İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK-dən Rusiyanın yalanını üzə çıxaran mediaya qarşı SENSASİON ADDIM

Neft İxrac edən Ölkələr Təşkilatı – OPEK özünün Vyanada keçiriləcək 8-ci beynəlxalq seminarına 3 nüfuzlu media qurumunun jurnalistlərinin akkreditasiyasını ləğv edib. Söhbət "Bloomberg" və "Reuters" agentliklərindən, həmçinin "The Wall Street Journal" qəzetinin jurnalistlərindən gedir.

Musavat.com-un məlumatına görə, "Bloomberg" agentliyi bununla bağlı açıqlama ilə çıxış edib.

Açıqlamada OPEK-ə bazarda şəffaflığın təmin olunması naminə jurnalistlərə qarşı ayrıseçkiliyə son qoyulmasına çağırış edilir.

Xatırladaq ki, OPEK adları çəkilən media qurumlarının nümayəndələrini iyunun 4-də Vyanada OPEK+ ölkələri nazirlərinin monitorinq komitəsinin iclasına da buraxmayıb. "Bloomberg" qeyd edib ki, akkreditasiyanın ləğvinə baxmayaraq, hər 3 jurnalist Vyanaya gedəcək.

Onu da qeyd edək ki, "Bloomberg" və "Reuters" agentlikləri, həmçinin "The Wall Street Journal" qəzeti may ayında Rusiyanın OPEK+ çərçivəsində hasilatın azaldılmasına aid üzərinə götürdüyü könüllü öhdəliyə əməl etmədiyinə dair materiallarla çıxış ediblər. Onların apardığı hesablamalar göstərib ki, Rusiya mart-aprel-may aylarında gündəlik hasilatı öhdəsinə götürdüyü 500 min barel deyil, cəmi 240 min barel azaldıb. Bundan sonra Səudiyyə Ərəbistanı başda olmaqla, OPEK+ ölkələri Rusiyanın hasilat həcmlərinin 3 müstəqil qurum tərəfindən hesablanması barədə qərar qəbul edib. Eyni zamanda Rusiya neftini öz nefti kimi satışa çıxardıqlarına dair məlumatlar yayılan bir neçə Afrika ölkəsinin hasilat kvotası azaldılıb, onların real hasilatının da yenidən qiymətləndirilməsi qərara alınıb.

Maraqlıdır ki, məhz Rusiyanın hasilatı öhdəsinə götürdüyü həcmdə azaltmadığını sübut edən materialları yayan media qurumlarının nümayəndələrinin OPEK və OPEK+ toplantılarına buraxılmamasına qərar verilib. Bu isə qərarın arxasında Rusiyanın dayandığını deməyə əsas verir.

Daha bir maraqlı məqam budur ki, OPEK 5-6 iyulda Vyanada keçiriləcək 8-ci beynəlxalq seminarın işini işıqlandırması üçün Rusiyanın dövlət agentliyi olan TASS-la rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR