Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanda kriminal gərginlik səngimək bilmir. Armavir bölgəsində yenidən silahlı insident qeydə alınıb və nəticədə bir nəfər həyatını itirib.
Hadisə bu dəfə Araks kəndində baş verib. Yerli jurnalist Lia Sarkisyanın verdiyi məlumata görə, yaralanan Masis Asatryan xəstəxanada dünyasını dəyişib. Ermənistan Daxili İşlər Nazirliyi əvvəlcə hadisə barədə açıqlama verməsə də, daha sonra qurumun mətbuat katibi Narek Sarkisyan faktı təsdiqləyib və bildirib ki, atışma ilə bağlı bir nəfər saxlanılıb. Onun sözlərinə görə, qarşıdurma məişət zəminində yaranmış mübahisədən qaynaqlanıb.
Bu, son günlərdə Armavirdə baş verən ikinci qanlı insidentdir. Sentyabrın 23-də həmin bölgədə Parakar icmasının rəhbəri Volodya Qriqoryan güllələnərək öldürülmüşdü. Həmin olayda siyasi motivlərin ola biləcəyi ehtimal edilsə də, bu dəfə səlahiyyətlilər hadisəni sırf məişət zəminində yaranmış mübahisə ilə əlaqələndirirlər.
Bununla belə, qısa müddət ərzində eyni bölgədə iki silahlı toqquşmanın baş verməsi Ermənistanda cəmiyyəti ciddi şəkildə narahat edib. Artan kriminal gərginlik və silahlı qarşıdurmalar ölkənin hüquq-mühafizə sisteminin zəifliyini və təhlükəsizlik məsələlərinin yenidən müzakirə mövzusuna çevrildiyini göstərir.
Artıq bəzi yerli şərhçilər Armaviri yüksək kriminal aktivliyə görə “Qafqazın Siciliya”sı adlandırırlar.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ