Onlayn ictimai-siyasi qəzet
Çoxmənzilli binalara artırmalar artıq illərdir ki ənənə halını alıb. Bu artırmalar zamanı binalarda əlavə yüklənmələr və müəyyən konstruksiya dəyişiklikləri baş verir. Özünü daha çox köhnə beşmərtəbə binalarda göstərən bu problem, sakinlərin həyatı üçün bir çox risklər doğurmaqdadır. Sözügedən binalara artırılan hissələrin müvafiq tikinti normlarına uyğun olmaması ilə bağlı narahatlıqlar isə həddən artıq çoxdur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu cür artırmalar binaların dayanıqlılığına mənfi təsir göstərir:
“Vətəndaşların öz mənzilinə hər hansı artırma etməsi ilə bağlı normativ yoxdur. Hansısa çoxmənzilli bina tikilən zaman onun bütün bünövrəsi, hündürlüyü və divarların qalınlığı hesablanır. Əgər hər hansı bir artırma edilərsə, binanın dayanıqlılığına mənfi təsir göstərir. Bina deformasiyaya uğrayır və divarlarında çatlar əmələ gəlir”.
Ekspert qeyd edib ki, tikinti şirkətləri əksər hallarda artırmaları vətəndaşların xeyirinə nəzərə alır:
“Tikinti şirkətləri də söküntü zamanı əsasən mənzilin çıxarışlı olan hissəsini əsas götürürlər. Amma əksər hallarda, artırma olan yer vətəndaşın daimi istifadəsindədirsə, onu nəzərə alırlar. Ümumiyyətlə binalarda əlavə artırmaların olması qeyri-qanunidir. Bu kimi işlərə yerli icra hakimiyyətinin müvafiq şöbəsi, mənzil istismar idarələri baxır. Təəssüflər olsun ki, bu mövzuda olan artıq olub”.
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ