müharibədən qaçır, sülh yaratmağa çalışır.

Doğrudur, İmran Xanın mövqeyi güclüdür, xalqdan, ordudan dəstəyi var, ölkədə milyonluq mitinqlər keçirib, ictimai dəstək aldığını nümayiş etdirir. Üstəlik, açıq şəkildə deyib ki, Pakistanda ABŞ hakimiyyət dəyişikliyi etməyə çalışır. Bəs İmran Xan son 90 gündə - növbəti parlament seçkilərinə kimi duruş gətirə, hakimiyyətdə qalmağı bacaracaqmı? Yeri gəlmişkən, Pakistanın əvvəlki rəhbərləri - keçmiş baş nazir Benazir Buhutto mitinqdə çıxışı zamanı sui-qəsdlə qətlə yetirilib, sabiq prezident Pərviz Müşərrəf vətənə xəyanətdə təqsirli bilinərək, ölüm cəzasına məhkum edilib. Qeyd edək ki, 1947-ci ildə müstəqil olan Pakistanda bu günə qədər heç bir hökumət başçısı 5 illik hakimiyyət müddətini tam olaraq başa vura bilməyib. Parlament idarə üsulunun hakim olduğu Pakistanda demokratik seçkilər və ədalətli məhkəmə sistemi olsa da, ölkədə siyasi sabitlik mövcud deyil, seçkilərlə iqtidara gəlmiş hökumətlər müddət tamam olmamış hərbi çevriliş və ya korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırılır, bəzən isə edam edilir. İmran Xanı da bu aqibət gözləyə bilərmi?

Qabil Hüseynli: “Human Rights Watch” təşkilatının hesabatı reallığı əks  etdirir

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-İmran Xan münasibətlərinin gərginləşməsi Əfqanıstan hadisələri zamanı başladı. Q.Hüseynli yada salır ki, Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq və yeni nəqliyyat dəhlizi açmaq istəyirdi, amma İmran Xan buna imkan vermədi: “Nəticədə ABŞ-İmran Xan əlaqələri korlandı. Amerika bundan sonra vəziyyəti qarışdırmağa səy göstərdi. İmran Xan görəndə ki onun partiyasından bəzi deputatlar müxalifətə keçib, vəziyyətin ciddiliyini nəzərə alaraq yeni seçki təyin etdi. Amma Prezident də buna əməl etdi və 3 ay sonra yeni seçki keçiriləcək”.

Politoloqun fikrincə, İmran Xan yenidən xalqdan ya etimad qazanmalı, ya da hakimiyyəti müxalifətə verməlidir: “Amma İmran Xanın xalq içində nüfuzunun olduğu deyilir və təzədən baş nazir seçiləcəyi ehtimalı yüksəkdir. Üstəlik, onun hakimiyyətdə qalması Türkiyəyə və Azərbaycana sərfəlidir. Pakistan Azərbaycan və Türkiyə ilə qardaş ölkələrdir, İmran Xan dövründə bu müttəfiqlik daha yüksək səviyyəyə qalxıb”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun fikrincə, İmran Xan Pakistanda siyasi böhranın birinci mərhələsindən qalib çıxıb: “Çünki məhz onun tələbi ilə prezident parlamenti və hökuməti buraxdı. Əks təqdirdə, İmran Xan gərək istefa verəydi və parlament yeni hökumət formalaşdıraydı, təbii ki, başqa bir baş nazirin rəhbərliyi ilə. Çünki İmran xanın hökuməti dağılırdı, bir neçə nazir istefa verib. 13 deputat isə müxalifətə keçib. Belə bir şəraitdə yeganə yol parlamenti buraxıb yeni seçkilərə getməkdir. İmran xan da bunu etdi”. Jurnalistin sözlərinə görə, prezident və ordu da onu dəstəkləyir: “Bu mənada birinci mərhələni İmran Xan qazanmış oldu. İndi əgər müxalifət çox ciddi təzyiq etməsə, yəqin ki, seçkiyə qədər baş nazir olaraq qala bilər. Əks təqdirdə, prezident seçkiyə qədər 3 aylıq müvəqqəti hökumət yaradacaq və neytral şəxslərdən bir nəfəri baş nazir seçəcək”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, həlledici əhəmiyyəti olan Ordu Baş Qərargahı siyasi proseslərə qarışmayacağını bəyan edib: “Bu isə İmran Xan üçün əhəmiyyətli olan ikinci mühüm amildir. Bir çox Şərq ölkələrində olduğu kimi, Pakistanda da ordu yarımüstəqil qurumdur və ölkədəki siyasi proseslərə ciddi təsiri var. Amma göründüyü kimi, ordu da İmran Xanın yanındadır. O baxımdan, Pakistan liderinin seçkidə qalib gəlmək şansları çox yüksəkdir və devrilməsi üçün şansların az olduğunu düşünürəm. İmran Xan özü də vəziyyəti zamanında dəyərləndirib praqmatik qərar qəbul etdi və prosesi öz xeyrinə dəyişmək fürsətini qaçırmadı. Sadəcə, Pakistanın Rusiya ilə münasibətlərində müəyyən yaxınlaşma, Çinlə əlaqələrini inkişaf etdirməyə çalışması, o cümlədən regionda kifayət qədər nüfuzunun artması, hətta Türkiyə ilə əlaqələri Vaşinqtonu narahat etməkdədir. Ona görə Pakistanda İmran Xan kimi müstəqil siyasət yürüdən biri yox, amerikalıların sözünə baxan iqtidar qurmaq istəyirlər. İnanmıram ki, buna nail ola bilsinlər”.

Siyasi ekspertin fikrincə, Pakistan mürəkkəb ölkədir: “Burada həmişə qeyri-sabitlik olub. Onun yerləşdiyi ərazi də burada mühüm rol oynayır. Pakistanın Hindistanla gərginliyi, Kəşmir məsələsi, o cümlədən Əfqanıstanda ”Taliban"ın hakimiyyəti götürməsi bölgəni həssas nöqtəyə çevirir. Ancaq İmran Xan bu sınaqdan çıxmağı bacaracaq. Azərbaycana gəlincə, əgər İmran Xanın yerinə Amerikanın adamı gələrsə, müxalifət qərbpərəst olarsa, o halda bizimlə əlaqələrə müəyyən təsir edə bilər. Amma İslamabad-Bakı münasibətləri həmişə yaxşı olub, İmran Xan dövründə isə daha çox inkişaf edib".

Qeyd edək ki, keçmiş kriket çempionu İmran Xan 2018-ci ildə keçirilmiş seçkilərdə qalib gəlib. Onun lideri olduğu Pakistan Ədalət Hərəkatı seçkilərdə ən çox səs qazanan partiya olub. 342 yerlik Pakistan parlamentinin aşağı palatasında 272 mandat ümumi səsvermə ilə əldə olunur. 70 mandat isə qadınlara və dini azlıqlara ayrılan kvotadır. Qanuna əsasən hökumət qurmaq üçün partiya və ya koalisiyaya 172 mandat lazımdır. İmran Xanın hərəkatı ümumi seçkilərdə 116 mandat qazanıb və daha sonra müstəqillərin (9) və azlıqların (33) səsi ilə 158 mandat əldə edib. Parlamentdə ikinci ən çox səs alan partiya isə ümumilikdə 64 səs alıb. Beləliklə, koalisiya quraraq 172 lazımı səs alan İmran Xan Pakistanın baş naziri olub.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR