Onlayn ictimai-siyasi qəzet
Instagram-da canlı yayımla bağlı yeni qadağa gündəm olub.
Musavat.com xəbər verir ki, "Meta" şirkəti Instagram platformasında yeniyetmə istifadəçilərlə bağlı yeni təhlükəsizlik qaydalarını tətbiq etməyə başlayır.
Yeni qaydalara əsasən, artıq 16 yaşdan kiçik istifadəçilər valideynlərinin icazəsi olmadan Instagram-da canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər.
"Meta" bu yeniliyi platformada gənc istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə həyata keçirdiyini bildirib. Şirkət tərəfindən yayılan açıqlamada qeyd olunub ki, valideyn icazəsi olmayan 16 yaşdan kiçik şəxslərin həm canlı yayım funksiyasına çıxışı məhdudlaşdırılacaq, həm də şəxsi mesajlarda (DM-lərdə) “avtomatik bulanıqlaşdırma” funksiyasını deaktiv etmək imkanları olmayacaq. Mesajlarda çılpaqlıq ehtiva edən görüntülərin bulanıqlığını aradan qaldırmaq üçün valideyn razılığı tələb olunacaq.
Qeyd edək ki, "Avtomatik bulanıqlaşdırma" funksiyası, şəxsi mesajlar vasitəsilə göndərilən qeyri-münasib və ya zərərli şəkillərin görüntüsünü avtomatik olaraq bulanıq hala gətirir. Bu funksiyanın dəyişdirilə bilməməsi, yeniyetmələrin onlayn təhlükəsizlik səviyyəsinin artırılması üçün vacib addım hesab olunur.
Bundan əlavə, "Meta" şirkəti “Yeniyetmə hesabları” adlı təhlükəsizlik funksiyasını Facebook və Messenger platformalarında da genişləndirməyi planlaşdırır. Bu funksiya valideyn nəzarəti alətlərini, məzmun filtrlərini və istifadə qaydalarına uyğun təcrübə yaratmaq üçün digər təhlükəsizlik tədbirlərini özündə birləşdirir.
Bu yeniliklər yaxın aylarda ABŞ, İngiltərə, Kanada və Avstraliyada test rejimində tətbiq ediləcək. Sınaq mərhələsinin nəticələrinə uyğun olaraq, qaydaların digər ölkələrə də şamil olunması gözlənilir.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ