İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu reytinq agentliyi Azərbaycanla bağlı proqnozunu təzələdi - gözlənti

Qarabağa yatırımlar ölkəmizin qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyəcək

Azərbaycan üzrə makroiqtisadi proqnozlarında beynəlxalq qurumlar və digər agentliklərlə müqayisədə daha bədbin olan “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü il üçün ölkəmizdə gözlənilən Ümumi Daxili Məhsulun (ÜDM) real artım proqnozunu 1,5 faizdən 2,5 faizə yüksəldib.

Agentlik Azərbaycanın yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli emitentin defolt reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib, ölkə üzrə proqnozunu stabil saxlayıb. Agentliyin açıqladığı hesabatda bildirilir ki, Azərbaycanın güclü fiskal və xarici ehtiyatları suveren reytinqini dəstəkləyir: “Hökumət Dövlət Neft Fondunda əhəmiyyətli likvid aktivlər toplayıb. Biz hökumətin 2027-ci ilə qədər ÜDM-in təxminən 70 faizini təşkil edən likvid aktivlərə çıxış əldə edəcəyini və ümumi dövlət borcunun ÜDM-in 20 faizi ətrafında sabitləşəcəyini proqnozlaşdırırıq. Gözləyirik ki, Azərbaycanın qarşıdakı üç il ərzində ikiqat fiskal və cari əməliyyatlar hesabında profisit davam edəcək. Bu zaman biz neftin 2024-cü ilin qalan hissəsi üzrə müəyyən etdiyimiz 85 dollar, sonrakı dövr üçün 80 dollar qiymət proqnozuna əsaslanırıq”.

S&P analitiklərinə görə, 2025-ci ildə Azərbaycanda 2 faiz, 2026-2027-ci illərdə isə 1,5 faiz iqtisadi artım olacaq. Bu zaman Azərbaycanın nominal ÜDM-i 2024-cü ildə 76,08 milyard dollar, 2025-ci ildə 77 milyard dollar, 2026-cı ildə 79 milyard dollar və 2027-ci ildə 82 milyard dollar olacaq.

Agentlikdə hesab edirlər ki, neft hasilatının gözləniləndən daha sürətli azalması, Azərbaycanın büdcə balansının ortamüddətli dövrdə gözləniləndən daha çox pisləşməsi reytinqin endirilməsinə səbəb ola bilər. Bundan əlavə, karbohidrogenlərin satışından əldə olunan gəlirlərin azalması digər ölkələrlə müqayisədə bütövlükdə Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir göstərə bilər. Əksinə, regionda geosiyasi risklər azalarsa və Azərbaycan fiskal ehtiyatları cari proqnozlardan kənara çıxarsa, reytinqin yüksəldilməsi nəzərdən keçirilə bilər.

Agentlik manatın məzənnəsinin sabit qalacağını gözləyir: “Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq. Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi, əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”.

S&P analitikləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı ÜDM-in təxminən 50 faizini, məhsul və xidmətlər ixracının 80 faizini təşkil edən neft-qaz sektorunda cəmləşib: “Nəticədə Azərbaycan karbohidrogen qiymətlərində potensial mənfi dəyişikliklərə qarşı həssas olaraq qalır. Məsələn, 2015-ci ildə neft qiymətlərinin aşağı düşməsi nəticəsində Azərbaycanın büdcə kəsiri ÜDM-in 7 faiz bəndindən çox eniş edib, cari əməliyyatlar hesabının ÜDM-də payı 14 faiz bəndi zəifləyib, xalis ehtiyatlar yarıdan çox azalıb, əmanətlər dollara çevrilib və milli valyuta devalvasiyaya uğrayıb. Hesab edirik ki, Azərbaycanın bufer ehtiyatları əhəmiyyətli dərəcədə olsa da, onun təmərküzləşmiş iqtisadiyyatını əsas ixrac qiymətlərinin düşməsinin təsirindən tam qoruya bilməz. Xüsusən də neft hasilatındakı struktur azalmaları bu qoruyucu buferlərin miqyasını daha da məhdudlaşdırdığı halda belə enişlər davamlı olarsa”.

“S&P” 2024-2027-ci illərdə Azərbaycanın iqtisadi artımının orta hesabla təxminən 2 faiz olacağını proqnozlaşdırır və bu da karbohidrogen hasilatı sahəsində durğunluğu və qeyri-neft sektorunda ildə 3-4 faizlik artımı əks etdirir. Agentlik ekspertləri qeyd edirlər ki, Qarabağa yatırımlar Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyəcək: “2024-cü ilin ilk dörd ayı ərzində Azərbaycanın iqtisadi artımı daha güclü dinamika nümayiş etdirib: neft sektorunda azalmanın baş verdiyi fonda əsasən qeyri-neft sektoru hesabına real ÜDM illik müqayisədə 4,3 faiz artıb. 2023-cü ildə bu göstərici 1,1 faiz olub. 2024-cü ilin yanvar-aprel aylarında yük və sərnişin daşımalarının, informasiya-kommunikasiya xidmətlərinin və pərakəndə ticarət dövriyyəsinin genişləndirilməsi hesabına qeyri-neft sektoru 8 faizə yaxın artıb. Biz həmçinin tikinti sektorunda güclü artımı qeyd edirik. Bu isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qoyulan investisiyaları əks etdirir. Qarabağla bağlı investisiyalar qeyri-neft sektorunda artımı dəstəkləyir. Biz qeyri-neft sektorunun ortamüddətli perspektivdə hər il 3-4 faiz artacağını gözləyirik. Struktur islahatları və davamlı iqtisadi şaxələndirmə səyləri, fikrimizcə, məhdudlaşdırılıb ki, bu da daha sürətli inkişafa maneə yaradır”.

Qeyd edək ki, ötən il S&P Azərbaycanda durğunluq olacağı, iqtisadi artımın baş verməyəcəyini proqnozlaşdırmışdı. Lakin ilin yekununda 1,1 faizlik artım qeydə alındı. Bu baxımdan, agentliyin bu illə bağlı 2,5 faizlik gözləntilərinin ilin yekununda daha yüksək rəqəmlə ifadə olunacağı daha gözləniləndir. 

Yeri gəlmişkən, may ayında Azərbaycan İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60,0 ABŞ dollarından 75,0 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70,0 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza  nəzərən 15,0 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır. 

İqtisadiyyat Nazirliyinin gözləntiləri bu il Azərbaycan iqtisadiyyatının 3,8 faiz artmasını nəzərdə tutur. O cümlədən neft sektorunda 0,8  faiz, qeyri-neft sektorunda isə 5 faizdən çox artım gözlənilir. Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsi hazırlanarkən İqtisadiyyat Nazirliyi dünya bazarında neftin orta qiymətinin 60 dollar təşkil etməsi şəraitində Azərbaycanda ÜDM artımını 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz səviyyəsində proqnozlaşdırmışdı.

Göründüyü kimi, hökumətin iqtisadi artım proqnozu bir qədər artırılıb. Rəsmi statistika göstərir ki, Azərbaycanda iqtisadi artım sürətlənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38 milyard 181,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.  Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 faiz artıb.

S&P bu il Azərbaycanda orta illik inflyasiyanı 3 faiz səviyyəsində proqnozlaşdırır ki, bu da agentliyin 2024-cü ilin aprel proqnozundan 0,5 faiz bəndi azdır. Agentliyin 2025-2027-ci illər üçün orta illik inflyasiya gözləntiləri də 3 faiz üzərindədir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7  faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətində 0,7 faiz azalma, qeyri-ərzaq məhsullarının qiymətində 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin dəyərində isə 2,4 faiz artım olub. 

Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 faiz səviyyəsində proqnozlaşdırır. 2023-cü ildə bu göstərici 8,8 faiz təşkil edib.

Maraqlıdır ki, Azərbaycanda inflyasiya gözləntilərində beynəlxalq qurumlar “S&P Global Ratings”dən daha bədbindir. Belə ki, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 faiz, 2025-ci ildə 5 fauz, 2029-cu ildə isə 4 faiz təşkil edəcək. Dünya Bankı ölkədə inflyasiyanın 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz olacağını gözləyir. Asiya İnkişaf Bankının proqnozlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,5 faiz, 2025-ci ildə isə 6,5 faizə yüksələcək.

Niderlandın “ING Group”u Azərbaycanda orta illik inflyasiyanın 2024-cü ildə 1,6 faiz, 2025-ci ildə 3,8 faiz, 2026-cı ildə isə 4,2 faiz olacağını proqnozlaşdırır.

S&P həmçinin Azərbaycanda işsizlik səviyyəsinin 5 faizdən 4,5 faizədək azalacağını gözləyir. Agentliyin proqnozuna görə, bu il işsizlik səviyyəsi 4,7 faizə, 2025-ci ildə isə 4,5 faizə enəcək, 2026 və 2027-ci illərdə isə dəyişməz olaraq qalacaq.

Müqayisə üçün qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5 faiz proqnozlaşdırıb.

S&P Azərbaycanda ÜDM-in formalaşmasında mühüm payı olan neft-qaz hasilatına dair proqnozunu da açıqlayıb. Agentlik ekspertləri hesab edirlər ki, Azərbaycanın qaz hasilatı illik 35-36 milyard kubmetr civarında sabitləşib. Onlar qeyd edirlər ki, Şahdəniz II əsas qaz yatağında (yaylada təxminən 16 milyard kubmetr hasilat) hasilat başlandıqdan sonra 2018-ci ildən Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. Türkiyə və Avropaya qaz nəql edən iki əlaqəli boru kəməri 2019 və 2020-ci illərdə istismara verilib. 2023-cü ilin iyul ayında TotalEnergies və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə idarə etdiyi daha kiçik Abşeron qaz-kondensat yatağında (təxminən 1,5 milyard kubmetr) hasilat başlanıb: “Nəzərə alsaq ki, hasilat artımının böyük əksəriyyəti artıq baş verib, biz hesab edirik ki, Azərbaycan bir neçə il saxlanılacaq qaz hasilatının pik həddə çatmasına yaxınlaşır”.

Agentliyə görə, Azərbaycanın neft hasilatı 2027-ci ilədək sutkada orta hesabla 650 min barel səviyyəsində qalacaq. Bildirilir ki, son illərdə Azəri-Çıraq-Günəşli kimi əsas neft yataqları köhnəlməkdə davam etdikcə hasilat sabit azalma tendensiyası nümayiş etdirir və 2019-cu ildəki sutkalıq 790 min bareldən 2023-cü ildə 650 min barelə enib: “Bunun nəticəsidir ki, Azərbaycan OPEC+ tərəfindən ona ayrılan kvotadan aşağı hasilat həyata keçirir. Biz növbəti bir neçə ildə neft hasilatında müəyyən stabilləşməni gözləyirik, çünki bəzi yataqlarda davam edən azalma digərlərində kiçik tutum əlavələri ilə kompensasiya ediləcək. Uzunmüddətli dövrdə isə neft hasilatı azalmağa davam edəcək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR