İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə “atasız uşaqların” sayında qorxudan artım

Əhməd Qəşəmoğlu: “Kənd yerlərində nikahdankənar uşaqların sayının artma səbəbi budur ki... ”

Son illər Azərbaycanda rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayında ciddi artım baş verib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2021-ci ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı 17566 nəfər olub.

2022-ci ildə bu rəqəm bir qədər də artıb. Belə ki, həmin il nikahsız qadınlar 18814 uşaq dünyaya gətiriblər.

2022-ci ildə rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi körpələrdən 14646-nın anası 15-29 yaşında gənclər olub.

Rəsmi statistika göstərir ki, nikahsız qadınların dünyaya uşaq gətirməsi halları şəhər yeri ilə müqayisədə kənd yerində daha çox qeydə alınıb.

Belə ki, 2022-ci ildə şəhər yerində 7184 nikahdankənar uşaq doğulubsa, kənd yerində bu rəqəm xeyli çox  - 11630 nəfər olub.

Beləliklə, əvvəlki illərlə müqayisədə ölkəmizdə nikahdankənar doğulan uşaqların sayı artıb. Belə ki, 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 31 minə yaxın olub, növbəti illərdə azalma müşahidə edilib. Lakin 2021-ci ildən rəqəmlərdə yenidən artım başlayıb.

Qeyd edək ki, ölkəmizdə nikahdankənar doğumların sayını azaltmaq üçün maarifləndirici tədbirlər görülsə də, statistikanın artması görülən işlərin o qədər də nəticə vermədiyini göstərir.

Bəs ölkədə nikahdankənar uşaqların sayı niyə artan tendensiyada davam edir?

Bəzi ekspertlər hesab edir ki, indi bəzi gənclər rəsmi nikaha daxil olmağa o qədər də həvəsli deyil. Digər səbəb isə erkən nikahların sayının artması ilə əlaqələndirilir. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda 15-17 yaşlı 2011 qız ana olub. Bu da onu göstərir ki, 18 yaşı tamam olmayan qızların dünyaya uşaq gətirməsi halları əvvəlki (2021) illə müqayisədə artıb. Belə ki, 2021-ci ildə yeniyetmə anaların sayı 1650 nəfər olmuşdu.

Bəzi ekspertlər isə qeyd edir ki, son illər dini nikaha üstünlük artdığından rəsmi nikahların sayı azalmağa başlayıb. Belə ki, araşdıranda məlum olur ki, rəsmi nikaha girməyənlərin bir çoxunun dini nikahı var. Yəni insanlar hesab edir ki, onların ailə münasibətlərinin qorunub saxlanılmasında dini nikah kifayət edir. Həmçinin təkrar nikaha girənlər də var. Adətən təkrar nikaha girəndə bu nikahı rəsmiləşdirməyə həvəs göstərilmir.

Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələrdəki dil pəhləvanlarından cəmiyyətə ancaq  zərər gəlir”

 Əhməd Qəşəmoğlu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, əvvəllər də kənd yerlərində nikahdankənar doğulan uşaqların sayı kifayət qədər çox olub ki, bunun da öz səbəbləri olub: “Kənd yerlərində nikahdankənar uşaqların sayca çox doğulması təbiidir. Yəni mənim üçün bu məsələdə gözlənilməz, təəccüblü bir hadisə  yoxdur. Bu o demək deyil ki, kənd yerlərində insanlar daha sərbəstdir, kimin kefi nə cür istəyir, nikahsız birlikdə yaşayır. Məsələ belə deyil. Doğrudur, kənd yerlərində də belə hallarla rastlaşmaq olur, lakin kəndlərdə nikahdankənar uşaqların sayının çox olmasının əsas səbəbi budur ki, Azərbaycanın bir çox bölgələrində, xüsusən də cənub rayonlarında, Naxçıvanda, yəni İranla sərhəd olan ərazilərdə yaşayan insanlar əksər hallarda rəsmi nikaha girməyə o qədər də həvəsli olmur. Molla kəbin kəsir, bununla da məsələ bitmiş hesab olunur. Molla kəbini ilə qurulan ailələrdə doğulan uşaqlar nikahdankənar uşaqların siyahısına düşür. 

Əvvəllər də bu cür hallar olurdu. Məsələn, xatırlayıram ki, 16-17 yaşım olardı, bir dəfə kənddə hay-küy düşdü ki, kənd camaatının əksəriyyətinin rəsmi nikahı yoxdur. Pensiya ilə bağlı hansısa sənədləşmə işi lazım gəlirdi, ona görə də camaat gedib məcburən rəsmi nikaha düşürdü. Təsəvvür edin, 16-17 yaşında yeniyetmələr, gənclər var idi ki, onların ata-anası rəsmi nikah qeydiyyatına düşürdülər və biz də zarafatla onları təbrik edirdik ki, gözünüz aydın, ata-ananız evlənir. 

O ki qaldı şəhər yerlərində də nikahdankənar uşaqların sayının artması məsələsinə, deyə bilərəm ki, mənəvi aşınma prosesi gedir. Şəhər yerlərində nikahdankənar doğulan uşaqların yalnız bir qismi molla kəbini ilə qurulan ailələrdəndir, digər  qismi sərbəst yaşayış tərzinə üstünlük vermək, məsuliyyətdən qaçma, səhlənkarlıq hallarının nəticəsidir".

Sosioloq qeyd edib ki, hazırda ölkədə ailə məsələsi ilə bağlı ciddi işlərin aparılmasına böyük ehtiyac var: “Çox təəssüf ki, aidiyyəti qurumların heç biri mənim  bu məsələdə SOS çağırışlarımı eşitmir və yaxud eşitmək istəmirlər. Bu gün ailə institutu ilə ciddi məşğul olacaq mərkəzlərə ehtiyac var. Hazırda ailə institutunun qorunub saxlanılması ilə bağlı hansısa elmi tədqiqatlar aparılırmı? Əlbəttə ki, aparılmır. Halbuki məktəblərdə, institutlarda ailə institutu ilə bağlı maarifləndirici işlər görülməli, ailə dəyərləri yüksək səviyyədə təbliğ olunmalı, xoşbəxt ailələrlə bağlı televiziyalarda verilişlər hazırlanmalıdır. Yəni xeyli  iş görmək lazımdır. Biz isə bu işləri görmürük, ancaq kənardan  baxıb, bu cür problemlərin, boşanmaların, nikahdankənar uşaqların sayının artma səbəbini aydınlaşdırmağa çalışırıq. 

Hesab edirəm ki, ölkədə çox ciddi sosial iş xidmətləri olmalıdır. Həmin sosial iş xidmətləri ailələrlə sıx əlaqədə olmalı, işləməlidirlər. Yalnız bu halda hansısa uğurlu nəticə əldə etmək mümkündür".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR