İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onun yoxluğu ilə barışmaq istəmirik"-Qənirə Paşayeva məzarı başında anıldı-FOTOLAR  

 

Mərhum millət vəkili, ictimai-siyasi xadim, professor Qənirə Paşayevanın vəfatından 1 il keçib. Qənirə Paşayeva II Fəxri Xiyabanda məzarı başında yad edilib. 

Musavat.com xəbər verir ki, anım mərasimində millət vəkilləri, Qənirə Paşayevanın ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. 

Mərhum millət vəkilinin əmisi, əməkdar elm xadimi professor Qəzənfər Paşayev bildirib ki, Qənirə Paşayeva qısa ömründə çox böyük işlər görüb:

"Bu gün Qənirə Paşayevanın ölümünün birinci ili tamam olur. İslamın adət- ənənələrinə görə mərhum üçün toplaşılan son gündür. Qənirə xanımı tanıyan, onunla işləyənlər, millət vəkilləri buradadır. Qənirə xanım hərtərəfli tərifə layiq insan idi. Tükənməz enerjisi ilə hər kəsə yardım edib. Allah rəhmət eləsin!"

Millət vəkilləri Qənirə Paşayeva haqqında danışarkən onun qısa olsa da, parlaq ömür yaşadığını qeyd ediblər.

Millət vəkili Jalə Əliyeva bildirib ki, Qənirə Paşayeva öz əməlləri, ləyaqəti, cəsarəti ilə  minlərlə insanın qəlbində sevgi taxtı qurub: "Əziz bacımız. Bu gün buradan sizə müraciət edirəm. Qənirə xanım bitib- tükənməyən problemin içində kimliyindən asılı olmayaraq hər kəsə mərhəmət göstərə bilirdi. İndi kiminlə danışaq? Kimə müraciət edək? Niyə belə etdin? Bu suallar məni bir dəqiqə rahat buraxmır. Qənirə xanımın qısa ömrünə sığdırdıqları o qədər çoxdur ki, bu barədə saatlarla danışmaq olar. Bununla yanaşı, başımızı dik tuturuq ki, Qənirə xanım kimi biri ilə qısa olsa da, yol getdik. Allah rəhmət eləsin!"

Millət vəkili  Nizami Səfərov qeyd edib ki, Qənirə Paşayeva haqqında danışmaq həm asandır, həm də çətin:

"Bu cür parlaq insanın yoxluğu ilə barışmaq istəmirik. Qısa lakin parlaq ömür yaşayan Qənirə Paşayeva  minlərlə insanın ürəyində yaşayacaq. Qənirə Paşayeva hər kəsin deputatı idi. Hər bir insana kömək etmək istəyirdi. Qənirə xanım Vətəninə, xalqına sadiq insan idi. Qısa ömür yaşasa da, parlaq iz qoydu. Allah rəhmət eləsin!"

Millət vəkili Məlahət İbrahimqızı Qənirə Paşayeva ilə bir saat birgə olmağı bir ömür bərabər olmaqla müqayisə edib:

"Biz gəldi gedərik. Qənirə xanım illərlə yaşayacaq. Qənirə xanım bütün Türk dünyasının millət vəkili idi. Onun itkisi çox ağırdır. Türk dünyası haqqında söz düşəndə Qənirə xanım yada düşür. Türk dünyasının belə övladı bəlkə də yetişməyəcək. Hara baxsaq, onun əvəzedilməz izi var".

Millət vəkili Arzu Nağıyev isə bildirib ki, Qənirə Paşayeva ilə təkcə, iş yoldaşı, həmkar yox, dost olublar: “Demək olar ki, hər gün səsi qulağımızdadır. Milli Məclisdə oturanda yerinə baxırıq. Qənirə xanım təkcə dostluğumuzdan getmədi, türk dünyasından getdi. Seçki dövründə bizə dedilər ki, Qənirə xanımdan sonra sizə çətin olacaq. O, həmişə bizimlədir. Allah rəhmət eləsin!"

Millət vəkili Aydın Hüseynov da Qənirə Paşayevanın hər kəsə qayğı göstərdiyinə diqqət çəkdi:  

"Biz bu gün Azərbaycanın ictimai siyasi xadiminin anım mərasiminə toplaşmışıq. Qənirə xanım çox gənc yaşlarından tanınıb, özünü təsdiq edib. Qənirə xanım Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyevin etimadını qazanmışdı. Qənirə xanım Azərbaycan xalqının milli  xüsusiyyətlərini çox gözəl bilirdi. 

O, hər kəsə diqqətlə yanaşırdı. Yaşca məndən kiçik idi, amma buna baxmayaraq, mənə də qayğı göstərirdi. Allah rəhmət eləsin". 

Qeyd edək ki, mərhum üçün Heydər məscidində il mərasimi keçirilir.

 Allah rəhmət eləsin!

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR