İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizin ən kasıb adamları kəndlərdə yaşayır

Ekspertlər “yoxsulları düz saymırıq” deyirlər...

Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi açıqlanıb. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2022-ci ilin yekununda Azərbaycanda yoxsulluq səviyyəsi 0,5 faiz bəndi azalaraq 5,9 faizdən 5,5 faizə düşüb. Ötən il yoxsulluq həddi 204,7 manatdan 229,6 manata yüksəlib.

2022-ci ildə Azərbaycanda əhalinin sayı 10 milyon nəfərdən bir qədər artıq olduğunu nəzərə alsaq, məlum olur ki, ötən il əhalinin 555 min nəfərdən bir qədər çoxu yoxsul olub. 2021-ci ildə yoxsul əhalinin sayı 590 mindən çox idi.

Son illərdə ən yüksək yoxsulluq səviyyəsi 2020-ci ildə qeydə alınmışdı. Həmin tarixdə əhalinin 6,2 faizi yoxsul vəziyyətində idi. Ölkəmizdə ən aşağı yoxsulluq səviyyəsi isə 2019-cu ildə qeydə alınıb. 2019-cu ildə əhalinin 4,8 faizi yoxsul olub.

2022-ci ildə baş verən mühüm dəyişikliklərdən biri qadınlar arasında yoxsulluğun kişilərə nisbətən daha sürətlə azalmasıdır. Əvvəlki illərdə qadınlar arasında yoxsulluq səviyyəsi kişilərlə müqayisədə daha yüksək olurdu. Amma 2022-ci ildə vəziyyət dəyişib. Ötən ilin nəticələrinə əsasən, kişilər arasında yoxsulluq səviyyəsi 5,9 faizdən 5,6 faizə, qadınlar arasında 6 faizdən 5,1 faizə geriləyib.

Ölkəmizdə ən yüksək yoxsulluq səviyyəsi isə kənd yerlərindədir. Kənd yerlərində son 3 ildə yoxsulluq səviyyəsi yüksəlir. 2020-ci ildə kənd yerlərində yoxsulluq 5,2 faizdən 7,3 faizə yüksəlib. Növbəti illərdə artım davam edib və 2021-ci ildə 7,8 faizə, 2022-ci ildə 8,6 faizə çatıb. Şəhər yerlərində isə yoxsulluq səviyyəsi 5,3 faizdən 2,9 faizə düşüb.

Qeyd edək ki, Azərbaycanda yoxsulluğu hesablamaq məqsədilə 1992-ci ildə “Minimal istehlak büdcəsi haqqında” Qanun qəbul edilib. Həmin dövrdə ölkə üzrə istehlak büdcəsinin məbləği orta əməkhaqqı səviyyəsindən yüksək oludğuna görə əhalinin mütləq əksəriyyətinin yoxsul olması anlamına gəlirdi. Dünya Bankının 1995-ci ildə apardığı hesablamada Azərbaycanda əhalinin 62 faizinin yoxsul olduğu üzə çıxmışdı. Kəskin yoxsulluqdan əziyyət çəkənlərsə ölkədə hər beş nəfərdən biri, yəni əhalinin 20 faizi idi.

2000-ci illərin əvvəllərində ölkədə yoxsulluğun ölçülməsinə yanaşma dəyişdi. Bu dövrdən sonra artıq hökumət yoxsulluğu ölçməkdən ötrü DSK-nın hazırladığı “Ev təsərrüfatlarının müayinəsi” sənədinə istinad edirdi. Bu yanaşmaya görə, rifah göstəricisi kimi adambaşına düşən istehlak xərclərinin həcmi götürüldü. Belə hesablama əsasında 2001-ci ildə ölkə üçün yoxsulluq səviyyəsinin 49 faiz olduğu müəyyənləşdirilmişdi.

2003-cü ildə Azərbaycanda “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” qəbul edilib. Daha sonra 2008-ci ildə ikinci proqram  -"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"n icrasına başlanıb.

Hazırda istifadə edilən yanaşmaya görə, yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi üçün öncə ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali sayılır.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi də 246 manat təsdiqlənib. Bu isə o deməkdir ki, cari ilin yekununda rəsmi statistika yoxsulluq səviyyəsinin daha kəskin azalmasını əks etdirən göstərici açıqlayacaq.

Onu da qeyd edək ki, yoxsulluq səviyyəsinə görə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən daha irəlidədir. Belə ki, ABŞ-da ev təsərrüfatlarının orta illik gəlirindən aşağı qazancı olan şəxslər kasıb hesab olunur. Belə şəxslər 2021-ci ildə ölkə əhalisinin 11,2 faizini(37,9 milyon nəfər) təşkil edib. 2021-ci ildə orta illik gəlir 69 min dollar təşkil edib.

2023-cü il üçün ABŞ-da yaşayış minimumunun həcmi ştatlardan asılı olaraq illik 43-61 min dollar müəyyən olunub.  Bu il üçün 1 saatlıq əmək haqqının minimum məbləği 7,25 dollardır. Heç bir ştatda bundan aşağı məbləğlə işçi işlətmək mümkün deyil, amma ondan yüksək mümkündür və əksər ştatlarda realdır. Hazırda ölkə üzrə 1 saatlıq iş üçün orta əmək haqqı 26,4 dollardır.

Avropa Birliyində 2022-ci ilin sonunda 95,3 milyon nəfərin - ümumi birlik ölkələri əhalisinin 22 faizi yoxsulluq həddində yaşayır. Avropa Birliyində aylıq gəliri orta əmək haqqının 60 faizindən aşağı olanlar yoxsul sayılır. Əmək haqqının həcminə görə Birlik ölkələrində yoxsulluq həddi müxtəlifdir. Məsələn, Almaniyada aylıq gəliri 2421 avrodan(ölkə üzrə oprta aylıq əmək haqqının- 4035 avronun 60 faizindən), Polşada isə 753 avrodan(1255 avronun 60 faizindən) aşağı olanlar yoxsul hesab edilir. Ən yüksək yoxsulluq səviyyəsi Rumıniyada 34 faiz, Bolqarıstanda 32 faiz, Yunanıstan və İspaniyada 26 faizdir. Ən az yoxsullar isə Çexiyada 12 faiz, Sloveniyada 13 faiz, Polşada 16 faizdir. Fransada bu göstərici 21 faiz, Almaniyada 20,9 faizdir.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda orta aylıq əmək haqqı 921,9 manat təşkil edir. Bu həcmin 60 faizi 553.1 manatdır. Azərbaycanda yoxsulluğun hesablandığı yaşayış minimumu isə bu göstəricidən 2 dəfədən də çox aşağıdır...

Natiq Cəfərli: "Sanki “Pegasus” deyil, “Yezidus”dur Pravda.az

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda yoxsulluq həddi çox aşağı götürülür: “Biz dəfələrlə çağırış etmişik ki, qiymətləndirmə indikatorlarını dəyişmək lazımdır. Dünyada çox geniş yayılmış yanaşma budur ki, aylıq gəlirinin 20 faizindən yuxarısını ərzağa xərcləyən şəxs yoxsul sayılır. Azərbaycanda əhali gəlirinin 50 faizindən çoxunu ərzağa xərcləyir. Bu, ölkədə yoxsulluğun yüksək olmasından xəbər verir. Yəni Azərbaycanda yoxsulluğun qiymətləndirilməsi meyarları, tətbiq olunan indikatorlar ciddi şəkildə təkmilləşdirilməlidir”.

Ekspertə görə, Azərbaycanın kənd yerlərində yoxsulluğun yüksək olması təbiidir: “Kənd yerlərində işsizlik yüksək, əmək haqqı isə aşağıdır. Əhalinin gəlirləri şəhərlərdən kəskin azdır. Buna görə də yoxsulluq səviyyəsi daha yüksəkdir”.

Regionlarda əhalinin dah yoxsul olduğu bir sıra göstəricilərdən də aydın görünür. Belə ki, rəsmi statistikaya əsasən 2023-cü ilin birinci yarısında Azərbaycanda Əhali tərəfindən 2 milyard 527,7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox təbii qaz istehlak edilib. Bu həcmin 38,6 faizi Bakı şəhərinin,  2,8 faizi Naxçıvan Muxtar Respublikasının, 11,3 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,0 faizi Quba-Xaçmaz, 4,9 faizi Şəki-Zaqatala, 4,5 faizi Qarabağ, 3,6 faizi Mil-Muğan, 3,4 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşüb. Qaz sərfiyyatındakı bu mənzərə regionlarda qazlaşma səviyyəsini aşağı olması ilə yanaşı həm də əhalinin şəhərlərə nisbətən kasıb olmasının nəticəsi kimi qiymətləndirilir.

Ekspert: “Azad ticarət zonası Azərbaycanın ixrac həcminin artmasını  şərtləndirə bilər” - 03.05.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-eskpert Rəşad Həsənova görə də Azərbaycanda yoxsulluğu müəyyən edən indikatorlar mübahisələndirilməlidir: “2022-ci ildə yoxsulluq həddi aylıq gəliri 229 manatdan aşağı olan qruplara şamil edilib. Bu, əvvəlki illə müqayisədə 12,1 faiz artıqdır. Lakin bildiyiniz kimi, 2022-ci ildə ölkədə inflyasiya 13,9 faiz, ərzaq inflyasiyası isə 20 faizin üstündə olub. Nəzərə alsaq ki, yoxsulluq həddinin tərkibində ərzaq məhsullarının dəyəri mühüm yer tutur, onda 2022-ci ildə yoxsulluq həddinin 12,1 faiz artması şübhə doğurur. Digər tərəfdən, Azərbaycanda yoxsulluğun inkişaf etmiş ölkələrdən daha aşağı səviyyədə olması ciddi suallar doğurur. Qardaş Türkiyədə iyun ayında 4 nəfərlik ailə üçün yoxsulluq həddi 30 min TL təşkil edib. Bu, manatla götürdükdə, 2500 manat - 1500 dollar civarında bir məbləğdir. Subay adamlar üçün yoxsulluq həddi 1000 dollar həcmində götürülür. Yəni belə yüksək məbləğli hədlə götürdükdə, yoxsulluq səviyyəsi Azərbaycandan daha yüksəkdir. Əlbəttə, bu real bir mənzərə deyil. Çünki Azərbaycanda yoxsulluq həddi kimi götürülən məbləğ reallıqda aclıq həddinə uyğundur”.

Ekspert bildirir ki, regionlarda əhalinin məşğulluğunda kənd təsərrüfatının payı çox yüksəkdir: “Çünki kənd təsərrüfatı əmək haqqının ən aşağı olduğu sahələrdən biridir. Regionlarda məşğulluqda digər mühüm pay dövlət sektoruna məxsusdur ki, burada da yüksək gəlir əldə edilməsi mümkün deyil. Regionlardakı bu vəziyyət müstəqillik dövründə regionlardan Bakıya kəskin miqrasiyanın əsas səbəbidir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR