Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. A.Babayev özünü zühur etmiş "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Musavat.com xəbər verir ki, oktyabrın 4-də keçirilən prosesdə prokuror Aqil Babayevə 13 il həbs cəzası verilməsini istəyib.
Aqil Babayev özünü "12-ci İmam Mehdi" kimi tanıtmaqda, zəkat, kasıblara yardım adı ilə ətrafdakı insanların milyonlarla pulunu, əmlaklarını ələ keçirməkdə ittiham edilir. Ona Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddənin də sanksiyasında 14 ilədək həbs cəzası nəzərdə tutulub.
Prokuror deyib ki, Aqil Babayevin təqsiri 1 ildən çox sürən məhkəmədə dindirilən zərərçəkən və şahid ifadələri, ekspertiza rəyləri və başqa sübutlarla sübuta yetirilib.
Prokuror müttəhimin zərərçəkmiş şəxslərə 2 milyon 500 min manatdan çox zərər dəydiyini bildirib.
Aqil Babayev özünü təqsirli bilmir. O, biznesini, o cümlədən "Shaurma N1" restoranlar şəbəkəsindəki payını əlindən almaq üçün belə bir absurd ittiham uydurulduğunu iddia edir: "Mənə qarşı qarət əməllərini ört-basdır etmək üçün ünvanıma bu ittihamları planlaşdırıblar. İndi burada özlərini elə təqdim edirlər, sanki Bill Qeytsin, Abramoviçin nəslindəndirlər".
Onun sözlərinə görə, hazırda zərərçəkmiş kimi tanınan şəxslərin bir neçəsi 2021-ci il iyulun 8-də Buzovnadakı bağ evinə gəlib. Orada onu döyüb, mühasirədə saxlayaraq Əhmədli qəsəbəsində yerləşən evinin açarını götürüblər. Daha sonra həmin evə gedib oradan milyonlarla manat pulunu və bir neçə kiloqram qızıl-zinət əşyalarını aparıblar. Sonradan bu cinayət işi üzrə məhkəmə prosesi zərərçəkənlərin tələbi ilə qapalı keçirilib.
Oktyabrın 3-də prokurorun 13 illik həbs tələbindən sonra Aqil Babayevin vəkilləri məhkəmədən vaxt istəyib. Onlara oktyabrın 18-dək vaxt verilib. Zərərçəkmiş kimi tanınanlar arasında "Shaurma N1" restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov da var. O, məhkəmədə bildirmişdi ki, Babayevin "İmam Mehdi" olduğuna inanıb, uzun illər boyunca ona zəkat, Qarabağ döyüşçüləri üçün ev tikmək adıyla yarım milyon manatdan çox pul verib.
Başqa bir zərərçəkmiş Anar Aslanov iddia edir ki, Aqil Babayevin təhrikiylə həyat yoldaşını boşayıb, "İmam Mehdi" ona "Santa Fe" markalı maşınının müqabilində "cənnətdə iki hektar torpaq sahəsi" verib və s. Aqil Babayev isə bu iddiaların hamısının yalan olduğunu deyir.
E.Məmmədəliyev,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ