İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə onlayn qumara görə həbslər - Evlər yıxılır, ailələr müflis olur...

Hüquq-mühafizə orqanları bu yöndə tədbirlər görsələr də, hələ də virtual azart genişlənməkdədir; sosial mediada reklamı, saxta “qazanc hekayələri”...

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvlərini saxlayıb. Qeyd olunur ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub.

Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “fastloto.com” və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino” və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib. Son illər onlayn qumar geniş vüsət alıb. Bu səbəbdən xeyli sayda insan müflis olub, evini, avtomobilini, bütün əmlakını satmaq məcburiyyətində qalıb. Hüquq-mühafizə orqanları bu yöndə tədbirlər görsələr də, hələ də virtual qumar genişlənməkdədir.

Təəssüf ki, gənclər bu tələyə düşürlər və əvvəlcə qazandıqları onları şirnikləndirir, sonra da itirməyə başlayırlar. Hətta bu səbəbdən intihar edənlər də az deyil. Ona görə də bu istiqamətdə kompleks tədbirlər görülməsinə zərurət var. Azərbaycanda son illərdə sosial mediada qanunsuz mərc oyunlarının reklamı, saxta “qazanc hekayələri” və təsiredici vizual görüntülərlə bəzədilmiş paylaşmalar gənclərin bu oyunlara marağını artırır. Çox vaxt işsiz və ya maddi çətinliklə üzləşən insanlar asan qazanc ümidi ilə bu oyunlara qoşulur, lakin nəticədə daha dərin borclanma, ailədaxili gərginlik və psixoloji sarsıntı ilə üzləşirlər. Bu prosesin qarşısını tam almaq, həmin saytlara girişi bloklamaq mümkündürmü?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Daxili İşlər Nazirliyinin son aylar ərzində həyata keçirdiyi uğurlu əməliyyatlar göstərdi ki, ölkə daxilində və xarici serverlər üzərindən idarə olunan yüzlərlə sayt Azərbaycan vətəndaşlarını bu virtual qumar “bataqlığına” cəlb edir: “Əslində, qanunvericilik mövqeyi birmənalıdır, Azərbaycanda qumar oyunları qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-cü maddəsində bu açıq şəkildə yazılıb. Amma faktlar onu deməyə əsas verir ki, reallıq tamam başqadır. Onlarla, yüzlərlə sayt bu gün də aktivdir. İnformasiya resurslarının bloklanması ilə bağlı hüquqi əsaslar mövcuddur. Qanun pozan şəxslər saxlanılır, iş materialları toplanır, bəziləri həbs olunur. Amma bu, sadəcə aysberqin görünən hissəsidir. Xüsusilə gənclər bu bataqlığa düşür. Çünki alternativ yoxdur. Təhsil var, amma gəlir gətirmir. İş var, amma maaş kifayət etmir. Xaricdə yaşayan influencerlərin ”bir gecədə 10 min qazandım" videosu isə gənci virtual mərc saytına aparır".

Natiq Ələsgərov deyib ki, ən təhlükəli cəhətlərdən biri də budur ki, bu mərc oyunlarına girişin əsas kanalı bank kartlarıdır: “Yəni burada yalnız fərdi şəxs yox, bank sektoru da məsuliyyət daşıyır. Əgər bir şəxs xarici qumar saytına ayda 10-20 dəfə pul köçürürsə, bu artıq şübhəli əməliyyatdır və bank AML (anti-money laundering) və KYC (know your customer) prinsiplərinə əsasən bu tranzaksiyaları monitorinqə götürməlidir. Amma banklar ya görmür, ya da görməzliyə vurur”.

NATİQ.jpeg (75 KB)

Natiq Ələsgərov

Natiq Ələsgərov deyib ki, texnoloji nəzarət sistemləri gücləndirilməlidir: “Əvvəllər kazinoların qapısı yalnız müəyyən kəsim üçün açıq idisə, bu gün hər evin, hər smartfonun içində ”Kral Kazino" adlı uçurum yerləşir. Buraya düşmək üçün cəmi bir klik kifayətdir. O klikdən sonra isə insanın həyatında “qazandım” sözündən daha çox “itirtdim” ifadəsi yer tutur. Ailələrin dağılması, borc bataqlığı, gənclərin psixoloji travmaları və intiharla nəticələnən sonluqlar sadəcə statistik rəqəm deyil, ictimai reallıqdır. Bu oyunların “asudə vaxt əyləncəsi” kimi təqdim olunması, sosial şəbəkələrdə gənclərə sırınması, açıq-aşkar psixoloji manipulyasiya və ictimai təhlükədir. Məsələ təkcə cinayət məsuliyyəti ilə həll olunmamalıdır. Burada ictimai maariflənmə, iqtisadi dəstək, təhsil siyasəti və dövlətin texnoloji müdafiə imkanlarının səfərbərliyi vacibdir. Bu problem həm də bank sektorunun susqunluğunda kök salır. Banklar müşahidə etməli olduqları pul axınlarını ya görmür, ya da bilərəkdən reaksiya vermir. Halbuki hər bir şübhəli tranzaksiya həm qanuni, həm də mənəvi olaraq reaksiya tələb edir. Əgər bir vətəndaş hər ay xarici kazinoya eyni miqdarda pul köçürürsə, bu, artıq təkcə onun problemi deyil, cəmiyyətin və maliyyə sisteminin problemidir. Onlayn qumar yeni nəsil narkotikdir. Asılılıq yaradır, ailələri parçalayır, dəyərləri məhv edir".

Natiq Ələsgərov deyib ki, buna qarşı mübarizə isə təkcə polis əməliyyatları ilə deyil, qəti qanunvericilik tədbirləri, rəqəmsal nəzarət sistemləri, maarifləndirmə kampaniyaları, psixoloji dəstək mərkəzləri və ictimai qınaqla aparılmalıdır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR